Lotu Quli əfsanəsi: hotel otağında kəsilən ömür və qatilin sirri...
Kriminal21 avqust 2020 13:57

"Xan Əhmədlinski” kimi tanınan kriminal avtoritet Xaqan Zeynalov "qanuni oğru”nu kart oynayarkən güllələyib; qətldən 30 dəqiqə əvvəl çəkilən kadrlar kimə göndərilib; son illər barəsində ən çox danışılan Nadir Səlifov bu gün dəfn ediləcək...
Qatil və qətlin motivləri...
"Qanuni oğru”, "Lotu Quli” kimi tanınan Nadir Səlifovun Türkiyədə qətli kriminal aləmdə şok effekti yaradıb. Quli avqustun 19-da Türkiyənin Antalya şəhərində baş nahiyəsinə açılan güllə ilə öldürülüb. Nadir Səlifovu qətlə yetirən isə onun yaxın ətrafına daxil olan Xan Əhmədlinskidir. Kriminal avtoritet Xaqan Zeynalov Lotu Qulini hotel nömrəsində kart oynayarkən vurub. Bu haqda Rusiyanın "Prime Crime” saytı yazıb. Bildirilir ki, qanlı aksiya zamanı otaqda "Lotu Quli”dən başqa daha 2 nəfər, o cümlədən onun cangüdəni olub. Otağa daxil olan qatilə - Xaqan Zeynalova heç kim əhəmiyyət verməyib, çünki o, çoxdan kriminal avtoritetin yaxın ətrafına daxil olmuşdu və etimadını qazanmışdı.

Otağa daxil olan X.Zeynalov Nadir Səlifovun gicgahından atəş açıb, bu zaman Qulinin cangüdəni cavab atəşi açsa da, qatil qaça bilib. Sonradan Antalya-Dənizli şossesində Türkiyə polisləri tərəfindən saxlanılıb. Azərbaycan vətəndaşı olduğu deyilən 25 yaşlı Xan Əhmədlinski - Xaqan Zeynalovla yanaşı 26 yaşlı Əmir Həmidli də tutulub. Musavat.com xəbər verir ki, N.Səlifov Bakıxanov qəbiristanlığında atasının məzarının yanında dəfn ediləcək.
Lotu Qulinin qətli ilə bağlı müxtəlif versiyalar var.
Qətlin digər nüfuzlu "qanuni oğru” "Rövşən Lənkəranski”nin (Rövşən Canıyev) ölümümün 4-cü ildönümünə təsadüf etməsi işdə onun tərəfdarlarının əlinin olması ehtimallarını yaradıb. Məsələ burasındadır ki, 2016-cı il avqustun 18-də "Rövşən Lənkəranski” qətlə yetirilib. Türkiyədə baş verən bu qanlı olayda həmin vaxt həbsdə olan Lotu Qulinin adı hallanıb. 2017-ci ildə Rövşən Canıyevin qardaşı Namiq Canıyev və daha bir neçə nəfər Türkiyədə Nadir Səlifova qarşı sui-qəsd planına görə həbs edilib, sonradan azad olunub. Bu baxımdan Quliyə qarşı qəsd planı avqustun 19-da, yəni Rövşən Canıyevin Lənkəranda dəfn gününə təsadüf etməsi qisas tədbiri kimi dəyərləndirilir. Bununla belə, hadisənin avqustun 19-da baş verməsi təsadüf ola bilər. Tətiyi çəkən azərbaycanlı barmağı olsa da, sifarişin Rusiya kriminal dairələrindən gəlməsi ehtimalları qalır. Və ya digər kriminal qruplaşmaların azərbaycanlı kriminal qruplaşmalar arasında çaxnaşma yaratmaq, bir-birinə qırdırmaq planının tərkib hissəsi də olması mümkündür.

Mümkündür ki, Lotu Qulini Rusiya kriminaliteti sifariş edib, qanlı aksiya tarixini də bu şəkildə seçməklə bütün diqqətin Rövşən Lənkəranskinin tərəfdarlarına yönələcəyini proqnozlaşdırıblar.
Təsadüfi deyil ki, Rusiya istintaq orqanları Lotu Quli barəsində heç bir tutarlı dəlil, əsas olmadan cinayət işi başlamış, onun barəsində həbsli axtarış elan etmişdilər. Lotu Qulinin nüfuzu Rusiya kriminal aləmini, həmin aləmlə əlaqəli nüfuzlu məmur-oliqarxları çox ciddi şəkildə narahat edirdi. Özlərinə yaxın kriminal qruplaşma rəhbərlərinin ucsuz-bucaqsız Rusiya bazarlarında liderliyini təmin etmək üçün hər fürsətdən Lotu Quliyə qarşı istifadə edirdilər. İstək də bu idi ki, Quli Rusiya ərazisinə gedib oradakı işlərə qarışa bilməsin. Yəni hamı bilirdi ki, Nadir Səlifovun əsas düşmənləri təkcə Azərbaycanın kriminal aləmində deyil, Rusiya kriminalında da var.

"Nadir Səlifovun qətlində mərhum Rövşən Lənkəranskinin adamlarının əli yoxdur. ”Rövşənin qisası alındı" tipli iddialar puç və absurddur". Bunu deyən araşdırmaçı jurnalist Elçin Aloğlu iddia edir ki, ümumiyyətlə, bu qətl çox müəmmalıdır: "Onu öz adamı güllələdi" versiyası primitivdir. Səlifovun ölüm fərmanı Rusiyada verilib".
"Mən ”qanuni oğru"yam və mənim üçün "oğru” şərəfi hər şeydən üstündür"
Nadir Səlifov 1972-ci il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. Tərəfdarlarına diqqətcilliyi ona gürcü avtoritetlərin "Quli” - gürcü dilində "ürək” deyə müraciət etmələrinə yol açıb. Başqa bir versiyaya görə, kriminal aləm ona bu ləqəbi ürəkli, cəsarətli olduğuna görə verib. Quli Marneulidə doğulan azərbaycanlı, "Otar” ləqəbi ilə tanınan Otari Bədəlovla yaxın dost olub. Otar 2003-cü il martın 21-də Moskvadakı "Suşi” barında naməlum şəxslər tərəfindən güllələnib. Bu işdə Lənkəranskinin tərəfdarlarının əlinin olması xəbəri yayılıb. Bundan sonra Lənkəranskiyə "qanuni oğru” adı verən Nardaranlı Mirseymur da qətlə yetirilib. Bununla avtoritetlər arasında qanlı mübarizə açıq müstəviyə keçib.

Lotu Qulinin həbsxanaya yolu çox gənc yaşlarında düşüb və 2001-ci ildə, 29 yaşında "qanuni oğru” adına layiq görülüb. Həmin vaxt o Azərbaycanda Böyük Şor qəsəbəsində yerləşən 6 saylı həbsxanasında 15 illik həbs cəzasını çəkirdi. Qulinin həbs müddətinin azaldığı bir vaxtda, 2005-ci ildə onun qardaşı Müşfiq Səlifovu həbs ediblər. Voleybol oyununa baxmağa gələn universitet tələbəsi Müşfiq Səlifovun üstündən rəsmi məlumata görə, tapança tapılmışdı. O, həmin il universitetin sonuncu kursunda oxuyurdu, toya hazırlaşırdı, hətta həbs olunanda nişanlısının bəzi cehizləri də avtomobilində idi.
Müşfiq Səlifovun həbsindən sonra Azərbaycanın bir neçə həbsxanasında "qiyama cəhd” baş verdi. Bu işdə rəsmilər nədənsə Lotu Qulini günahkar tuturdular. 2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi başlandı. Ona və bir neçə məhkuma cəzaçəkmə müəssisəsində zorlama, ayrı-ayrı şəxslərdən hədə qorxu ilə pul tələbinə görə ittiham irəli sürüldü. Lotu Quli bu maddələri sonadək qondarma, onun "qanuni oğru” adına ləkə gətirmək cəhdi kimi qiymətləndirərək, ittihamı qətiyyətlə rədd edirdi. 2005-ci il oktyabrın 14-də Lotu Quli məhkəməsində çıxışında siyasətlə məşğul olmadığını, öz ideyasının olduğunu açıq şəkildə bəyan etmişdi.
Onun çıxışından sitat: "Bu məhkəmə prosesinin qapalı keçməsinin əleyhinə olmuşam. Çünki mənim gizlədiləsi heç nəyim yoxdur, mən düzəm. Mən bu gün Azərbaycanda yeganə ”qanuni oğru"yam ki, Azərbaycan türmələrindəki sözübütöv dustaqların və gənclərin taleyi mənim üçün əhəmiyyətsiz deyil. Mənim "zon”lara bütün növ narkotikdən istifadənin qadağan olunması barədə "proqon”um olub. Və hər şey də bundan sonra başlayıb. Çünki mən həbsxanalarda narkotik satışında külli miqdarda pul əldə edənlərin biznesi üçün əngəl yaratmışam. Mən "qanuni oğru”yam və mənim üçün "oğru” şərəfi hər şeydən üstündür. Bir daha deyirəm, mən siyasətlə məşğul deyiləm, mənim öz ideyam var: ədalət və təmizlik..."
2006-cı ilin iyununda Bakı Apelyasiya Məhkəməsində Quli zorlama maddəsi ilə bağlı bəraət aldı. Məhkəmə həmçinin onun qapalı həbsxanada deyil, ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmasına qərar verdi. Həmin ildən 12 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü. O, "içəri”də olduğu müddətdə cəzaçəkmə müəssisəsindən kənarda da oğru aləmini idarə etməyə başladı.
Kriminallarla savaşda
Lotu Quli ilə savaşda olanlardan biri də Hikmət Muxtarov idi. Sabirabadlı Hikmət 2006-cı il aprel ayının 7-də Moskvadakı Leninqrad prospektində qətlə yetirildi. O, ofisdən çıxıb binanın yanında duran "Mersedes-500" markalı maşınına minmək istərkən qatillər ona avtomat və tapançadan atəş açdılar. Bundan sonra Quli ilə Lənkəranski arasında dava daha da qızışdı. Rövşən Lənkəranskinin İlqar adlı killeri ilə bir vaxtlar Lotu Qulinin yaxın ətrafına daxil olan nüfuzlu kriminal avtoritet Sabirabadlı Hikmət arasında telefon danışıqlarının audioyazısından məlum olur ki, bu iş üçün tərəflər 500 min dollara anlaşıblar. Hadisələr 2009-cu ildə cərəyan edib və son nəticədə baş tutmayıb. Hikmət Muxtarovun, daha sonra Məmməd Hüseynovun ("Masallı Mamed”) ölümündən sonra Azərbaycan kriminal aləmində ikitirəlik dərinləşmişdi, düşmənçilik səviyyəsinə qalxmışdı.

