Bu gün Rusiya Federal Təhlükəsizlik Xidməti “SMERŞ”in (bir sıra müstəqil əks-kəşfiyyat təşkilatlarının adı - Qeyd) məxfilikdən çıxarılan arxiv sənədlərini dərc edib. Sənədlərdə Polşada Treblinka konsentrasiya düşərgəsində nasistlər tərəfindən törədilən cinayətlərin yeni təfərrüatları yer alıb. Qeyd olunub ki, 1944-cü il avqustun ortalarında 1-ci Belarusiya cəbhəsinin 65-ci ordusunun bölmələri Varşavadan 80 kilometr şimal-şərqdə, Treblinka stansiyasında yerləşən nasist ölüm düşərgəsini işğaldan azad edib.
1941-ci ilin sonundan 1944-cü ilin iyul ayının sonuna kimi Treblinkada 1 nömrəli (əmək düşərgəsi) və 2 nömrəli düşərgə (ölüm düşərgəsi) fəaliyyət göstərib. Cinayətlərdə iştirak edənlərin dediyinə görə, burada hər gün 2500-ə qədər insan güllələnmə yolu ilə və qazla boğularaq öldürülüb.
“Fələstin sizi gözləyir”
Düşərgə haqqında ilk hesabat 17 avqust 1944-cü ildə Treblinka stansiyasının yaxınlığındakı ətraf kəndlərin sakinlərini sorğu-sual etdikdən sonra “SMERŞ”-dən daxil olub. Şahidlərdən biri ifadəsini təsdiqləmək üçün Varşavada qeyri-qanuni olaraq Treblinka düşərgələrinin dəhşətlərindən bəhs edən “Treblinkada bir il” adlı broşür təqdim edib. Onun müəllifi 1942-ci ilin avqustundan 1943-cü ilin avqustuna kimi düşərgədə dülgər işləmiş Yankel Vernis olub.
“SMERŞ”-in zabitləri 65-ci ordunun hərbi şurasına “ölüm düşərgəsi” barədə məlumat veriblər. Nəticədə nasistlər tərəfindən törədilən vəhşilikləri və qətlləri araşdırmaq və sənədləşdirmək üçün xüsusi komissiya yaradılıb. 1944-cü ilin sentyabrında SS təlim düşərgəsindəki qarovul məktəbində könüllü olaraq xüsusi təlim keçmiş altı mühafizəçi həbs edilib. Onlar həmin ərazinin strukturu haqqında ətraflı danışıblar.
Əks-kəşfiyyat idarəsinin rəisi, polkovnik N. G. Trapeznikovun hərbi şuraya yazdığı qeyddə deyilir: “Bu düşərgə almanlar tərəfindən xüsusi olaraq əsasən yəhudi və polyak əhalisinin kütləvi şəkildə məhv edilməsi üçün tikilib. Hər gün bu düşərgəyə Almaniya, Polşa, Çexoslovakiya, Bolqarıstan, Fransa və digər Avropa ölkələrindən adamlarla dolu 3-4 qatar gəlib. Bu qatarlarla gətirilən müxtəlif yaşda olan minlərlə insan, o cümlədən qocalar və körpələr almanlar tərəfindən qaz kameralarında və başqa üsullarla vəhşicəsinə öldürülüb”.
Sənəddə SS mühafizəçisi İvan Şevçenkonun 8 sentyabr 1944-cü il tarixli ifadəsi də yer alıb: “Almaniya, Polşa, Çexoslovakiya, Fransa və Bolqarıstandan gətirilən yəhudi ailələri Fələstinə göndəriləcəklərinə ümid edirdilər. Almanlar aldatmaq üçün dəmir yolu xəttinə paralel yerləşən kazarmaların divarlarına “Fələstin sizi gözləyir” və başqa şüarlar yazılmış lövhə və plakatlar yapışdırıblar. Hətta qatarların hərəkət cədvəli və bilet kassasının görünüşü də olub”.
Xəstəxana və hamam
Treblinkaya gətirilən yəhudi uşaq, qadın və qocalara Ukraynada işləmək və ya Fələstinə köçmək barədə sənədlər verilib. Qatarlar kazarma tipli iki binanın yaxınlığında boşaldılıb. Vağzal kimi xidmət edən binada saat rənglənib, Tırnopol şəhərinə və digər stansiyalara gedən qatarların “cədvəli” vurulub.
Qatardan boşaldılan insanlar cinsinə və yaşına görə bölünüb. Yaşlı, xəstə və əldən düşmüşləri müalicə adı altında xəstəxanaya apararaq güllələyiblər. İş qabiliyyətinə malik kişi və qadınlar soyunub-geyinmə otağına aparılaraq paltarları və qiymətli əşyaları götürülüb. “Hamam”a aparılan şəxslər 8 qaz kamerası olan kərpicdən tikilmiş binada dəm qazı vasitəsilə qətlə yetiriliblər. Beləliklə, almanlar tərəfindən Fransa, Belçika, Niderland və digər Avropa ölkələrindən Treblinka ölüm düşərgəsinə gətirilən beş milyona qədər yəhudi müxtəlif üsullarla məhv edilib.
“Ölüm düşərgəsi”ndən 1,5 km aralıda əmək qabiliyyətli kişi və qadınların göndərildiyi əmək düşərgəsi olub. Həbs edilən mühafizəçilərin ifadəsinə görə, orada məhbuslar ac qalıb, gecə-gündüz işləməyə məcbur edilib, sistematik olaraq döyülüb və işgəncələrə məruz qalıblar. Əmək düşərgəsinin özündə gündə 50-100 və daha çox adam qətlə yetirilib, taqətdən düşənlər isə ölüm düşərgəsinə köçürülüblər.
İstintaq zamanı P.Leleko faşistlərin və onların əlaltılarının Treblinka düşərgələrində törətdikləri vəhşiliklər barədə ifadə verib: “Ölüm düşərgəsində xidmət etdiyim 11 ay ərzində iki milyondan çox yəhudi məhv edilib. İş qabiliyyəti olan qadınlar və kişilər qaz kameralarında öldürülüb, xəstə və ya zəifləmişlər isə xəstəxana adlanan yerə keçirilib. Orada çuxurlara atılıb, güllələnib və yandırılıb”.
Həbs edilmiş digər SS gözətçisi Rojanski törətdiyi qətlləri etiraf edib: “Treblinkada 1 saylı əmək düşərgəsi adlanan ərazidə yəhudi, polyak və qaraçılar müxtəlif üsullarla sistemli şəkildə məhv edilib. Onların qətlində mən də fəal iştirak etmişəm. Edamlardan əlavə, mühafizəçilər və almanlar məhbusları çubuqlarla döyüb, altı metrlik qüllələrdən atıb, qumda basdırıb, çəlləklərdə batırıb, əylənmək üçün xüsusi taxta çəkiclərlə öldürüblər. 1944-cü ilin iyulunda düşərgə komendantının göstərişi ilə mühafizəçilər və almanlar, o cümlədən Kozlov, Poleşçuk, mən və başqaları bir gündə 500-dən çox polyak, yəhudi və qaraçı əsiri güllələdik”.
Ümumilikdə Treblinka düşərgəsində və onun qollarında altı milyona qədər yəhudi, polyak və qaraçı müxtəlif üsullarla öldürülüb. Həbs edilən mühafizəçilərdən biri deyib ki, onun 1943-cü ilin yanvar-aprel aylarında Krakovda xidmət etdiyi oxşar əmək düşərgəsində böyük yəhudi qəbiristanlığı olub. Onun üzərində isə iki mindən çox insan saxlanılıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün