Filosof Niyazi Mehdi: “Ateistlər də, xristianlar da gic-gic danışırlar” - MÜSAHİBƏ
“İsa Qəmbər mənə “narahat olma” yazsaydı xoş olardı”
“Müxalifətçilərin mənəvi keyfiyyətinin aşağı olmasından bezmişdim”
Filosof, professor Niyazi Mehdi Modern.az saytının suallarını cavablandırıb. Niyazi Mehdi ilə müsahibəni təqdim edirik.
- Niyazi müəllim, ənənəvi sualla başlayaq. Hazırda nə işlə məşğulsunuz?
- Fəlsəfədən, mədəniyyətdən iki yerdə - Dillər Universitetində, Mədəniyyət və İncəsənət Universitetində dərs aparıram. Son aylarda həm də "İslam və islahatlar” mövzusu üzrə proqrama başçılıq edirəm. Proqramı QHT Şurası dəstəkləyir. Bir kitab çap etmişəm. Sağ olsun Şahbaz Xuduoğlu, onu nəşriyyatın hesabına çap edib. Şahbaz dostumdur, o olmasaydı, başqa nəşriyyatlara gedib kitabı çap etdirmək üçün əlləşməyə hövsələm çatmazdı. Kitabın adını da deyim: "Qəribə adamlar, qəribə olaylar".
Bu, bitirdiyim kitabdır. İndi isə memuar yazmağa başlamışam, - lap ölümqabağı yekunlaşdırıcı işlərə oxşayır. Xatirələrimin yönünü, yəni narrativ, narrasiya üslubunu hələ tapa bilməmişəm. İstəyirəm məzəsi də olsun, ağıllı düşüncələrlə haşiyələnsin, seks də, qoxular da, xasiyyətlər də, əclaflıqlar da, ucamanlıqlar da olsun.
Uşaqlığımı keçirdiyim Ağdamdan başlamışam. Hələ ki istədiyim söyləm tərzinə tam çata bilməmişəm. Memuarı, sözsüz, uşaqlarım üçün yazıram. Ancaq həm də çalışıram ki, 50-ci illərdən bəri Azərbaycan dünyasının mənim baxış bucağımdan mənzərəsi olsun. Olsa çap da edəcəm, sözsüz, bəzi intim, şəxsi yerləri çıxarmaqla.
- İllərdir ki, hər bir sahə pillələrlə addımlayır. Siz də dərs deməyinizi söylədiniz. Sizcə təhsilimizin vəziyyəti hansı mərtəbəbədir?
- Sovet dönəminə baxanda təhsildə korrupsiya xeyli azalıb, ancaq bütün universitetlərdə yox. Tələbələrin qanmaq və anlamaq səviyyəsi bir az artıb. Sovetlərdə yaşamaq ilginc olmadığı üçün kitab oxumaq maraqlı idi. İndi İranda o cürdür. Çağımızdakı Azərbaycanda yabançı öləkələrə getməyin asanlığına görə, internetə, kabel televiziyalarına görə yaşamaq gənclər üçün xeyli ilginc olub, ona görə kitaba maraq azalıb. Hərçənd son illər Şahbaz Xuduoğlunun çalışmaları kitab bazarını canlandırıb. “Malakan bağı”nın yanında kitab mərkəzi var, adını bilmirəm (Bakı Kitab Mərkəzini nəzərdə tutur).
Ancaq elə Şahbazın özündən, oğlum Toğruldan tərifini eşitmişəm, - kitab bazarının canlanmasında onun təsiri işini görməyə başlayır.
Təhsilə qayıdım. Hər müəllim öz fənnini elə öyür ki, sanki tələbə onu bilməsə, yarımçıq olacaq. Bax, bu peşə eqoizminə görə də, tutalım, fəlsəfə müəllimi rəssamlıqda oxuyan tələbəyə aşılayır ki, sən fəlsəfəni bilməsən necə yaxşı rəssam ola bilərsən?! Mən isə bunun acığına deyirəm - ola bilərsən! Fizik də, siyasətçi də fəlsəfəni bilmədən yaxşı alim ola bilər! Sadəcə, rəssama işlərindən ağıllı danışmaq, ağıllı müsahibələr vermək məqamı gələndə fəlsəfənin gərəyi ola bilər. Fəlsəfənin rolu ağıllı düşüncələr, söhbətlər mühiti, ortamı yaratmaqdır. Nəyi, necə yaxşı etmək məsələsində fəlsəfənin dəyəri onuncu dərəcədir.
Bir əsas məsələni də deyim. Biz müəllimlərin tələbələrə verdiyi bilik onlara pul gətirəcəksə, oxuyacaqlar.Təhsilin islahatı buna yönəlməlidir - pul gətirən biliklərə.
Ancaq təhsilin konteksti kimi iqtisadi islahatlar da olmalıdır. Tutalım, ölkədə kompüter yoxdursa, sən də başqa yerə gedə bilmirsənsə, əla kompüter biliyin sənə nə pul gətirəcək?! Əgər rüşvətlə həkim düzələ bilirsənsə, yaxşı həkim kimi adın çıxanda biliyin pul gətirə bilər.
