Ölüm maskaları mövzusu Azərbaycan ictimaiyyəti və sənətşünaslıq elmi üçün nə qədər yeni olsa da, onun bədii-tarixi bir məsələ kimi digər xalqların həyatında çoxdan mövcudluğu danılmazdır. Məlumat üçün bildirək ki, bu gün ölüm maskası hər hansı bir adamın dünyasını dəyişməsindən sonra malik olduğu cizgilərin heykəltrəraş tərəfindən gips və yaxud digər plastik materialda əbədiləşdirilməsi kimi başa düşülür.
Əslində qədimlərdə belə ilkin və nisbətən daha kövrək materialdan hazırlanmış surətlər onların sonradan daha möhkəm – qızıl, bürünc, tunc və s. materiallarda əbədiləşdirilməsi üçün forma rolunu oynamışdır. Əlavə edək ki, qədim zamanlarda hələ balzamlama texnikası insan üzünün qorunmasını təmin edə bilməyəndə, mərhumun çöhrəsini qızıldan, ağacdan və s. materialdan düzəldilmiş rəmzi dəfn maskası ilə örtərdilər. Bu adətin bir çox xalqların həyatında yer alması da heç şübhəsiz həm mövcud ənənədən, həm də mərhumun xatirəsinə olan ehtiramdan irəli gəlirdi. Qeyd edək ki, ilkin maskaların əksər hallarda ölən adama bənzəyişi çox az olardı, onun rəmziliyi də elə buradan qaynaqlanırdı. Amma heykəltəraşlığın inkişafı ilə bu maskaların tədricən ölən adamla oxşayışı da əldə olundu və bu da gələcəkdə onların heykəl, büst və memorial abidəsinin hazırlanması prosesi üçün hazırlıq materialına çevrildi. Odur ki, professional heykəltəraşlar tərəfindən hazırlanmış ölüm maskaları həm də sənət nümunələri hesab olunurlar…
Haqqında söz açdığımız prosesə aydınlıq gətirmək üçün deyək ki, bir-neçə yardımçı maddənin (vazelin, gips və s.) köməyi ilə mərhumun malik olduğu cizgləri dəqiqliyi ilə materialda əbədiləşdirmək mümkündür. Bu prosesdə kiçik istisnalar da olur. Belə ki, bəzən ölmüş insanın sağ ikən simmetrik olmayan əzaları normal görkəm ala bilir, çox vaxt isə artıq cansız olan əzələlərin zəifləməsindən sonra üzün şaquli ölçüləri bir qədər kiçilir, təhrif olunur…
Müxtəlif dövrlərdə bu maskalara münasibət də dəyişkən olmuşdur. Keçmiş zamanlarda sonradan qızıl materiala köçürülmüş bu maskalar müxtəlif tayfaların inamlarına müvafiq mərhumun çöhrəsini yaman ruhlardan qoruyar, bəzən də onun tanınmamasınıa kömək edərdi. Sonradan bu məsələdə də dəyişikliklər baş vermiş və heykəltəraşlar həmin maskaların mərhumun təravətini itirməkdə olan üz cizgilərini bütün dəqiqliyi ilə materialda əbədiləşdirməyə çalışmışlar. Bu yerdə deyək ki, müasir dövrün ölüm maskaları qiymətli materiallardan daha çox, sadə və cizgilərin incəliyini daha qabarıq göstərmək üçün daha münasib olan gips və kəcdən hazırlanırlar…
Onun yaranma tarixinin neolit dövrünə gedib çıxmasını, Qədim Misir, Antik Yunanıstan və Romada geniş yayılmasını nəzərə almaqla yanaşı, bu ənənənin bizim günlərdə də davam etdiyini vurğulamaqla, bu baxımdan onun barəsində söz açmağımızın səbəbsiz olmadığını vurğulamaq istəyirik. Bunu şərtləndirən əsas səbəb Azərbaycanda da ölüm maskalarının mövcudluğu və geniş ictimaiyyətin onlarla tanış olmamalarıdır. Düzdür, bizim məkanda yaradılan maskalar dünyanın bir çox xalqlarında olduğu kimi qədim tarixə malik deyildir. Amma hər halda onların Azərbaycan elm, ədəbiyyat və incəsənət tarixində mühüm yer tutan görkəmli şəxsiyyətlərlə bağlı olması istər-istəməz hər kəsdə maraq doğurur.
Bu yerdə deyək ki. bizim dövrə dünyanın bir çox məşhurlarının – Tutanxamon, Dante, Şopen, Bethoven, Şekspir, Napaleon, L.Tolstoy, Puşkin, Lenin, Qoqol, Turgenev, Bulqakov, Axmatova və Vısotski ilə yanaşı, Azərbaycanın görkəmli simalarından sayılan C.Cabbarlı, N.Nərimanov, Ü.Hacıbəyli, Y.Məmmədəliyev, Bülbül, S.Vurğun, Q.Qarayev, M.Arif, M.Topçubaşov, M.Mərdanov, M.S.Ordubadi, R.Mustafayev və H.Zeynalovun ölüm maskaları gəlib çatmışdır…
Azərbaycanlılar arasında ilk ölüm maskasının yaranması görkəmli dövlət xadimi, yazıçı-dramaturq Nəriman Nərimanovun (1870-1925) adı ilə bağlıdır. Bu gün qətiyyətlə demək olar ki, N.Nərimanovun o vaxtlar SSRİ-nin ilk dövlət başçılarından biri, MİK-in sədri (1922-1925) olması onun ölüm maskasının çıxarılmasını şərtləndirmişdir. Novruz bayramı ərəfəsində – martın 19-da müəmmalı şəkildə dünyasını dəyişən N.Nərimanovun üz cizgilərini gipsdə əbədiləşdirmək heykəltəraş Qriqori İvanoviç Kepinova (əsl adı Qriqor Ovanesoviç Kepinyandır) həvalə olunub. Bu işin Tiflisdə doğulan (1886-1966) və milliyyətcə erməni olan, sonradan Moskvada məskunlaşan və RSFSR-nin əməkdar incəsənət xadimi fəxri adına layiq görülən bir heykəltəraşa tapşırılmasının özü də maraqlı məsələdir. Fəaliyyəti boyu daima erməni məkri ilə qarşılaşan 54 yaşlı N.Nərimanovun cəsədi ilə təkbətək qalan Kepinyanın hansı hisslərə bələndiyini ehtimal etmək olar… Silahdaşlarının “Şərq xalqlarının ilk qurbanı” kimi dəyərləndirdikləri N.Nərimanovun artıq dünyada olmamasının erməni heykəltəraşa necə təsir göstərdiyini söyləməkdə bir o qədər çətinlik çəkməsək də, deməliyik ki, onun müəllifi olduğu ölüm maskası ustalıqla hazırlanmışdır. Mərhumun üzündəki bütün cizgilər kifayət qədər dəqiqliklə bəyaz materiala hopdurulduğundan, plastik forma sanki gözümüz önündə yuxuya getmiş Nəriman Nərimanovu canlandırır, desək, yanılmarıq…
Əlavə edək ki, vaxtı ilə Mərkəzi Lenin muzeyinin Bakı filialında qorunan həmin maskanın bir nüsxəsi isə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Maraqlısı 1970-ci ildə muzeyə daxil olan və kəcdən hazırlanan maskanın müəllifinin məşhur rəssam T.Salahov olmasıdır. Bunu həm təbii, həm də təəccüblə qəbul etmək olar. Belə ki, əgər sənət tarixini izləməli olsaq, onda rəssamların bəzən heykəltəraşlıqla məşğul olmalarında təəccüblü bir şey görmərik.
