“Aprel şəhidi”nin xanımı: “Səhər duranda da onu axtarırıq...” (FOTOLAR)
Günün sitatı4 fevral 2018 14:03
Şəhidlər qürurumuz, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur...
Qaynarinfo modern.az-a istinadən bildirir ki, müsahib "Aprel döyüşləri"ndə şəhid olmuş polkovniki Vüqar Yusifovun həyat yoldaşı Lalə Əliyevadır.
Qısa arayış: Vüqar Yusifov 1976-cı ilin 2 noyabrında Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1983-cü ildə Şiştəpə kənd orta məktəbinin birinci sinfinə gedən Vüqar Yusifov 1993-cü ildə həmin məktəbi bitirib. Elə həmin il Türkiyə Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olan Vüqar Yusifov 1997-ci ildə leytenant rütbəsi alıb və bir il sonra həmin hərbi ali məktəbi bitirib.
Daha sonra Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayan V.Yusifov polkovnik rütbəsinədək yüksəlib. O, 2016-cı ilin "Aprel döyüşləri" zamanı həlak olub.
Ailəli idi. 3 övladı yadigar qalıb.
Vüqar Yusifov göstərdiyi qəhrəmanlığa görə, ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edilib.
Şəhidin gizli sevgisi...
Şəhidimizin xanımı Lalə Əliyeva üçün ilk tanışlıqlarından danışmaq çətindir. Lalə xanım deyir ki, arzularının gerçək olmasını görmək Vüqara qismət olmadı.
"Vüqarla dayım qızının həyat yoldaşı dost olublar. Elə bizim tanışlığımız da bu dostluq sayəsində baş tutub. O vaxtlar mən məktəbli idim. Ali məktəbə hazırlaşırdım. Vüqarın mənə qarşı sevgisi olsa da, bunu gizli saxlayıb. Çünki hələ orta məktəbi bitirməmişdim. Yalnız orta məktəbi bitirməyimə bir neçə ay qalmış Vüqarın mənə olan sevgisindən xəbər tutdum. Onu ailə dostu kimi qəbul etmişdim. Onun dayımgilə gedib-gəlməsi mənə adi gəlirdi. Çünki Vüqar o qədər tərbiyəli insan idi ki, məni dərslərimdən yayındırmağa cəhd etməyib. Mənim təhsil almağıma şərait yaratmışdı. Evlilik məsələsi gündəmə gələndə ailələr bu izdivaca tərəddüdlə yanaşmışdı və bu da normal idi. Çünki hər ikimiz fərqli rayonlardan idik. Ailələrimiz tanış deyildi. Ona görə də fərqli fikirlər söylənildi. Amma Vüqarda insanı ələ almaq bacarığı vardı. Hətta mənim valideynlərim də onu çox istəməyə başladılar. Həmin vaxtlarda Azərbaycan Texniki Universitetinin mühəndislik fakultəsinə daxil oldum. Sadəcə, ixtisasım qadın ixtisası olmadığına görə Vüqar narazı idi. Həmişə deyirdi ki, qadın üçün müəllimlik peşəsi daha məqsədəuyğundur. Universiteti bitirdikdən sonra Vüqarın istəyi və razılığı ilə ikinci ali təhsil almaq üçün sənədlərimi Azərbaycan Dövlət Pedaqoji Universitetinə verdim. Adıçəkilən universitetin məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə təhsil almağa başladım. Nə yazıq ki, hər insana arzularını görmək həmişə nəsib olmur. 2015-ci ildə Vüqarın istəyini yerinə yetirsəm də, 2016-cı ilin aprel hadisələri onun arzusunu gözündə qoydu".
"Qardaşımı itirmişəm" deyirlər"
Şəhidin xanımı deyir ki, Vüqara olan sevgisi hər şeydən üstün olub.
"2004-cü ildə həm universitetə qəbul olundum, həm də Vüqarla nişanımız oldu. 2 il nişanlı qaldıqdan sonra 2006-cı ildə Şəmkirdə toyumuz oldu. Düzü, ilk vaxtlarda hərb işinin çətinliyini anlayırdım. Amma Vüqarda elə bir xarakter vardı ki, içimdə yaranan qorxu hissini dəf etməyi bacarmışdı. Mən şəhər mühitində böyüsəm də Vüqarla kənd mühitində çox rahat yaşamağa alışdım. Onun xidmət etdiyi hərbi hissə dağlıq ərazidə yerləşirdi. Dağlıq ərazilərdə isə müxtəlif həşəratları görmək olurdu. Amma mən heç nədən qorxmurdum. Hətta bir neçə dəfə kirayə ev tutub hər gün gedib-gəlməyi təklif etmişdi. Buna razı olmayaraq, "sən harda, mən də orda" deyirdim.