Lənkəranskinin qətli isə tərəfləri daha da amansızlaşdırıb. Bununla belə, Quli Azərbaycanın kriminal dünyasını bütövləşdirməyə çalışıb. Hətta vaxtilə onu "qanuni oğru” kimi qəbul etməyənlərin sırasında olan Azərbaycan əsilli klassik "qanuni oğru” Arif Mehdiyevlə (Sumqayıt Arif) bir araya gələ bilib. Lotu Quli azadlığa çıxdıqdan sonra postsovet ölkələrində müxtəlif kriminal qruplaşmaları küncə sıxmaqla bu aləmdə azərbaycanlıların yenidən nüfuz qazanmasını şərtləndirib. Eyni zamanda, özü postsovet məkanında bir nömrəli "qanuni oğru”ya çevrilməyə başlayıb. Bu isə Rusiyanın kriminal dünyasının liderlərini xüsusilə, mərhum Aslan Usoyanın (Ded Xasan) varisi hesab edilən və hazırda Rusiya həbsxanalarının birində cəza çəkən Zaxari Kalaşovu (Şakro Molodoy) narahat etməyə başlayıb. 1 il əvvəl Türkiyədə baş verən "Çixladze olayı”nda Zaxari Kalaşovun rolunun olduğu bildirilib. Məlumat üçün deyək ki, 1 il əvvəl gürcü əsilli "oğru” Quram Çixladze (Kvejoviç) ilə Nadir Səlifov arasında münaqişə baş verib. Quli ilə görüşə gələn Kvejoviç onunla saymazyana danışdığına görə vurulub. Onu vuran isə qazax əsilli kriminal avtoritet Arman Cüməgəldiyev (Arman Dikiy) olub. Hadisədən dərhal sonra Nadir Səlifovun titulunun alınmasına cəhd edilib. Lakin o, bununla bağlı keçirilən "sxodka”lardan qalib ayrılıb. Bundan sonra Quram Çıxladze Lotu Qulinin bacısı oğlu Məhəmməd Qurbanova (Maqa) hücum çəkib. Restoranların birində əylənən Maqa bıçaqlanıb. O zaman bu olay Nadir Səlifovu qanlı münaqişəyə cəlb etmək cəhdi kimi dəyərləndirilmişdi. Rusiya mediasında vaxtaşırı Nadir Səlifov barəsində kompromatların dərc edilməsi də göstərirdi ki, onun güclənməsi bu ölkədə narahatlıqla qarşılanır. Hətta Lotu Quli ilə münasibətləri kəskin olan Azərbaycan əsilli kriminal avtoritet Əli Heydərov (Albert Rıjıy) azadlığa buraxıldıqdan sonra Rusiya mediası yazırdı ki, onu Zaxari Kalaşovun yerinə hazırlayırlar. Bu, əslində Lotu Quliyə qarşı mübarizədə Albert Rıjının önə çıxacağına işarə idi.
Rusiyanın kriminal dünyası, onlara dəstək verən məmur oliqarxları Lotu Qulini kabus kimi qəbul edirdi. Onun qətlinin də şimaldan verilən sifarişlə baş tutma ehtimalı da böyükdür.
Mənbə: "Yeni Musavat"
Oxşar xəbərlər
- Prezident İlham Əliyev fərman imzaladı
7 aprel 2025 20:14
- Ədalət Verdiyevə bəraət verildi
7 aprel 2025 19:38
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Onunla evlənməyən oğlanı öldürdü - Bakıda qadının ŞOK CİNAYƏTİ
26 mart 2025 02:08
- Qorbаçovun hаkimiyyətə GƏLMƏSİNDƏ və SSRİ-nin DAĞILMASINDA Rokfeller KLANININ ROLU
23 mart 2025 20:25
- İmamoğlu kimdir: Ərdoğanın əsas rəqibini zirvəyə və həbsə götürən ÖMÜR YOLU
20 mart 2025 14:47
- Yoldaş Stalin, bu möcüzənin səbəbi sizsiniz... - O, Rəsulzadəni ölümdən niyə xilas etmişdi?
17 mart 2025 00:01
- Dünyanın ən uzun boylu qəbilələrindən biri: Maasailərin sirri nədir?
16 mart 2025 11:42
- Tamilla Şirəliyeva vəfat etdi
12 mart 2025 20:00
- SSRİ-də =4-cü Reyx= – Rəhbər şəxslərin övladları gizli təşkilat qurubmuş
6 mart 2025 01:33
Xəbər lenti
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
08 aprel 23:37
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 aprel 21:51
- Xanlar Vəliyev təqaüdə göndərildi
08 aprel 20:29
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
08 aprel 19:28
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
08 aprel 19:12
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
08 aprel 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
08 aprel 14:22
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
08 aprel 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
08 aprel 12:19
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
08 aprel 10:56
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
08 aprel 10:34
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16
Video & Fotoqalereya
Video
Fotoqalereya