Digər tərəfdən isə əgər sonrakı illərdə, daha dəqiq desək, 1982-ci ildə T.Salahovun məşhur Azərbaycan bəstəkarı Qara Qarayevin (1918-1982) də ölüm maskasının hazırlanmasında (bu maska hazırda Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində saxlanılır) iştirak etdiyini nəzərə alsaq, onda rast gəlinən faktı təbii saya bilərik. O vaxtlar Moskvada yaşayan və SSRİ Rəssamlar İttifaqının birinci katibi vəzifəsində çalışan T.Salahovun ölkənin paytaxtında dünyasını dəyişən həmyerlisi Q.Qarayevin ölüm maskasının çıxarılmasında iştirakı heç şübhəsiz inandırıcıdır. Əldə etdiyimiz bilgilərə görə o, bunu bir rus əsilli heykəltəraşla birlikdə hazırlayıb. Əlavə edək ki.həmin vaxt Q.Qarayevin ölüm maskası ilə yanaşı, onun əllərinin də surəti çıxarılıb. Başqa sözlə desək, bununla da tamaşaçı muzey ekspozisiyasında dahiyanə musiqi möcüzələri yaradan və onu not vərəqlərinə köçürən bəstəkar əllərini görmək imkanı əldə etmişdir…
1934-cü ildə qəfil vəfatı xüsusi hökumət qərarı ilə qeyd olunan dramaturq Cəfər Cabbarlının (1899-1934) xatirəsinə ehtiram olaraq onun ölüm maskasının çıxarılması bu sənəddə xüsusi bəndlə qeyd olunmuşdu. Bu iş o vaxtlar Bakıda çalışan yəhudi əsilli heykəltəraş Yakov Keylixisə həvalə olunmuşdu. Yerli heykəltəraş kadrların olmadığı bir şəraitdə bu seçim qaçılmaz idi. O, həm də Bakıda ilk azərbaycanlıya – dahi satirik şairimiz M.Ə.Sabirə ucaldılmış (1922) abidənin müəllifi kimi hamı tərəfindən tanınırdı. Qeyd etdiyimiz hökumət qərarının zamanında icrası nə qədər şübhə doğurmasa da, bizim günlərdə onu tapmaq çox müşkül məsələyə çevrildi. Bakıdakı bütün güman gələn yerlərə üz tutsaq da, C.Cabbarlının ölüm maskası tapılmadı….
Bunun əvəzində axtardığımız ünvanların birində – C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində tanınmış səhnə ustası Mustafa Mərdanovun (1894-1968) ölüm maskasını tapdıq. Təəssüf ki. 1968-ci ilin soyuq dekabrında hazırlanan maskanın müəllifini müəyyən etmək mümkün olmadı. Ancaq onun icraçısının ustalığı göz qabağında idi. Belə ki, görkəmli səhnə ustasının gözləri qapalı olsa da, onun çöhrəsinə hakim kəsilən gülümsərliyi duymaq o qədər də çətin deyildir. Dartılmış dodaqlarında, gözünün altındakı sifətinə oynaqlıq bəxş edən qırışlarda onun həyatının son anında belə nikbinliyini itirmədiyinin əlamətləri duyulmaqdadır…
Bu yerdə C.Cabbarlı məsələsinə bir daha ehtiyac duyuruq. Belə ki, 1934-cü ildə yaradıcılığının qeyri-adi məhsuldarlığı ilə hamını heyrətləndirən C.Cabbarlının üz maskası çıxarılmaqla yanaşı, dramaturqun beyni də diqqət mərkəzində olmuşdur. Onun yaradıcı məhsuldarlığının sirrini öyrənmək məqsədilə çəkisi normallığı üstələyən beyni çıxarılmış və tədqiq olunmaq üçün Leninqrada (indiki Sankt-Peterburq) göndərilmişdir. Çox təəssüf ki, onun nəticəsi bu günə kimi də məlum deyil…
Gənc olmasına baxmayaraq yaradıcılığı duylası məhsuldarlıqla seçilən rəssam Rüstəm Mustafayevin (1910-1940) ölüm maskasının müəllifi isə məşhur sovet heykələtəraşı V.V.Kozlovdur (1887-1940). O, sovet dönəmində daha çox Leninqradda -Smolnının qarşısındakı Leninin abidəsinin müəllifi kimi tanınmışdı. O, 1940-cı ilin yayında faciəli surətdə həlak olan sənət dostu R.Mustafayevin ölüm maskasını böyük ürək ağrısı ilə, lakin duyulası dəqiqliklə hazırlayıb. Maska hzırda Azərbaycan Mlli İncəsənət muzeyinin kolleksiyasında saxlanılır.