Əgər ailədaxili məsələlərdə kimsə bizi incitmiş olsaydı, Vüqarın xətrinə hər şeyə dözərdim. Çünki Vüqardan heç vaxt artıq-əskik nəsə eşitməmişəm. Valideynlərimə qarşı o dərəcədə hörmət saxlayırdı ki, ailə üzvlərimdən kimsə onun şəhidliyindən danışarkən bir kəlmə deyirlər. "Qardaşımı itirmişəm"".
"Heç vaxt yoxluğunu dilə gətirmədi"
Şəhidimizin həyat yoldaşı üçün hər şey yerindədir. Bircə Vüqardan başqa.
"2 qızımız və oğlumuz var. Vüqar şəhid olanda böyük qızımızın 8 yaşı vardı. Onun ağlı kəsdiyi hadisələri analiz edə bildiyi üçün mənə atası barədə təsirli suallar vermir. Balaca uşağımız arada soruşur ki, "atam niyə gəlmir?!. Məndən küsüb?!".
Vüqara aid nə varsa bir guşə düzəltmişik. Onun əşyaları, paltarları bir şkafda bağlı qalır. Əslində, Vüqara aid hər şey yerindədir. Bircə, yerində olmayan Vüqardır.
Vüqarın məzarı Şəmkirdədir. Bəzi adamlar elə düşünür ki, məsafənin uzaqlığı bizə çətindir. Əsla elə deyil. Niyə axı, şəhid atamızın, həyat yoldaşımızın məzarını ziyarət etmək çətin olmalıdır?! Vüqarın məzarını hər bayramda çalışırıq ki, gedib ziyarət edək.
Vüqar heç vaxt məni çətinliklərə alışdırmadı. 2014-cü ilin avqust döyüşlərinə gedərkən də təlimə getdiyini söyləmişdi. Həmişə təlimə gedəndə deyirdi ki, "biz təlimdə heç nə etmirik. Eləcə, yoxlamağa gedirik". Heç demə, həmin vaxt çox qızğın döyüşlər gedibmiş. Avqust döyüşlərindən sonra Vüqar evə elə bir vəziyyətdə gəldi ki, görkəmi çox qorxulu idi. Qapıdan içəri girəndə rəngi pis vəziyyətdə idi. Təsəvvür edin, qanlı döyüşlərin içində 3 gün ac-susuz qalıb. Amma evin qapısından içəri gülə-gülə girir. Bu vəziyyətinin səbəbini soruşanda mənə dedi ki, "yıxılmışam". Sonradan hərbçi dostları danışanda bəlli oldu ki, Vüqar və döyüş dostları cəbhədə ağır döyüşlərin içində olublar. Vüqar heç vaxt yoxluğu barədə danışmayıb. Amma bir dəfə televizora baxanda qəfildən "şəhid olsam, nə edərsən?!",-soruşdu. Düzü, bu sual mənə qəribə gəldi. Sonra ardınca, "şəhid olan insanların ailəsinə həmişə hörmətlə yanaşırlar. Şəhidlik elə-belə zirvə deyil" dedi. Mən də onun sözlərinə zarafatla cavab verdim ki, "düz deyirsən, hamı məni göstərib deyəcək ki, baxın, bu, şəhid yoldaşıdır. Səni də Fəxri Xiyabanda dəfn edəcəklər".
Nəsə zarafat edib qurtarandan sonra belə zarafat etməyin doğru olmadığını söylədim. Həmin anda Vüqar kövrəldi. Dərhal sözünü dəyişdi. Bir yerdə yaşadığımız müddətdə yalnız bir dəfə həyatda olmaması ilə bağlı fikirlərini dilinə gətirmişdi. Heç vaxt "mən olmasam, bunu edin" deməyib. Həmişə hərbi sirri qoruyub saxladı".
Sonuncu görüş, sonuncu zəng
2016-cı ilin "Aprel hadisələri"ndən danışarkən Lalə xanım Vüqarsız keçirdikləri sonuncu günləri yada saldı:
"2016-cı ilin yanvar ayından Vüqarı evdə çox az görməyə başladıq. Yanvarda və fevralda evə 4 dəfə gəlmişdi. Hətta, həmin ərəfədə 20 günlük məzuniyyət götürsə də, evdə olmadı. Buna görə çox narahat idim. Etirazımı bildirirdim. 2 ay ərzində çox aqressiv olmuşdum. Vüqarın evdə olmamasına görə uşaqlar da çox narahat idi. Atalarını istəyirdilər. 2016-cı ilin martında Novruz çərşənbələrini Vüqarsız keçirdik. Heç birində evə gəlmədi. Təsəvvür edirsiz, uşaqların gözü yolda qalmışdı. Onlara baxanda ürəyim ağrıyırdı. Novruz bayramı günü qızım atasına zəng etdi ki, evə tez gəlsin. "9-dan sonra gəlsən, sənə qapı açmayacam. Sən həmişə hamının atasından evə gec gəlirsən" dedi. Vüqar da cavabında "qızım, burda əsgərlər var. Onların ata-anaları yanında yoxdu. Amma sənin anan yanındadı. Onlar da üzülürlər axı. Onlarla keçirim, gələcəm" söylədi. Əslində yalan da olsa, sözün düzünü deyirdi.