Ancaq kim rüşvətlə yaxşı yerə həkim qoyulursa, elə yerə görə də pul qazanır, ona görə də biliyini artırmağa əziyyət çəkmir. Ölkədə elə iqtisadi qaynaşma olmalıdır ki, biliyi olanlara pul gələ bilsin. Məsələn, oğlum Orxandan eşitdiyimə görə, kənd təsərrüfatında xeyli qaynaşma var, deməli, bilikli aqranomların yüksək maaş almasına şans var. Ancaq çox sahəmi elədir? Məncə yox. Dövlət işində işləyən bir dostum vardı. Deyirdi ki, orada aşağıda durub yüksəlməyi arzulayanlar, yuxarıdakı xəstələnib sıradan çıxanda və ya tutulanda sevinirlər. Bu əclaf mühit toplumda qaçılmazdır. Gözəl qıza vurulmuş gədə onun nişanlısının ölməsindən sevinə bilər ki, indi mənə ərə gedə bilər. Hansısa gədə atasının ölümündən sevinə bilər ki, mənə miras qalacaq. Eşitmişəm ki, şirkətlərdə yeni işçiləri seçən komissiyadakılar karyera məsələsində özlərinə rəqib ola biləcək daha bacarıqlı adamı dolaşdırırlar. Buna inanmırdım, sonra xəbəri olanlardan təsdiqini tapdım: xaricdəki elçiliklərdə işləyən yerli kadrlarımız gələcək rəqabətdən qorxub başqa namizədlərə düşmən kimi baxırlar və gözdən salmağa çalışırlar. Bu, güman ki, az-çox bütün dünyada belədir. Ancaq qlobal paxıllığın, rəqabət, yarış mənəviyatsızlığının qarşısını alan türlü mexanizmlər də var, axı. Biri şirkətin qazancıdır. Əgər kadrı seçən kəs işlədiyi firmanın uğurunda maraqlıdırsa, nə qədər mırtıldasa da bacarıqlını işə götürəcək. Universitetlərin brendi, nüfuzu təhsilə, deməli, aparata, professorlara yüksək pul, maaş gətirəcəksə, adamı formal elmi adına görə yox, biliyinə görə işə götürəcəklər.
- Rəqabət özü ilə qeyri-etik məsələləri də ortaya çıxarır?
- Burdan çıxan sonuc... Toplumda yarışın, rəqabətin gətirdiyi mənəviyyatsızlığın, əxlaqsızlığın ziyanını maksimum azaltmaq üçün mexnizmlər paketi hazırlanmalıdır. Bu mexanizmlərin bəzilərindən hamının nə qədərsə xəbəri var. Ancaq onların aydın düzülmüş paketi olanda aydın instruksiyalar alınır.
- Kitablarınız var. Satışdan normal qazanc əldə edə bilirsinizmi?
- Heç anormal da əldə edə bilmirəm. Sözsüz, mən biliyimi pula çevirməkdə heç də tam əfəl olanlardan deyiləm. Hətta olub ki, 20 səhifəlik məqaləmdən 2000 dollara yaxın qonorar almışam. Ancaq qəpik-quruşa, ya da heç nəyə məqalələr də az yazmamışam. Elə sizə verdiyim bu müsahibəyə görə mən nə alacam ki?! Əgər Modern.azsaytı yüz milyonluq ölkədə oxunaqlı olsaydı, ona çoxlu reklamlar gələrdi və marağı olardı ki, saytı populyar edən müsahibələrə yaxşı honorarium versin. Yeri gəlmişkən, "honor" "şərəfləndirmək" anlamını verir Mən isə bu miqyasda oxunaqlı olsaydım, verdiyim bilgilər mənə də, sizə də pul gətirərdi. Bu qədər sadə məntiq - di gəl adamların çox dediyim məsələnin fərqinə varmır.
Qonorar məsələsində bizim çox ciddi problemimiz əhalimizin sayının az olmasıdır. Kitab gərək, azı 5000 tirajla satılsın ki, yazana da, nəşriyyata da pul gətirsin. Biz də isə bu, yoxdur. Sözsüz, ulusun sayı konusunda ermənilərin, gürcülərin durumu bizdən də pis və az perspektivlidir. Bizdə heç olmasa gələcək üçün Güney Azərbaycanın oxucu potensialı var.
Mənim “Fəlsəfə tarixində fəlsəfə” kitabım var, oxuyanların çoxu onu bəyənir. Ancaq di gəl imtahandan qorxan tələbələr belə onu almırlar, ya da az alırlar. 3-4 ildir ki, min nüsxə satılıb qurtarmayıb. Kimlərsə xəsisliklərindən, kimlərsə pulsuzluqlarından, kimlərsə tənbəlliklərindən almırlar. Sözsüz, müəllimin onları məcbur etmək üsulu var, ancaq bunu hər müəllim özünə yaraşdırmır.
Mütləq Azərbaycanda kitabdan, kağızdan tutulan vergi azaldılmalıdır ki, yazarlar bir az da olsa, çapdan qazansınlar. Düzdür, vergi azaldılanda qorxu var ki, naşirlər acgözlük edib müəllifə yenə xəsisilik edəcəklər. Deməli, bu hal üçün yazarların xeyrinə mexanizmlər qurulmalıdır. Elə sizin sayt “kitab, kağız, nəşriyyat xərclərini necə azaltmaq üzrə hansı dövlət proqrammı olmalıdır?” məsələsinə yönəlik diskussiya qura bilər və bu zaman yazarları qazandırmaq üzrə mexanizmlər də söylənə bilər.
- Orta məktəblərdə və ali məktəblərdə fəlsəfə ilə bağlı tədris olunan fənlər qənaətbəxşdirmi?
- Orta məktəbdən xəbərim yoxdur. Hərçənd Xalq Cəbhəsi dönəmində bir fəlsəfə dərsliyinin yazılmasında mən də vardım. Sonra yazdıqlarımı oxuyanda dəhşətə gəldim: çox ciddi mətn idi, uşaq onu necə başa düşərdi?! Məsələyə tələm-tələsik yanaşanda belə olur. Yazmaqdan qabaq müəlliflər ciddi məsləhətləşmələr aparmalı idi. Məncə, elə indi də durum elədir. Deyəsən, bunu Vurğun Əyyub demişdi: “Dərsliyi görkəmli, istedadlı alimlər yazmamalıdır, yaxşı müəllim yazmalıdır”.
Ali məktəbdə keçilən fəlsəfə dərslərinin və onların dərsliklərinin ən böyük çatışmazlığı Sovet marksizmindən qurtulmamasıdır. Mənim indiki ağlım marksizmə-leninizmə qabaqkı allergiyamı yox edib. O da çoxlu fəlsəfi axınlardan biri sayılmalıdır. Ancaq dərslik səviyyəsinə anlayışları, kateqoriyaları, qanunları ilə əsas yeri tutanda, hamısından üstün fəlsəfə statusunu alır - bax, bu pisdir.
Ən əsası isə fəlsəfə dərsliklərində olan problem fikir yamsılaması, görüntüsüdür. Yəni fikir yoxdur, görüntüsü var. Bunu 30 il qabaq demişəm, "müvafiq", "müvəffəqiyyət" "amal-qayə", "təxəyyül" "təfəkkür", "ehtimal", "fərziyyə" "cism və hadisə" kimi ərəb-fars sözləri ilə dolu olan fəlsəfə kitabları düşüncə vermirlər, düşüncə avazını səsləndirirlər. Guya düşüncə, özü də dərin düşüncələr söyləyirlər, əslində isə içi boş qoz qabıqlarını andırırlar. Bizim fəlsəfə, estetika, etika dərsliklərini bir az ərəb-fars avazından təmizləyin, yerdə qalanın tam fikirsizliyi aydın olacaq.
- Təmizləmək bu qədər asan məsələdir?
- Necə təmizləyin? Örnəyin, "şüur"un yerinə "bilinc", "təhtəlşüur"un yerinə "bilincaltı" "cism"in yerinə "nəsnə", "hadisə"nin yerinə "olay", "hissiyyatın" yerinə "duyğular", "müvəffəqiyyət"in yerinə "uğur", "müvafiq"in yerinə "uyğun", "iradə"nin yerinə "təpər", "məfhum"un yerinə "anlayış" yazın, mətndə ağıl yoxdursa, ağılsızlığı həməncə aydına çıxacaq. Bizdə çox əski söz var – "us" - ağıl deməkdir. "Us"dan törəmiş "duş/düş" kökü "düşünmə" sözünü verib, "huş" isə onunla bağlı başqa sözdür. İlginci odur ki, yunanlarda ağlı bildirən "nus" da bizim "us"a oxşayır. Mən demirəm ki, sözü biz yunanlardan, ya yunanlar bizdən götürüb. Hərçənd Nostratik dil nəzəriyyəsi ilə işləyən tapa bilər ki, o söz bizim hamımıza bir kökümüz olan əzəli dildən gəlib. Mən bir yazımda "elmi qafiyə" terminini işlətmişəm, anlamı odur ki, bəzən qafiyəyə gələn ayrı-ayrı dillərdən olan sözlər elmi düşüncəni stimullaşdıra bilər. Örnəyin, "de-te-ze" kökləri bir çox dillərdə Tanrı ilə bağlıdır. Yunanlarda Zefsdə "ze", farslarda devlərdəki "de", hinduslardakı devalardakı "de", türklərdəki tenqridə "te" mənim terminimlə "elmi qafiyə" yaradır. Kantın fəlsəfəsində iki qatı ruslar "razum" və "rassudok" kimi ayırırlar. Biz "razum"u "us", "rassudok"u "düşüncə" kimi versək, vəziyyətdən çıxa bilərik. İnglislərin "smartfon" sözü "ağıllı telefon", yəni "uslu telefon" deməkdir. Mən dili ağıllandırmaq haqqında yazı yazışam, indi yazsaydım, "dili uslu etmək" yazardım.
- Fəlsəfəni dində axtaraq, yoxsa dini fəlsəfədə?
- İnciməyin, “qafiyəsinə” görə ağıllı soru kimi gözə kül üfürən sualdır. Fəlsəfəni hər yerdə, eləcə də dində axtarmaq olar və tərsinə, dini də hər nəsnə də aramaq olar.
- Bəs dinin fəlsəfəsində həqiqətən də ali dəyərlər varmı? Yoxsa bu biz insanların interpretasiyasıdır?
- Ərəbin “həqiqət” sözü elə təmtəraqlı səslənir ki, adamı aldadır. Dinlə bağlı “həqiqət” deyəndə adamlar ekstaza düşürlər. Halbuki dindən “həqiqət”, yəni doğru ölçüsünü götürəndə bir çox iyrəncliklər aradan tüstü kimi sovuşub gedir. Hər təriqət, hər din “doğrunu mən deyirəm!” söyləyəndə, o biriləri yalana, ya köhnəlmiş doğrulara çevrilir. Bununla da mərəkə başlayır.
Təriqətlər bir-birini qırır, partladırlar. İkiüzlülük də bundan başlayır. Sünni üzdə "şiə qardaşım", şiə "sünni qardaşım" deyir, ancaq "öz aramızda" söhbəti gələndə bir-biri haqqında gic-gic sözlər deyirlər. Bütünlükdə müsəlmanlar arasında bir-birindən gic-gic danışmaq geniş yayılıb, ona görə də hərdən demək istəyirsən: sən namazını qıl, ibadətini et, ancaq başqaları haqqında danışma! Sözsüz, ifadəlilik, pikant, yəni acı tam verən bildirmə xatirinə mən "gic-gic danışmaq" ifadəsini işlədirəm, daha nəzakətli sözlər tapmaq olardı…Ancaq qüsura baxmayın, ateistlər də, xristianlar da, axı, tez-tez gic-gic danışırlar.
- Bəs ali həqiqət, mütləq həqiqət nədir?
- Onu Allah varsa, O bilməlidir. Hərçənd gerçəyi Tanrının bilməsi məsələsində Hegel də, bizim müsəlman filosoflarından, deyəsən, İbn Rüşd də nəsə cızıq, limit qoyublar. Hegel deyirdi ki, Mütləq Qut (Ruh) dünyanı yapa-yapa, yapdıqlarını düşünə-düşünə gerçəyi konkretliyində bilir. Həqiqəti ümumi şəkildə bilmək isə ağıllı bilmə deyil. İbn Rüşd Hegeldən öncə aydırmışdı: “Allah ümumiləri bilir, konkretlikləri yox”. Ancaq indi yadımdan çıxıb, arxivimdə eşələnməyə həvəsim yoxdur, bəlkə də bunu Fərabi və ya İbn Sina deyib.
- Bəs Allahı qəbul edirsinizsə, yeganə mütləq həqiqət odurmu?
- Sizə bir paradoksu deyim, paradoks bilirsiniz nədir? - "Biri olanda o biri olmamalıdır" kuralını pozanlardır. Yəni Allahı qəbul edirəmsə, onun ali gerçək olmasını da qəbul etməməliyəm, etməyəndə paradoks alınır. Bu paradoks məndə də var. Allahın olmasını qəbul edirəm, ancaq düşünmürəm ki, ali həqiqət var. Mən belə anladardım: ayəzizlərim, gerçəyin, həqiqətindinideyimlərədəxliyoxdur! Götürün muğamı və mənim qardaşım Elçinin sevdiyi Mosartı. Onun ikisi haqqında da gözəl məqaləsi var, "Ədəbiyyat" qəzetində çap olunub. İkisi də gözəl musiqidir, di gəl biri o birisindən "daha gerçək olan", "daha doğru danışan" prinsipi ilə ayrılmaz. Elmdə belə deyərlər: "həqiqət ölçüsünün musiqilərin ilişgisinə dəxli yoxdur". Yəni "doğru kriteriyası musiqinin estetikasına irrelevantdır". Hər musiqinin altında eybəcər də rəqs etmək olar, gözəl də. İslamın şiə və ya sünni versiyalarını gözəl oynayanlar da var, çirkin oynayanlar da. Xristianlığı gözəl oynayanlar da var, çirkin oynayanlar da . Ona görə də başçılıq etdiyim Vətəndaş Cəmiyyəti üzrə Qadınlar Alyansının QHT Şurası tərəfindən dəstəklənən proqramında biz bu əsas ideyanı yeridirik: “İslamı anlamağı çağdaş etmək lazımdır ki, "eybəcər rəqslər" aradan getsin”
Kantdan sonra tam aydınlaşdı ki, "yaxşı olan yararlı olandır". Bax, dinlərlə, təriqətlərlə ilgili yaxşı-pis ölçüləri relevantdır. Bunu anlatmaq önəmli olduğu üçün üstündə dayanım. Göz qabağına gətirin, elə bir mənzil quruluşunu ki, ailədəkilərin bir-birindən gizlinə çəkilməsinə, bir-birinə az rast gəlməsinə imkan verir. Hərənin öz televizoru, öz tualeti, öz soyuducusu olanda, tam uzaqlaşma baş verir. Başqa dizayn da ola bilər ki, ailə üzvlərini daha yaxın məsafədə yaşamağa məcbur edər. Hansı tip yaxşıdır? Baxır hansı amacları, məqsədləri ortaya qoyursan. Əgər ailə içində konflikt çoxdursa, birinci tip bu məqsəd üçün yararlıdır - az rast gəlib az dalaşsınlar. Əgər ata-ana, uşaqlar arasından yadlaşmanı götürmək istəyirsənsə, ikinci tip daha yaxşıdır. Sözsüz, mən dolaşıq məsələsini bir az sadələşdirirəm, ancaq yadınıza salın, bəzən necə elitar evlərdə yaşayanlar köhnə məhlə dünyasının həsrətini çəkirlər. Ya da Bakının Dubaysayağı səliqəsindən bezənlər, kənddə yaşamağın həsrətini çəkirlər.
Dəyər bizə yaxşı və pis olanlardan yaranır. Bir nəsnə nəyə görəsə pis, yəni yararsız, nəyə görəsə yaxşı, yəni yararlı olanda dəyərə çevrilir. Bu anlamda dinlər türlü və ayrı-ayrı dünya modellərini verirlər – bu fərqlər onlardakı dəyərlər sistemindəki fərqlərdən gəlir. Yerində dərindən kədər keçirmək, yazığı gəlmək insanı mənəviyyatca zənginləşdirə bilər. Ancaq bütün vaxtı ağlamsınan, qüssə ilə gəzən adamlar hamını bezdirir. Muğam yaxşıdır, ona görə ki, adamı mənəviləşdirən kədəri yaradır. Şiəlik yaxşıdır, ona görə ki kədərin estetikasında Allaha tapınmağa, ibadət etməyə qulluq edir. Ancaq Ağaoğludan bir yazı məni sarsıtmışdı. O yazmışdı ki, indiki İranda bütün yazılar sısqayır, kədərli olmayan məqalələr məqalə sayılmır. Yekə-yekə kişilərin, "vay Hüseyn, vah Hüseyn" deyib arvad-arvad ağlaması, sinəsinə vurması, həmişə demirəm, ancaq tez-tez normal adamın ətin tökə bilər.
Gülüş insanı zənginləşdirən duyğulardandır, ona görə gülüş estetikasından istifadə edən ibadət də önəmlidir. Bundan bektaşilər, yəhudilərdə xasidlər istifadə edirlər. Ancaq dində sırtıqlığa, aşırı sinizmə gətirən gülüşə qulluq edən törənlər də pisə çevrilirlər.
Ortada əyyaşlığın yayılmasının qarşısını almaq amacı varsa, İslam bu problemi çözməkdə öz dəyərini göstərir. Ancaq ölkənin iqtisadi yüksəlişində əyləncə yerlərinin, içki məclislərinin stimullaşdırıcı rolu var, İslamı bu iqtisadi sahəni öldürmək vasitəsinə çevirəndə dinimizi eybəcər rəqsin musiqisi edirlər. Baxın, normaldırmı, İrandan, Səudiyyədən bura içib-kef çəkmək üçün gəlirlər? Yaxşı olmazdımı ki, öz ölkələrində içsinlər?! Bu anlamda Azərbaycandakı durumdan razı olmaq olar. Bir yandan minlərlə adam var ki, İslama sevgisinə görə içmirlər, o biri yandan o qədər də adam var ki, ürəyi istəyəndə içə bilir və bu, onun İslam sevgisini azaltmır. O ki qaldı əyyaşlara, bizdə onların faizi elə azdır. Mən özüm içən olmuşam, indi də hərdən içirəm, ancaq alkoqolik olmadım, axı! Sovet dönəmində bir yazı oxumuşdum, orada yaradıcı adamların içkipərəstliyi ilə bağlı deyilirdi ki, onlar içməsəydilər, daha böyük uğurları olardı. Yalan sözdür!
Yox, kimlərləsə bağlı bu söz doğru ola bilər, ancaq bir xeyli şair, musiqiçi, rəsam olub ki, içki, nəşə olmasaydı, yaxşı yarada bilməzdilər. İçki də yaradıcılığın fəsadlarındandır, tar çalanın barmaqlarının dərisi korlandığı kimi, balerinlərin ayaq barmaqlarının zədələnməsi kimi, futbolçuların yaşlananda kökəlməsi kimi…
- Allah varsa, səmavi hesab olunan kitabların hamısını o göndərib kimi düşüncələrin olması nə dərəcədə doğrudur?
- Bu "səmavi dinlər" sözü haradan gəlib?! Əgər İudaizmi, İslamı, Xristianlığı bir adda birləşdirmək istəyirsinizsə, "İbrahim dinləri" deyin. Yoxsa Hinduizm də, Daosizm də, Sixxizm də Göyə üz tutmuş, Göydən gözləyən dinlərdir.
Tanrı ideyası Ondan gələn soraqlarla qoşalıqda olmalıdır, biri varsa, o birisi də olmalıdır. "Biri var, ancaq o biri yoxdur" elə paradoksdur ki, məncə, heç kim bunun üstündə ilginc dini model qurmayıb.
- Bəs deizm?
- Hə, səhv etdim, Deizm qurub. O, Tanrının dünyanı düzüb-qoşmasını qəbul edir, ancaq sonradan dünya işlərini idarə etməsini, bura soraqlar yollamasını qəbul etmir.
İudaizmin, deyəsən, Talmud aşamasında ideya yaranmışdı ki, ən böyük Tövrat təbiətin özüdür və təbiəti Tövrat kimi oxumağı bacarmaq gərək! Bu ideyanın bizdəki çevrimi, transformasiyası hürufizm olub. Nəimigil də təbiəti mətn kimi oxumağa çalışırdılar, yəni nəsnə və olayları hansısa hərfə, hərf birləşmələrinə çevirirdilər.
19-cu yüzildə rus filosoflarından bəziləri, deyəsən, Solovyov Məhəmmədi peyğəmbər, Quranı da Tanrının kitabı sayırdı. O anlamda ki hər nə varsa, Tanrıdan gələn, səpələnən informasiyanı özündə həzm edib yayır. Rəhmətlik dostum Vaqif İbrahimoğlu da bu inamda idi. Şüa türlü mühitdən keçə-keçə sınır, türlü boyalar verir. Bunu əski yunanlar da bilirdilər. Bax, bəzi dini intellektuallara görə Tanrıdan gələn informasiyalar, soraqlar şüalar kimidir, ayrı-ayrı mühitlərdən keçəndə sına-sına davam edərək cürbəcür boyalar verirlər.
Qutsal kitablarda söz, us, düşüncə strukturlarına görə o informasiyalar daha aydın bilinir, təbiət olaylarında isə daha çox sınıb dəyişir, aydınlığını itirir.
Problemə mən də elə yanaşıram, İlahi soraqlar hər nəsnədə var, oxumağı bacarmaq gərək.
- Deyəsən təkamül təlimini qəbul etmirsiniz.
-Mən, sadəcə, təkamülə öz sualımı vermişəm. Face-bookda sualımı belə formulə etmişdim:
Bəzi heyvanlar, tutalım, fillər ölümqabağı sürülərini buraxıb tənha ölməyə gedirlər. Bu yaşlı heyvanların artıq seksi olmur ki, xasiyyətlərini balalarına ötürsünlər. Darvinizm isə hər hansı canlı növdə uyğunlaşma nəticəsində əldə edilmiş keyfiyyətləri ötürən kanal kimi cinsi əlaqəni göstərir. Təbii seçim bu yolla əldə edilir. Sualımsa budur: gənc heyvanların adaptasiya zamanı əldə etdiklərini yeni nəslə necə ötürməsi aydındır. Bəs qocalar əldə etdiklərini cinsi əlaqə olmadan necə ötürürlər? Yamsılama yolu ilə? Hevanların oynamaqla yamsılamasını qəbul edirəm. Ancaq cavanların ölmək üçün sürüdən qopan qocaları yamsılaması mənə ağlabatan görünmür.
Sualıma bəzi cavablar xoşuma gəldi, ancaq hamısı yox. Bir də insan fəlsəfi yanaşanda dindar olaraq da təkamülü qəbul edə bilər. Örnəyin, düşünə bilər ki, Allah təkamülü canlılar aləmininin birinin o birisindən doğmasını verən mexanizm kimi dünyaya verib.
Düzdür, bu Tövratın, Quranın dediklərinə düz gəlmir. Ancaq üzdə düz gəlmir. İnandırım sizi, yüksək ictihad, təfsir ustası Quranı elə yoza bilər ki, oradan təkamülə də əsas çıxara bilər. Hər halda Hegelin fəlsəfəsində Mütləq İdeya və onun o biri təzahürü Mütləq Qut dünyaya qanunları mexanizm kimi verərək dünyanı gəlişdirir. Nəzərə alın ki, bu dahi filosof Tövrata və İncillərə çox ciddi baxırdı.
- Donuz əti yeyirsiniz?
- Hərdən olur, ancaq bizim evdə tam yasaqdır. Hərdən restoranda "qaban əti yeyirəm" deyibən bəzi müsəlmanlar məzələnirlər. Donuz ətinin yasaqları ilə bağlı 90-cı illərdə məqalə yazmışam, sonra "110 nəsnə" kitabıma düşdü. Dinlərdə iki tip yasaqlar var. Biri mənəviyyatla bağlıdır, örnəyin, öldürmə, icazəsiz zina etmə oğurlama, paxıllıq etmə və s. O biri formal yasaqlardır, örnəyin, ipəkdən paltar geyinmə, qızıl qabda yemək yemə, donuz yemə və s. Formal yasaqlar insanda intizam yaratmaq üçündür. O, intizam kültürünü mənimsəyəndə mənəvi yasaqlara da əməl etmək təpərini qazanır. Yoxsa donuzda nə var ki, Allah-təalanın problemi olsun. Bəyəm o, Tanrının elə yağı düşmənidir ki, onunla savaşa çağırır?!
Futbol oyununda hər komandanın öz forması olmasa, meydanda aləm bir-birinə qarışar. Formal yasaqlar da geyim formaları kimidir, bir dinin adamlarını o birilərindən ayırır. Ona görə də mən müsəlmanların donuz ətini yeməməsinə yaxşı baxıram. O ki qaldı hərdən bu yasağın pozulmasına, bununla bağlı təsəvvüf hikmətini yada salıram. O hikmət insanları əhli-zahirə, əhli-batinə bölür. Əhli-zahiri əhli-şəriət də adlandırır. Bunlar o adamlardır ki, mənəvi, əxlaqlı, mömin olmaq üçün şəriətin yasaqlarına tabe olmalıdırlar. Əhli-batin isə bilgəliyində elə yüksək mərhələyə qalxır ki, daha yaxşı olmaq üçün şəriət intizamına əməl etməyə də bilir. Donuz məsələsində Quranda olan "oları" da yozmaq olar: əgər acından ölürsənsə, donuz ətini yeyə bilərsən. Düzdür, restoranlarda qaban ətini acından ölməmək üçün yemirlər. Ancaq Quran icazəsi göstərir ki, yasağın gücünü sonsuz şiddətləndirməyə gərək yoxdur. Şiddətləndirsən, birdən donuz südündən sabah xərçəngdən sağaldan dərman düzəltsələr, gərək içməyəsən. Gülməyin. Bəzi müsəlmanlar baş sındırırlar, əgər dərmanda spirt varsa, onda iynə vurum, ya vurmayım?
- Niyazi müəllim bayaq dediniz ki, fəlsəfəni hər yerdə axtarmaq olar. Bəs Azərbaycan müxalifətin zəif duruma düşməsinin fəlsəfəsində nə dayanır?
- Çox çətin sorudur, yaxşı cavabını tapmaq mənə çətindir. Azərbaycan müxalifətində, məncə, romantizm çox idi, realist olmaq lazım idi. Deyəsən, İsa Qəmbər idi, realist olma haqqında söz atmışdı və hamı düşmüşdü onun üstünə. Ancaq o çağlar reallıq çağırışı satqınlıq kimi qavranılırdı – romantizm müxalifət düşərgəsində bundan irəli gəlirdi. Bu yaxınlarda Hikmət Hacızadə kiçik dövlətlərin dış siyasətindən məqalə çap edib. O məqalənin ideyaları Sovetlər dağılanda səslənməliydi. Ancaq yadıma düşür ki, 90-cı illərdə mən adi adamların əxlaqından siyasətçinin əxlaqının fərqləndirilməsi haqqında yazmışdım. Bunda mənə Stanislavskinin bir broşüru etgi göstərmişdi. Orada ünlü rejissor yazırdı ki, adi qadınlar əxlaqından aktrisaların əxlaqı elə fərqlənlirilməlidir ki, birincinin təsiri altında ikincilər pozğun sayılmasınlar. Adi insanlar üçün satqınlıq olan siyasət üçün çeviklik ola bilər. Azərbaycan müxalifəti hakimiyyətlə münaqişədən çıxmaq üçün bütün siyasi mədəniyyət çərçivəsində onunla inteqrasiya yollarını tapmalıydı. Hərçənd bu yolda hakimiyyət də Azərbaycanın, öz balalarının gələcəyi naminə, ona doğru iri addımlar atmalıydı. Ancaq belə nəsnələri sözdə demək asandır, işdə hər an yaradıcılıq tələb edir. İndi yadıma düşür ki, “Azadlıq” radiosunun saytında müxalifətin hakimiyyətin öldürücü zərbələrini durdurmaq üçün yol xəritəsi vermişdim. Təsadüfə bax, sonradan bildim ki, oxşar ideyanı mərhum dostumuz Zəfər Quliyev də söyləyib. Hikmət isə söyləmişdi ki, müxalifət hakimiyyət iddiasından haqqoruyuculuq hərəkatına keçməlidir. İndi Milli Məclisdə oturan bir dostumuz buna öfkələnmişdi ki, necə siyasi partiya hakimiyyət iddiasından üz çevirə bilər. Məsələ belə dolaşıq idi.
- Bizdə ümumiyyətlə siyasi fəlsəfə formalaşıbmı?
- Siyasi fəlsəfə nə deməkdir, bunu mən yaxşı bilmirəm. Əgər siyasətlə bağlı sağçılıq, solçuluq, konservativlik, liberallıq tipində nəzəriyyələri deyirsinizsə, yox. Nəsə gözəl məqalələr tapmaq olar, məsələn Hikmətdə, Erkin Qədirlidə və daha kimdəsə. Ancaq doktrinalar verən yeni nəzəriyyələr varmı? Məncə, yoxdur.
- Bəs siyasətçilərimizin digər problemləri nədir?
- Dərin böhranlarıdır. Real-çılarda ağıllı uşaqlar var – bircə bunu deyə bilərəm.
-Sərdar Cəlaloğlunun çıxışlarına baxmısınız? Necə təsir bağışlayıb?
- Sərdar bəy məni bağışlasın, baxmamışam, onun üçün də təsirindən danışa bilmərəm.
- İsa Qəmbərlə münasibətiniz varmı?
- Münasibətim yoxdur, ancaq həmişə və indi də onun xətrini çox istəyirəm. Bir dəfə internetdə hansısa "ağıllıların" feykinə rast gəldim ki, guya mən İsa bəydən bezdiyimi söyləmişəm. Yalan idi. Yazdım ki, iftiradır. Bilmirəm İsa bəyə çatdı, ya yox. Hərçənd o mənim dostluğumda var, ola bilər ki, oxuyub. "Narahat olma" yazsaydı, xoş olardı.
- Daha nələri mütaliə etmək istərdiniz?
- İndi yaşımın və xəstəliyimin elə çağındayam ki, daha uzaq gələcəyə hesablanan planlarım yoxdur. Elə oxu planlarım da yoxdur. Muşğulat üçün ingiliscə bir az çox oxuyuram, CNN-ə baxıram. Bu vaxtımda nəsə gələcəyə ümüdim olmasa da TV-dən gələn ingiliscəni asan başa düşmək üçün məşq edirəm – heç bilmirəm bu, nəyimə lazımdır. Lap edama gedəndə skripkada hansısısa xalın necə çalınmasını ayaq saxlayıb öyrənmək istəyən bilgə yadıma düşür…
- Əxlaq anlayışına fəlsəfi aydınlıq gətirmənizi istərdik.
- Sadə cavab budur ki, əxlaq olmalı olanları göstərmək və onlara əməl etməkdir. Ancaq əsas konflikt nəyin olmalı olmasını hesab etməkdən başlayır. Bizim gənclər necə olmalıdır, qızlar necə olmalıdır, hakimiyyətdəkilər, varlılar necə olmalıdır? Belə sorular həm də əxlaqi sorulardır. Cavabında, adətən, nəsihəti sevənlər çeynənmiş məsləhətləri aydırırlar. Ancaq Rəhman Bədəlovun ruhunda ağıllı axtarışlar olmalıdır cavab üçün.
- Gəlin bu suala bu müqayisə əsasında cavab verək. Fərz edək ki, bir qadın fahişədir, amma heç kimi aldatmır, oğurluq etmir. Biri isə fahişə deyil, amma cinayət tərkibli əməllər edir ya da yalanlar danışır. İndi kimdir əxlaqlı?
- İkisinin də əxlaqında mənfiliklər var, birində az, o birisində çox ola bilər. Ancaq ikisi də yönlü adam deyil. Fahişə peşəsinə görə tam korlanmayıbsa, ona yazığı gəlmək olar. Bu, bir fərqdir. Sualınız bilirsiniz nəyə oxşayır? Soruşurlar, biri İslamın namazına, orucuna əməl edir, ancaq bu, onun yaramaz olmasına əngəl olmur. O biri əxlaq baxımından gözəl insandır, di gəl namaz qılmır, Allaha inanmır. Hansı Cənnətə düşəcək. Məncə, Cənnət varsa, ikinci düşəcək.
Namusun qalmasını istəyiriksə, bir xeyli müsəlman üçün namussuzluq mühiti olan qadın azadlıqlarını da istəməliyik ki, iqtisadiyatmız yüksək olsun və millətlər yarışında uduzmayaq. Onda ərsiz qadınların arasından bədənlərini satanların sayı azalacaq, xəstə ata-anasına dərman almaq üçün gənc qızlar fühuşa getməyəcəklər.
- Özünüzü bundan sonra çətin ki, siyasətdə görəsiniz eləmi?
- Mən siyasətdə olanda axır-axır darıxırdım. Gizlətmirəm, nədənsə təhlükə görməkdən bezmişdim, mitinqlərlə bağlı adi adamların ürəyimdə məsuliyyətini çəkməkdən bezmişdim, müxalifətçi olan adamların, özüm qarışıq, mənəvilik keyfiyyətinin aşağı olmasından bezmişdim. İçəridə olan çəkişmələrdən, gözü götürməzlikdən bezmişdim. Ona görə Müsavatdan qopdum, hərçənd siyasi mədəniyyətimizdə onun qalmasını, uğurlar qazanmasını arzulayıram. Dediklərim o biri partiyalar da aiddir. İndiki halımda uzaq gələcəklə bağlı siyasi planlar qurmağım gülünc olardı.
- Ağalar Məmmədovla aranız yaxşıdır?
- Yaxşı olub, indi əlaqəmiz yoxdur. Onun son yazılarından da xəbərim yoxdur, ya mənə çatmayıb, ya da oxumamışam. Ancaq onun alman dilini yaxşı öyrənib gözəl fəlsəfi yazılar yazmasını gözləyirəm.
- Azərbaycanda darıxırsınız?
- Düzdür, indiki zamanda sosial şəbəkələr, internet Avropada ola-ola Azərbaycanla nə qədərsə birlikdə yaşamağa imkan verir. Hətta mühacirlər balaca Azərbaycan da düzəldə bilərlər. Ancaq Azərbaycanın özündə yaşamaq, yaşayıb qəzəblənmək, yaşayıb sevinmək başqadır. Adam gənc olanda yabançı ölkələrdə başı qızlara, kefə qarışır, Azərbaycan yadına düşmür. Biz Moskvada belə yaşamışıq. Bir az yaşlaşanda durum dəyişir.
- Sonda. Mümkünsə, ailəniz haqqında da məlumat verərdiniz.
- Mənim professor Dilarə Mehdi kimi gözəlliyini indidə saxlamış xanımım var. Oğlum Toğrul Mehdi 36 yaşında birdən-birə "Nekrofilin aqibəti" adında gözəl roman yazıb. O, Anarın tövsiyyəsi ilə "Literaturnıy Azərbaycan"da çap olunub. Kitab variantında qara şriftli hisssələrin yeri səhv düşdüyündən xarab olub, ona görə də dükanlara verməyib. Orxan Toğruldan böyükdür və istedadı onun kimidir. Mat qalasıdır. Onlar mənim yazılarımı çox az oxuyublar, Xristos deyib, axı: Öz elində peyğəmbər olmaq olmur. Ancaq buna baxmayaraq hamısında öz düşüncə tərzimi duyuram. Böyük oğlum Ştefan Rula (ata-oğul münasibətlərimizi sənədləşdirib) evimizin sevimli qonağıdır, hər il bizə gəlir, iki gündən bir isə “Skayp”la danışırıq. Gözəl həkimdir. Hər dəfə görüşəndə ata-bala çoxlu siqaret çəkib gap edirik. Neçə dəfə mənim ideyalarım əsasında almanca birgə məqalə yazmaq istəmişik, ancaq o hələ də tilsimi qıra bilmir. Ştefan mənim həyatımı xeyli maraqlı edib. Qardaşları ilə dostluğu da xoşuma gəlir. Heyif ki, Orxan da, Ştefan da evli deyillər.
- Biz istərdik ki, Milli Dirçəliş Gününü Azadlıq meydanında qeyd edək...
18 noyabr 2024 10:57
- Baba Pünhanın qızı: Mirşahin atamın üstünə gəlmişdi ki... - Müsahibə
11 noyabr 2024 21:16
- Baba Vəziroğlu kimi ortabab şairə yubiley keçirirlər, mənə yox…Niyə? –Qocaman yazıçımız Vaqif Nəsib /MÜSAHİBƏ
5 noyabr 2024 10:37
- Eldar Mahmudov düşmənimdir, məni hədələyirdi... - Əvəz Ələkbərovla SENSASİON MÜSAHİBƏ
1 noyabr 2024 16:37
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 2024 20:50
- Bu yollar üç saatlıq bağlanacaq - Siyahı
26 oktyabr 2024 10:15
- İlham Əliyev BU ŞƏXSLƏRLƏ bağlı sərəncam imzaladı
25 oktyabr 2024 16:39
- Bu Avropa xalqının əcdadı azərbaycanlılardır - Nadir sənəd
25 oktyabr 2024 13:04
- Elçibəyi hakimiyyətə 3 yəhudi gətirmişdi - Nemət Pənahlı )))
12 oktyabr 2024 12:13
- Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür
12 oktyabr 2024 12:03
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 13:34
- Rasim Balayevin səhhəti necədir?
22 noyabr 13:22
- Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi
22 noyabr 13:16
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 13:08