Ötən əsrin 40-50-ci illərində tanınmış Azərbaycan heykəltəraşı Fuad Əbdürrəhmanovun maskaların çıxarılmasına dəvət olunmasını təbii hesab etmək olar. Çünki, həmin dövrdə onun təxəyyülünün və yüksək sənətkarlığının nəticəsi olan Nizaminin abidələri Gəncə və Bakını bəzəyirdi və o, Nizami yurdundakı heykələ görə SSRİ Dövlət mükafatına layiq görülmüşdü.
Onun hazırladığı ilk ölüm maskası dahi bəstəkarımız Üzeyir Hacıbəyli (1885-1948) ilə bağlı idi. 1948-ci ilin 23 noyabr gecəsində ölçüyəgəlməz itki daşıyıcısı olan dahi musiqiçi ilə üzbəüz qalan 33 yaşlı heykəltəraşın nələr keçirdiyini təsəvvür etmək elə də çətin deyildir. Yaxşı ki, o, bu prosesdə tək deyildi. Rəssam həmkarları Kazım Kazımzadə və Salam Salamzadə də burada idilər. Onlar da öz növbələrində karandaşla Üzeyir bəyin ölüm yatağında portretini çəkirdilər. Başqa sözlə desək, hər üçü tarix yaradırdılar. Doğrudan da bu gün bəstəkarın Bakıdakı ev muzeyində saxlanan ölüm maskası və onun əllərinin surəti şanlı tariximizin şərəfli səhifələrinə işıq salan bədii-tarixi sənədlərdir, desək, heç bir mübaliğəyə yol vermərik. Eynəksiz görməyə adət etmədiyimiz qapalı bəstəkar gözləri, aralanmış dodaqlarının arasından görünən dişləri, tamaşıçıda onun yuxuya getdiyi təəssüratını yaradır. Amma çox təəssüf ki, nə bu “yuxu”, nə də bu nurlu gözlərin qapanışı müvəqqəti deyil, hamımızı həm onda, həm də zaman-zaman yandıracaq ölümə – əbədiyyətə qovuşmağının əlaməti – ağrılı görüntüsüdür…
Fuad Əbdürrəhmanov 1956-cı ildə isə xalq şairi Səməd Vurğunun (1906-1956) ölüm maskasını hazırlamışdır. Şairin gipsdə həkk olunmuş çöhrəsindəki “sakitlikdə” çoxmənalı bir aura mövcuddur. Şairin bütün fotolarında və müxtəlif görüntülərində görməyə adət etdiyimiz gülərüzlükdən və coşqunluqdan əsər-əlamət yoxdur. Təkcə ona görə yox ki, bu dünyasını dəyişmiş insanın plastik ifadəsidir, sadəcə onun arıqladığı hiss olunan maskasında uzun sürən xəstəliklə yanaşı, həm də əzab-əziyyətdən “azad” olmuş insanın əbədiyyət yuxusunda olduğu görünməkdədir…
Yeri gəlmişkən deyək ki, bu dəfə də iş prosesində F.Əbdürrəhmanov tək olmayıb. Tanınmış qrafika ustası Kazım Kazımzadə də orada olub və karandaşla şairin portretini çəkib. İndi həmin əsər S.Vurğunun Bakıdakı ev muzeyinin ekspozisiyasında nümayiş olunur.