Axşam saat 11-in yarısı Vüqar gəldi. Amma qızım qapını açmırdı. Elə Vüqarla keçirdiyimiz sonuncu bayram gecəsi oldu. Guya uşaqları martın 21-i gəzməyə aparacaqdıq. Alınmadı. Martın 26-sı evə yorğun vəziyyətdə gəldi. Paltarlarını toplamağımı xahiş etdi. Bir həftəlik təlimə gedəcəyini söylədi.
27-si axşama yemək hazırladım. Vüqar gəlməli idi. Həmin anda bacım zəng edib nə işlə məşğul olduğumu soruşanda, axşam qonağım gələcəyini və yemək hazırladığımı dedim. Heç vaxt Vüqarın evə gəlməsini qonaq kimi qəbul etməmişəm. Elə bil Allaha mənə əyan elədi ki, Vüqar bir günlük gəlir. Sonuncu gəlişi zamanı o qədər fikirli idi ki!.. Özündə deyildi. Onun getməməsi üçün ağladım. Gedib generalına işdən çıxması ilə bağlı ərizə yazmağını istədim.
Martın 28-də və 30-da mənə mesaj yazdı ki, vəziyyət yaxşıdır, narahat olmayın. "Mənə nə zəng elə, nə də mesaj yaz. Vaxt tapan kimi yazacam".
O qədər dəqiq insan idi ki, vaxt tapan kimi uşaqları da məni də soruşurdu. Vüqar şəhid olan günə kimi heç nə anlamamışam. Uşaqlar azyaşlı olduqlarından başım onlara elə qarışmışdı ki, mətbuatdan-televiziyadan xəbərim yox idi.
Aprelin 1-də bibim oğlu mənə yazdı ki, bəs deyirlər bizimkilər Cəbrayılı azad ediblər. Mən də gülüş işarəsi göndərərərək, Vüqarın bu gün təlimdən gələcəyini yazdım. "Elə bir şey olsa, hamıdan qabaq bilərəm" dedim.
Aprelin 1-i axşama yaxın zəng edəndə uşaqlarla danışdı, amma mənimlə danışmağa başlayanda "hər şey yaxşıdır, mən getməliyəm" deyib tələsik telefonu söndürdü. Düzü, bu mənə qəribə gəldi. Həmin gecə yuxuda Vüqarın tabutunun gəldiyini gördüm.
Aprelin 3-ü ev telefonuna zəng gəldi. Telefonu götürəndə xırıltılı səs eşitdim. Amma adını telefonda deyə bilmirdi. Mən - Vüqar sənsən - deyə soruşanda cavab verdi ki, "mənəm, narahat olma, yaxşıyam. 2-3 günə gələcəm".
Aprelin 4-də televizoru açdım. Dünyadan da xəbərim yox. Televizorda şəhid xəbərləri eşitdim. Dərhal interneti açdım və xeyli şəhid verməyimiz haqda xəbərlər oxudum. Artıq ağlamağa başladım. Heç demə Vüqar aprelin 4-də səhərə yaxın şəhid olubmuş. Halbuki, hərbi şəhərcikdə nəsə soruşanda kimsə mənə bir söz demirdi. Sonra bir polkovnikin xanımı mənə Murad Mirzəyevin şəhid olduğunu yazanda "yazığın 2 uşağı vardı" deyib ağladım. Heç demə, Vüqarın döyüş yoldaşlarının şəhid olduğunu yazmaqla məni qara xəbərə hazırlayırmışlar. Vüqarı aprelin 6-da dəfn etdik".
"Gözlərim hər yerdə onu axtarır"
Müharibənin insanlara vurduğu mənəvi yaralar heç vaxt sağalmayacaq. "Aprel şəhidi"miz Vüqar Yusifovun həyat yoldaşı Lalə xanım müharibənin gətirdiyi acıları ürəkağrısı ilə danışır:
"Ailə birgəlik deməkdir. Hər bir qadın istəyər ki, həyat yoldaşı səhər çıxıb, axşam isti yuvasına dönsün. Vüqar 3 gündən sonra evə gələndə "ay Allah çox şükür, bu günümüzə də. Vüqar sağ-salamat evə gəldi" deyirdim. İndi çox qəribə olmuşuq. Səhər duranda da Vüqarı axtarırıq, axşam yatanda da. Həmişə deyirlər ki, ananın bala dərdi çox ağırdı. Mən deyərdim ki, ailənin başçısını, həyat yoldaşını itirmək ondan da ağır dərddir. Allah heç kəsin başına belə dərd gətirməsin. Hələ də anlaya bilmirəm ki, Vüqarın anası çox dərd çəkir, yoxsa mən?!
Atam, ya da anam dünyasını dəyişsəydi, deyərdim ki, Vüqar var... Məni ovunduracaq... Bəs Vüqarın yoxluğunu kim ovunduracaq?!... Heç kim... Düzdü, 3 övladımız var. Bəzən övladlarım belə Vüqarsızlığıma kömək ola bilmir. Anam halımı görüb deyir ki, 3 övladın var. Hərəsi bir dünyadır. Bəzən onlar da təsəllim ola bilmir. Vüqardan danışdıqca, danışmaq istəyirəm. Vüqarın yoxluğunu izah etmək çətindir. Hələ də elə bilirəm ki, yuxudayam. Gün gələcək mütləq bu yuxudan oyanacam və mən oyananda Vüqarı yanımda görəcəm. Vüqar şəhid olandan sonra elə bir gün yoxdur ki, onun xəyalı ilə danışmayım. Gözlərim hər yerdə onu axtarır. Hər gün dua edirəm ki, Vüqar yuxuma gəlsin, onunla söhbət edim. Ona o qədər deyiləcək sözlərim var ki!
Vüqarı həmişə təbəssümlə xatırlayıram. 2003-cü ildən bəri onun mənə yazdığı sözləri ayrıca bir dəftərdə sistemləşdirmişəm. Sanki o vaxtdan Vüqarı ölümsüzləşdirməyə başlamışdım. Texnologiyanın inkişaf etməsinə baxmayaraq, 2016-cı ilə qədər ondan məktub almışam.
Bir də müharibə olmasın. Heç bir qadın başsız, heç bir uşaq atasın qalmasın. Vüqar şəhid olandan sonra hərbi paltarlı insan görəndə baxmamağa çalışıram. Axı, neçə illər idi ki, Vüqar da o paltarda vətəninə xidmət edirdi. Onun məzarı başında nə doyunca ağlaya, nə də gözlərinin içinə baxa bilirəm. Qəhər boğur məni. Elə bilirəm ki, qarşısında məni aciz görsə, üzüləcək. Çünki sağlığında qarşısında ağlamağı sevmirdi. Ancaq şəkillərinə baxıb gizli-gizli ağlayıram".
Oxşar xəbərlər
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 2024 16:42
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 2024 15:48
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 2024 11:58
- Hər kolbasa yedikcə, ömrünüzdən 24 dəqiqə oğurlanır: SENSASİON tədqiqat
20 dekabr 2024 11:41
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 2024 21:09
- İş adamı Məhərrəm Novruzov da ağac kəsiminə görə məhkəməlik oldu
19 dekabr 2024 19:15
- ABŞ-də həbsdə olan azərbaycanlı QANUNİ OĞRU-nun qardaşı Şirvanda dəhşətli...
16 dekabr 2024 01:15
- Ramzan Kadırov gözəllik salonlarını BAĞLAYIR ))
15 dekabr 2024 19:03
- İranda HİCABSIZ konsert verən müğənni ilə bağlı qərar
15 dekabr 2024 16:08
Xəbər lenti
- Uşağınızın boyu böyüyəndə nə qədər olacaq?
23 dekabr 00:06
- Türkiyə həmişə Suriyanın yanında olub, bunu unutmayacağıq – Colani
22 dekabr 23:54
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 23:36
- 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
22 dekabr 23:22
- 1980-də İranda EDAM edilən Dr.Ferruhrunun SON MƏKTUBU
22 dekabr 22:34
- 10 yaşlı qızı vəhşicəsinə öldürüb yeyən adam İYNƏ VURULARAQ edam edildi
22 dekabr 21:00
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 20:16
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 19:49
- ABŞ senatorları 100 ildən çoxdur hər gün bu şorbanı yeyirlər - Nədən hazırlanır?
22 dekabr 17:41
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 16:42
- Heydər Əliyevin yaxın dostunun oğlu vəfat etdi
22 dekabr 16:28
- İndiyədək metropolitenə kimlər rəhbərlik edib?
22 dekabr 15:48
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
Video & Fotoqalereya
Video
Fotoqalereya