1961-ci ildə dünyasını dəyişmiş məşhur müğənni Bülbülün (1897-1961) ölüm maskasının kim tərəfindən hazırlandığı dəqiq bilinməsə də, onun da bu sahədə artıq kifayət qədər təcrübə toplamış F.Əbdürrəhmanov tərəfindən hazırlandığını ehtimal etmək olar.
Elə məşhur yazıçı Məmməd Səid Ordubadinin (1872-1950) Azərbaycan Milli İncəsənət Muzeyində qorunan maskasının da icra sənətkarlığına görə F.Əbdürrəhmanov tərəfindən çıxarıldığını söyləmək mümkündür.
Görkəmli kimyaçı alimimiz, akademik Yusif Məmmədəliyevin (1905-1961) də Bülbüllə eyni ildə vəfat etdiyini nəzərə alsaq, onun ölüm maskasının da böyük ehtimalla tanınmış tişə ustası tərəfindən ərsəyə gətirildiyini söyləmək mümkündür…
Kimyaçı-alimdən on il sonra – 1981-ci ildə dünyasını dəyişən görkəmli cərrah, akademik Mustafa Topçubaşovun (1895-1981) Azərbaycan Milli İncəsənət Muzeyində qorunan ölüm maskasında da mərhumun üz cizgiləri dəqiqliklə əks olunmuşdur. Təəssüf ki, onun da müəllifi məlum deyildir.
Dünyaşöhrətli müğənnimiz olan Rəşid Behbudovun (1915-1989) Moskvada vəfat etməsi, təbii ki, onun ölüm maskasının elə orada hazırlanmasını şərtləndirmişdir. Hazırda Azərbaycan Dövlət Musiq Mədəniyyəti Muzeyində qorunan bu maskada da Mustafa Mərdanovda olduğu kimi mərhumun çöhrəsinin təbəssümə bələnməsi duyulandır. Görkəmli müğənninin qəfil və müəmmalı vəfatı ətrafında gəzən söz-söhbətlərin qarşılığında, onun maskasından bizə “boylanan” təbəssümün sirrinə cavab tapmaq sadəcə çox çətindir…
Milli Azərbaycan Tarixi Muzeyində qorunan ölüm maskası general-mayor Hacıbaba Zeynalova (1906-1969) məxsusdur. Böyük Vətən Müharibəsində 402-ci milli atıcı diviziyasının komandiri, sovet dönəmində isə Bakı Ali ümumqoşun komandanlıq mərtəbinin ilk azərbaycanlı rəisi olan H.Zeynalovun ölüm maskasında onun çöhrəsini səciyyələndirən cizgiləri görmək mümkündür.
Azərbaycanlı məşhurların ölüm maskaları ilə tanışlığın sonunda demək istəyirik ki, onların hazırlanması sadə olduğu qədər də, tükürpədici və qeyri-estetik bir prossesdir. Doğrudan da müəyyən zaman kəsiyində ölü ilə təkbətək qalmaq, yeri gələndə onları müxtəlif pozalarda otuzdurmaq, üzlərini müxtəlif məhlul və gipsə örtmək, bəzən də üzdə artıq bərkimiş bu materialın mərhumun gözlərini açması qarşılığında, başqa sözlə desək, mərhumun icraçıya zilləmiş gözləri ilə üzbəüz qalmaq psixoloji baxımdan çox çətin və əziyyətli bir işdir. Amma bununla belə, bu maskalar bütün mənalarda dəyərlidir: həm bizi həmişəlik tərk etmiş insanlardan xatirə kimi, həm yaşanmış tarixi və sənətkar ustalığını özündə hifz edən plastik nümunə kimi. Odur ki, onları bəzi muzeylərdəki kimi ictimaiyyətdən gizlətməyə də heç bir ehtiyac yoxdur…
Ziyadxan Əliyev
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru