Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
Böyük Azərbaycan Partiyası (BAP) ilk dəfədir Azərbaycan Milli Məclisində təmsil olunur. Partiyanın sədri Elşad Musayev VII çağırış Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü kimi fəaliyyət göstərir.
BAP-ın parlamentdəki sədri Elşad Musayev Modern.az saytının suallarını cavablandırıb, bir sıra maraqlı məsələlərə dair fikirlərini bölüşüb:
- Elşad müəllim, siyasi fəaliyyətlə məşğul olmağa necə qərar vermişdiniz?
- Tələbəlik illərimiz xalq hərəkatı dövrünə təsadüf etdi. 1990-cı ildə mən Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirmişəm. Xalq hərəkatı başlayan gündən biz də həmin onun içində olmuşuq. Xalq hərəkatı ilk növbədə universitet tələbələrindən başladı. Tələbə vaxtı mən həm də istehsalatda işləmişəm. Daha sonra Binəqədi rayonu Əhaliyə Məişət Xidməti kombinatında hüquqşünas kimi çalışdım. Ardınca Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) quruculuğunda iştirak etdim. 2000-ci ilə qədər AMİP sıralarında olmuşam. Sıravi üzvlükdən Binəqədi rayon təşkilatının sədri vəzifəsinə yüksəlmişəm. Sonra AMİP-də ilk baş katib oldum. 2000-ci ildə AMİP-dən istefa verdim.
2003-cü ilin may ayının 11-də Böyük Azərbaycan Partiyasının ilk təsis qurultayını keçirdik və tamamilə yeni bir siyasi xətt götürdük. Biz hesab edirik ki, partiyaların bir hədəfi olmalıdır: Böyük Azərbaycan. Böyük dövlət yalnız ərazinin böyüklüyünə əsaslanmır. Böyük dövlətlər həm də əhalisi rifah içərisində yaşayan, dünyada qəbul olunan ölkələrdir. Partiyanın qeydiyyat məsələsində problem vardı. Bizə partiyanın adını dəyişmək təklif olunurdu. Hətta bəzən ironiya ilə deyirdilər: "Qərbi Azərbaycan gedib, İrəvan xanlığı gedib, indi də Qarabağ gedib, hansı böyük Azərbaycan?". Zaman göstərdi ki, biz daha düzgün mövqedə olmuşuq, strateji baxımdan düz fikirləşmişik.
44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdik. Azərbaycan son 200 ildə itirdiklərinin əvəzində ilk dəfəydi ki, möhtəşəm qələbə qazanırdı. Ardınca Qazaxın işğaldakı 4 kəndi qaytarıldı.
Ermənilər 1920-ci ildən bəri zaman-zaman torpaqlarımızı işğal ediblər. Qars və Moskva müqavilələrindən sonra Naxçıvanın 15 faiz ərazisi ermənilərə verilib. Hesab edirəm ki, işğal olunmuş ərazilərimizlə bağlı iddialarımız olmalıdı. Bəzən buna etiraz olaraq, “başqa ölkənin ərazisinə iddia etmək olmaz” deyirlər. Biz heç kimin ərazisinə iddia etmirik. Bizdən qoparılan ərazilərə iddia etmək boynumuzun borcudur. İtirilmiş hansı torpaqlarımız işğalda qalırsa, onların qaytarılmasına iddia etməliyik. Ermənistan müharibədə bizə həddindən artıq mənəvi və maddi ziyan vurub. Həm də bunun əvəzini ödəməlidir. Bizim mövqe belədir.
Güzəştli mövqe tutanlar, Azərbaycanı kiminsə yedəyində görmək istəyənlər də var. Siyasi partiyalar arasında belə düşünənlər zaman-zaman olub. Qərbmeyilli, rusmeyillilər mövcuddur. Biz Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Türk dünyasının formalaşması üçün əhəmiyyətli rol oynayacağı qənaətindəyik. Bu yolu doğru hesab edirik.
- AMİP-dən ayrılıb yeni siyasi təşkilat qurmağınıza səbəb nə oldu? AMİP lideri Etibar Məmmədovla hər hansı münasibətiniz qalırmı?
- Bu məsələ açığı köhnə dəftərdi. Köhnə dəftəri açmağın xeyri yoxdur. Biz daha çox irəli baxmalıyıq. Bəzən görürəm ki, 1992-93-cü illərə aid hansısa hadisələri indi müzakirə edir, bir-birilərini qırırlar. Onlar artıq qapanmış səhifələrdir. Biz Azərbaycanı inkişaf etdirmək istəyiriksə, yeni hədəflərə doğru addımlar atmalıyıq.
Mən AMİP-dən çıxanda sərt bəyanatlar vermədim, bir-iki danışanlar vardı, onların cavabını verdik. Ölənlərin arxasınca danışmaq, keçmiş dəftərləri qurdalamaq bizim üsul deyil. Ölkə üçün əhəmiyyətli bir açıqlama vermək məcburiyyətində qalanda köhnə dəftəri qurdalamaq olar. Qalan məsələlər qapanıb. Aradan 21 il ötüb. Hesab etdik ki, biz ayrıca fəaliyyət göstərməliyik. Bir şeylə razılaşmırsansa, normal, yenilikçi, demokratik düşüncəli adamlar öz yolları ilə gedir. Biz də öz yolumuzla getdik. Nə qədər çətin olsa da, nəticə göstərdik. Partiya yarananda bizə qarşı o qədər təzyiq, gözügötürməzlik oldu ki...
Mənim siyasi fəaliyyətdə partiya sədrlərinin əksəriyyəti ilə çox yaxşı münasibətim vardı. Amma onların bir çoxu qəribədir ki, qurultay keçirəndə bizi boykot etdilər. Vaxtilə müxalifət cameəsinin əlində çoxlu mətbuat orqanları vardı. Həmin mətbu orqanlar da şəxsən mənə yaxın adamlara qadağa qoydular. Ondan sonrakı mərhələdə də biz heç kəsi söyüb təhqir etmədik. Konkret olaraq mili demokratik xətt götürdük. O xətlə bu günə qədər gəldik. Böhtan atan, aşağılamağa çalışan o qədər qüvvələr oldu.
Beş dəfə parlament seçkilərində iştirak etdim, rəsmi nəticələrdə ikinci oldum. Ötən seçkilərin nəticələri ilə bağlı Avropa Məhkəməsi bizim xeyrimizə qərar çıxardı. Builki seçkilərdə çox yaxşı kampaniya apardıq. Azərbaycanda ən yaxşı seçki kampaniyasını biz apardıq. Kim istəyirsə, gedib 10 saylı Binəqədi Seçki Dairəsində sorğu keçirsin ki, kimə səs veriblər. Seçicilərin böyük əksəriyyəti “Elşad Musayevə səs verdik” deyəcək.
İndi parlament partiyasıyıq, təşkilatımızda canlanma var. Yeni adamlar, gənclər çoxdur. Ayrı-ayrı strukturları formalaşdırırıq. Eyni zamanda, dövlət maliyyə yardımı da verir. Hesab edirəm ki, bu da siyasi partiyaların inkişafı üçün çox vacib, önəmli haldır. Buna qədər partiyamızı üzvlərimiz vasitəsilə ayaqda saxlamışıq. Ölkə daxilində ianə, yardım almamışıq. Xarici dairələrdən də maliyyə istəməmişik. Azərbaycanda hamıya yaxşı məlumdur ki, kimin əli kimin cibindədir. Heç kim bizə o ittihamı irəli sürməyib, sürə də bilməz. Hesab edirəm ki, biz çətin yol gəlsək də, doğru yol gəlmişik.
- Sədri olduğunuz BAP-ın adı kiçik partiyalar sırasında qeyd olunur. Hətta bəziləri üzvləri az olan belə partiyaları “cırtdan partiyalar” adlandırır və iddialarının böyük olmasına görə ironiya edirlər. Siz bu kimi tənqidlərə necə cavab vermək istərdiniz...
- Bu, kimlərinsə subyektiv fikirləri, vəziyyəti bilmədən danışmaqdır. Biz prezident seçkilərində iştirak etdik. Amma özünü böyük adlandıran partiyaların heç biri risk edib bu seçkilərdə iştirak etmədi. Siyasi partiya yaradılıbsa, seçkilərdə də iştirak etməlidir. Demokratik yolla hakimiyyətə gəlmək istəyirsənsə, seçkilərdə iştirak etməlisən. Biz ən çətin dövrlərdə seçkilərdə iştirak etmişik. Partiyaların qeydiyyat məsələsi olanda 15 min üzv və ondan da çox rəqəmlər səsləndirirdilər. Amma onu deyənlərin heç biri 10 min üzv adı verə bilmədilər, 5 mini güclə verdilər. Böyük Azərbaycan Partiyası 6378 nəfərlə ilk beşlikdə olan partiya kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Son dövrlər sosial şəbəkələrə, göstərdiyimiz fəaliyyətlərə nəzər yetirsəniz, görərsiniz ki, Böyük Azərbaycan Partiyası artıq ilk üçlükdədir. Partiyamıza kifayət qədər gənclər gəlib. Biz heç kimi aşağılamırıq, "cırtdan" demirik. Adamlarımız da, yerimiz də, qərargahımız da var. Biz heç vaxt özünü göstərmə ilə məşğul olmamışıq. Kimisə aşağılamaq qeyri-ciddi, gerizəkalı adamların işidir. İnsan həm özünə, həm də qarşısındakına hörmət edər. Biz özümüzə hörmət etməyi bacarırıq. Heç kim deyə bilmədi ki, Elşad Musayevin partiyasını kimsə maliyyələşdirir. Tək-tək partiyalardanıq ki, özümüzü maliyyələşdirmişik. Mən həm də biznesdən gəlmişəm. Partiyanın rəhbərliyində olan adamlardan bəziləri indi də bizneslə məşğuldurlar.
Seçkilər zamanı gücümüzü, potensialımızı ortaya qoymuşuq. Son parlament seçkisində bir dairəyə fokuslandıq və çox böyük fərqlə qalib gəldik. 11575 səs topladıq, səhv etmirəmsə, müxalif partiya rəhbərləri arasında ən çox səsi mən yığmışam.
- Əvvəllər də deputatlığa namizəd olmusunuz, amma uğur qazana bilməmisiniz. Bu dəfə deputat seçilməyinizin səbəblərini nədə görürsünüz?
- Açıq etiraf edək ki, yaxın zamanlaradək Prezident Administrasiyasında Ramiz Mehdiyev kimi bir adam oturmuşdu. Onun milli-demokratik düşərgə üzvlərinə patoloji nifrəti vardı. Adam ölkənin milli mövqedə duran adamlarının qabağa getməyini xoşlamırdı. O cümlədən bizə münasibəti də beləydi. Əsas səbəblədən biri kimi onu bilirəm ki, hakimiyyətin içində milli, demokratik qüvvələrə qarşı pis münasibət vardı. Bu münasibətə görə istənilən vaxt fürsətdən istifadə edib bizi "vururdular". Ötən parlament seçkilərindən sonra ölkə başçısı cənab İlham Əliyev siyasi partiyalarla münasibətlərin yaxşılaşması ilə bağlı bir göstərişi verdi və Administrasiyada yeni şöbə yaradıldı. Şöbənin başında da Ədalət Vəliyev durur. Orada da tamam yeni, təmiz adamlar vəzifəyə gəldilər. Ondan sonra siyasi partiyalarla hakimiyyət arasında dialoq başladı. Bu dialoq nəticəsində çox normal münasibətlər quruldu. Azərbaycanda çoxlarına sərf edib ki, müxalifətlə hakimiyyət arasında qarşıdurma olsun. Kənar qüvvələr bunlardan istifadə edib. Kənardan hansısa beynəlxalq təşkilatın nümayəndəsi gəlib, Azərbaycanda hakimiyyətlə müxalifət arasında vasitəçi olub. Bunların marağında olub ki, dəstəklədikləri qüvvələr əsas partiyalar olsun. Ay bu ana, o ata partiyadır, belə bir şey yoxdur. İstənilən seçki dairəsində istənilən adamla normal seçkiyə gedərəm. Artıq dövr, zaman dəyişib.
44 günlük müharibədə də, ondan əvvəlki dövrdə də biz ortaya mövqe qoyduq. Müharibədən qabaq da, müharibə dövründə də, pandemiya olanda da açıq dedik ki, müxalifətçilik olmaz. Bu, bizim götürdüyümüz üçüncü xətt idi. Hakimiyyət və müxalifətin sərt qarşıdurma xətti vardı. Biz üçüncü yolu-dövlətçilik xəttini seçdik. Dövlətçilik, ölkənin ərazi bütövlüyü, milli mənafe məsələlərində heç bir fərqli mövqe ola bilməz. Ona görə də ərazi bütövlüyü, dövlətçilik məsələlərində açıq-aşkar ölkə başçısı cənab İlham Əliyevin siyasi xəttini müdafiə etdik. İndi də hesab edirik ki, bu doğru xətdir. Qalan sosial məsələlər, çatışmazlıqlarla bağlı tənqidi mövqeyimizi dilə gətirdik, indi də deyirik. Heç kəs də bizə irad tuta bilməz.
İndi Azərbaycanın qarşısında ciddi məslələr durur. Ölkəmizdə COP29 konfransı keçiriləcək. Bu dövrdə yalnız hakimiyyətin yox, həm də siyasi təşkilatların borcu və vəzifəsi odur ki, ölkədə əmin-amanlıq olsun, COP29-u dinc şəkildə keçirək. İstər xarici, istərsə də daxildəki pozucu qüvvələrin təxribat törətməsinə imkan vermək olmaz. Burada belədir ki, hamı vahid mövqedən çıxış etməlidir. Ermənistan-Azərbaycan münaqişəsi var. Burada heç bir güzəşt ola bilməz. Azərbaycanda hamı ölkənin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində birgə fəaliyyət göstərməlidir. Ermənistan təxribat törədərsə, eyni şəkildə ona cavab verməliyik. 44 günlük müharibədə vahid mövqedən çıxış etməyin nümunəsini dünyaya göstərdiyimiz kimi, indi də eyni mövqedə olmalıyıq. Böyük Azərbaycan Partiyası hesab edir ki, bu, ən düzgün yoldur.
- Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin isə üzvüsünüz. Bu istiqamətlərdə hansı yeniliklərin olmasını zəruri hesab edirsiniz?
- Əvvəla Milli Məclisdə hər kəsdən iki komitənin üzvü olması tələb olunur. Mən Milli Məclisin rəhbərliyinə təşəkkür edirəm ki, etimad göstərdilər, birinci dəfə seçilən adamı Əmək və sosial siyasət komitəsinin sədr müavini seçdilər. Nəzərə alaq ki, mən parlamentdə yeni olsam da, kifayət qədər böyük siyasi təcrübəm var. Uzun müddətdir partiya sədriyəm, ondan öncə siyasətdə olmuşam. Yekə çıxmasın, Azərbaycanda siyasətin “çikini-bikini” bilən, xeyli informasiyası olan adamam. Görünür bunlar nəzərə alınıb.
Əmək və sosial siyasət komitəsi çox önəmlidir. Burada biz indiyə qədər turizmlə bağlı qanuna əlavə və dəyişikliklər etmişik. İndi "Arbitiraj haqqında" qanunun icrası ilə əlaqədar bəzi dəyişiklikləri müzakirə edəcəyik. Daha sonra valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi ilə bağlı qanuna dəyişiklik müzakirələri olacaq. Büdcə müzakirələri başlayacaq. Payız sessiyası qısa olur. Əsasən büdcə müzakirələrini gözləyirik.
Şəxsən mənə müavinətlər, pensiyalar və yardımların kəsilməsi ilə bağlı müraciətlər var. Biz onları müvafiq dövlət orqanlarına təqdim etməyə hazırlaşırıq. Şəxsən mənim və partiyamızın marağı ondan ibarətdir ki, Azərbaycanın kifayət qədər potensialı varsa, orta və minimum əməkhaqqı, pensiya və müavinətlər daha yüksək olsun. Dövlətimiz bununla bağlı müxtəlif sosial paketlər qəbul edir. Ölkə Prezidenti minimum əməkhaqqı və pensiyanın artımı ilə bağlı anons verib. Biz təbii, istəyirik artımlar daha çox olsun. Dövlət qurumlarında çalışanların da arqumenti odur ki, büdcədəki vəsaitə uyğun artımlar olmalıdır. Mənfur düşmənlərimiz 30 il Azərbaycan ərazilərini işğal altında saxlayıb. Biz Qarabağda tikinti-quruculuq işləri görürük. Yaşayış binaları, hərbi obyektlər, hava limanları tikilir. Bütün bunlara da külli miqdarda vəsait lazımdır. Bu vəsaiti ora verməsəydik, daha çox sosial yardıma, əməkhaqqına ayıra bilərdik.
İctimai birliklər və dini qurumlar komitəsində də təmsil olunuram. Siyasi partiyalar, ictimai birliklər bizə yaxın olan sahədir. Orada da bəzi məsələləri müzakirə edirik. Hesab edirəm ki, xalqımız və millətimiz üçün doğru olan nədirsə, onu reallaşdıraq.
- Hazırda əsas məsələ minimum əməkhaqqı və pensiyalarla bağlıdır. Bu istiqamətdə artımların olacağı da proqnozlaşdırılır. Sizcə, artımların miqdarı nə qədər olmalıdır?
- Mən Əmək və sosial siyasət komitəsinin sədr müaviniyəm. Rəsmi vəzifəm var. Kənarda belədir ki, informasiyan çox olmur. Lakin parlamentdə işin içində olanda, informasiya çox olur. Bir məsələ ilə bağlı təklif veriləndə çalışıram ki, yüksək hədd olsun. Amma bu qanun layihəsini təqdim edənlərin, müvafiq dövlət qurumunun əlində ölkənin potensialı ilə bağlı daha doğru rəqəmlər var. Burada təbii olaraq, fikir mübarizəsi gedir. Onu da nəzərə almalıyıq ki, bu məsələ dövlətin imkanları çərçivəsində olmalıdır.
Bizim kifayət qədər potensialımız var. Azərbaycan bölgədə lider ölkədir. Eyni zamanda, bütün sahələrdə də lider olmalıdır. Onu da nəzərinizə çatdırım ki, Azərbaycanda çox güclü hərbi sənaye kompleksi yaradılıb. Azərbaycana bu sahədə xeyli gəlirlər gələcək. Xeyli insanlar bu sahədə işlə təmin edilib. Normal inkişaf etmək istəyirsənsə, öz təhlükəsizliyini özün qorumalısan. Heç kimə ümid etmək olmaz. Digər yandan, bu gün dünyada silaha ehtiyac var, hamı silah axtarır və alır. Biz niyə alaq ki? İmkan daxilində bacarırıqsa, kənara da satmalıyıq. Digər sahələrdə də biz düz işləməliyik.
Azərbaycan BRICS sammitində iştirak etdi. Biz bütün iqtisadi addımları şaxələndirməliydik. Bir yerdən asılı olmamalıyıq. Kənd təsərrüfatı məhsullarımızın böyük bir hissəsini yalnız Rusiyaya göndəririk. Amma biz fikirləşməliyik ki, Rusiyadan başqa digər ölkələr də var. Digər ölkələrlə əlaqələri yaddan çıxarmaq olmaz. İndi fərqli dövrdür, yeni iqtisadi modellər və sahələr ortaya çıxır. Biz bunları yaxşı mənimsəməliyik.
Təhsilə daha çox diqqət yetirməliyik. Xaricdə təhsillə bağlı dövlət proqramı var. 500 nəfər hazırda bu proqramla təhsil alır. Rəqabətədavamlı nəsil yetişməlidir. Yeni nəslin formalaşması həm də xaricdə təhsillə bağlıdır. Təhsilin də pulunu dövlət verir. Deməli, bu sahəyə baxan adamlar yaxşı işləməlidir.
- Qarabağ veteranlarının sosial müavinəti məsələsi də həmişə ciddi müzakirə olunur. Onun məbləğinin 80 manat olması əsasən az hesab edilir. Bəs sizcə, bu məbləğin artırılmasına qərar verilməlidirmi?
- Mən demokratiya tərəfdarıyam. Bizim komitədə də müəyyən dinləmələrin keçirilməsi planlaşdırılır. Dinləmədə bütün tərəflər iştirak edir və həqiqət ortaya çıxır. Yenə deyirəm ki, mənim mövqeyim dövlət orqanları və müvafiq qurumlarda olanlardan fərqlənir. Biz deyirik ki, verilsin. Onlar da imkanlarının bu qədər olması ilə vəziyyəti əsaslandırırlar. Məncə də Qarabağ veteranlarına verilən 80 manat daha çox olmalıdır. Amma mən hazırda bu hadisələrin içərisindəyəm axı. Bizim büdcəmizi müəyyənləşdirən hökumətdir. Hökumət də öz arqumentləri ilə çıxış edir. Ona görə də biz söz güləşdirmək əvəzinə, büdcəmizi artırmalıyıq. Büdcəmizdə vəsait çoxdursa, əlavə yerlər varsa, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına ödənilməlidir. Onların xidmətinin əvəzi yoxdur.
- Hazırda dünyada önəmli məsələlərdən biri də dini radikalizmlə mübarizədir. Sizcə, Azərbaycanda bu sahədə problemlər varmı?
- Azərbaycana qarşı ən böyük təhdidlərdən biri din sahəsindən gələ bilər. Vəziyyət vaxtilə daha radikal və kəskin idi. Qonşumuz İran vəziyyəti körükləyirdi. İslam Partiyasından neçə nəfər həbs olunanlar oldu. Din pərdəsi altında hərəkət edənlər, təxribatla məşğul olanlar vardı. Ölkədən qaçıb İŞİD və başqa radikal dini terror qruplaşmalarına qoşulanlar olmuşdu. Eyni zamanda bizim dini obyektlər, məscidlər müəyyən kəsimin nəzarətində idi. Buralara casus şəbəkəsi sızmışdı. Təbii ki, onlarla ciddi işləmək lazımdır. Bu, ağır işdir. Dövlət təhlükəsizlik xidmətləri bu istiqamətdə yaxşı fəaliyyət göstərir. Xeyli agentura şəbəkəsi ifşa olunub. Həbs aparılıb.
Çalışmaq lazımdır ki, dini təhsil Azərbaycanda verilsin. Adamlar İrana - Quma və başqa yerlərə gedib hansısa təsirə düşürlər. Hələ də o təsirdə olanlar ortaya çıxacaq. Bu istiqamətdə ciddi işlər görülür. Açığı deyək ki, əvvəlki kimi təhdid yoxdur. Ayrı-ayrı emissarlar vardı ki, onlar da qovulub gediblər. Bu sahəni boş buraxmaq olmaz. Dünyanın hər yerində zəif nöqtə kimi bundan istifadə edirlər. Bunu nəzərə almaq lazımdır.
Azərbaycana kənardan maraqlar böyükdür. Belə cəhdlər olacaq. Dövlətin də, bizim də borcumuz və vəzifəmiz bu cəhdlərin qabağını almaqdır.
- Azərbaycanda siyasət meydanı niyə “qaynamır”? Bu partiyaların fəaliyyətsizliyi, siyasətçilərin zəifliyilə bağlıdırmı?
- Azərbaycanda müxalifətlə hakimiyyət arasında xeyli müddət mübarizə və çəkişmə gedib. Bu proses təbiidir. Nəzərə alaq ki, Azərbaycan müxalifəti qocalıb. Yeni nəfəsə ehtiyac var. Təəssüflər olsun ki, hələ də yeni adamların yaratdığı siyasi təşkilatlar yoxdur. Bizim düşüncələrimiz yenidir. Amma biz də orta nəsilik. Yeni adamlar siyasətə gəlmir. Hesab edirəm ki, problemi burada axtarmaq lazımdır. Biz çalışmalıyıq ki, yeni adamlar siyasətə gəlsin.Siyasi təşkilatların maliyyələşməsi o prespektivləri açır. Biz gənc adamlara üstünlük veririk. Dövlət orqanlarında təmsil olunmaq məsələsi var. Çalışacağıq ki, bələdiyyə seçkiləri olanda xeyli adamlarımız bu qurumlarda təmsil olunsun.
- Noyabrın 5-də ABŞ-də prezident seçkiləri olacaq. Siz həmin seçkiləri necə proqnozlaşdırırsınız və nəticə nə olsa, bizə daha çox sərf edər?
- Mən obyektiv adamam. Bu gün biz nə ABŞ-dən, nə Rusiyadan, nə də başqa ölkələrdən asılıyıq. ABŞ Azərbaycanın mənafeyinə uyğun bir addım atsa, biz ona dəstək veririk. Vaxtilə Azərbaycan neftçiləri Xəzər dənizindən neft çıxaranda ABŞ İrandan tələb etmkişdi ki, mane olmasın. O zaman ABŞ-nin bu məsələnin həllinə müsbət təsiri oldu. ABŞ dövlət katibi Blinken deyir ki, Azərbaycanla Ermənistan aralarındakı məsələni vasitəçilərsiz həll etsin. Biz də deyirik ki, bu yaxşıdır. Amma görəndə ki, Blinken, Dövlət Departamenti hansısa konqresmenləri öyrədib Azərbaycanın əleyhinə təzyiq mexanizmini işə salır, buna qarşı çıxırıq.
Bir Nensi Pelosi var idi, siyasi dairələrdə ona "küpəgirən qarı" deyirdilər. O gəlib Ermənistana göz yaşı töküb, Azərbaycana qarşı kin-nifrət püskürəndə də sözümüzü demişik.
ABŞ dünyaya nəzarət edən supergücdür. Heç kəsi aldatmasınlar ki, onlar demokratiyanın beşiyidir və sair. Elə şey yoxdur. ABŞ da Rusiya kimi imperiyadır. Bu imperiyaların da qarşısında duran əsas məqsəd əraziləri genişləndirmək, dünyanı, bölgəni nəzarətdə saxlamaqdır. Onların xarici siyasət konsepsiyası uzun müddətə hesablanır. Biz indi deyə bilmərik ki, ABŞ-də kim hakimiyyətə gəlsə, nələr olacaq. Bunların ümumi xarici siyasət konsepsiyası vahid mərkəz tərəfindən hazırlanır. Orada müəyyən mənada taktiki dəyişikliklər də olur. Demokratlar adətən ermənipərəst mövqedə olublar. Buş hakimiyyətdə olanda neftlə bağlı maraqları Azərbaycanla üst-üstə düşürdü. Trampın hakimiyyəti illərində Azərbaycanla münasibətlər elə də kəskin şəkildə olmadı. Hər halda mən hesab edirəm ki, Trampın seçilməsi Azərbaycan üçün Harrisin seçilməsindən daha münasibdir.
Bayden ilk dəfə "erməni soyqırımı" ifadəsini işlətdi və Türkiyə ilə münasibətlər pozuldu. Türkiyədə hakimiyyəti dəyişmək istədi, düzdür bu, alınmadı, amma iqtisadiyyata ciddi təsir göstərdi.
ABŞ-də kimin hakimiyyətə gəlməsi müəyyən mənada Azərbaycana münasibətdə fərqlər yaradır. Ona görə hesab edirəm ki, Tramp daha münasibdir. Tramp həm də daha çox ölkənin daxili məsələlərini, öz problemlərini həll etmək niyyətindədir. Demokratlar isə daha çox qlobalistlərin təmsilçisidirlər. Bunlar demokratiya adı altında öz siyasətlərini həyata keçirirlər.
-BRICS-də Ermənistan Baş naziri Nikol Paşinyan ilə Azərbaycanın Prezidenti İlham Əliyev arasında görüş baş tutdu. Bu görüşdən sonra hansısa nəticələrə gəlmək mümkündürmü?
- BRICS özü əhəmiyyətli bir təşkilatdır. Orada əsasən üç istiqamət – siyasi təhlükəsizlik, iqtisadi-maliyyə və xalqların əməkdaşlığı məsələsi önəmli rol oynayır. Əsasən iqtisadi məsələlərə önəm verilir. Son tədbirdə 30-a yaxın dövlətin təmsilçisi vardı, onlardan 22-si dövlət başçısıydı. BMT-nin baş katibi də sammitdə iştirak etdi. Bu həm də ABŞ-nin çəkdiyi dünya düzəninin pozulmasıdır.
Azərbaycanın oradakı iştirakı müsbət hadisədir. İqtisadiyyatımızda şaxələnmə prinsipini seçmişik və bu, ən doğru qərardır. Azərbaycan önəmli kommunikasiya ölkəsidir, bundan istifadə etmək lazımdır.
Kazan sammitində Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri görüşdü, söhbətləri oldu və müəyyən göstərişlər verildi ki, sülh sazişinin imzalanması ilə bağlı yekun mətn imzalansın və sair. Amma bu o demək deyil ki, dərhal tapşırıq icra olunacaq. Çünki biz dəfələrlə görmüşük ki, Ermənistan söz verir, lakin sonda məsuliyyətdən qaçır. Bu görüşün önəmi ondan ibarətdir ki, həssas dövrdə Azərbaycana qarşı olan hücumları azaldır. Bizim əleyhimizə olan hər kəsə göstərə bilirik ki, danışıqlar gedir. Sual verirlər ki, Ermənistan-Azərbaycan münasibətlərində Azərbaycan hansı güzəştlərə gedəcək? Azərbaycan niyə hansısa güzəştə getməlidir... Sülh müqaviləsi sanki ancaq Ermənistan üçün önəmli məsələdir. Ermənistan təxribata əl atacaq və toqquşmaya gedəcəksə, Azərbaycan yalnız Zəngəzur dəhlizini deyil, bütövlükdə dövlətçilik ənənəsini itirmək təhlükəsində qalacaq. Bizim Ermənistanı gözləmək, onların hiylələrinə göz yummaq məcburiyyətimiz yoxdur. Biz bu bölgədə sülh, əməkdaşlıq istəyirik. Eyni zamanda, dünyanın qan damarını da Ermənistan kimi cırtdan dövlət bağlaya bilməz. Nəqliyyat-kommunikasiya xətti qan damarıdır. Siz görürsünüz içməli su üstündə dünyada müharibələr, münaqişələr gedir. Belə savaşlar bundan sonra daha çox olacaq. Ermənistan həm də ekoloji zərbə vurmaqla məşğuldur və heç kim bunu görmür.
Erməni baş nazir deyir ki, 80 faizi razılaşdırmışıq, amma əsas olan digər 20 faizdir. Çünki Azərbaycan ərazisini təhdiddə saxlayan, bütövlüyümüzə zərər vermək istəyən sırf o 20 faizdir. Konstitusiyalarında Azərbaycan ərazilərinə iddia qalır. Paşinyana da sülh müqaviləsinin uzadılması sərf edir, zaman qazanır, öz mövqeyini möhkəmləndirir, rəqiblərini sıradan çıxarır, hərbi yardımlar alır. Amma bu bizə sərf etmir.
- Müharibəyə qədər olan müddətdə Azərbaycan balans siyasəti yürüdürdü. İndi də o balans sistemi var, lakin daha çətin geosiyasi vəziyyətlə üz-üzəyik, ölkəyə qarşı təzyiqlər müşahidə olunur. Belə bir vəziyyətdə Azərbaycan Qərbə üstünlük verməlidir, yoxsa Rusiyaya?
- Son dövrlərdə Azərbaycana qarşı təzyiq siyasəti özünü göstərir. Əslində isə Azərbaycan müstəqilliyini qazanmamışdan qabaq qarayaxma kompanyaları başlayıb. Bizim əleyhimizə Amerika, Rusiya, Qərb mətbuatı ömürboyu işləyib və bu davam edir. İndi də, hardasa azalıb, haradasa çoxalıb. 44 günlük müharibədə də oldu, sonra da. Bu müharibədən sonra addım -addım irəlilədik, Rusiya sülhməramlıları bir tərəfdən, Qərb mətbuatı o biri tərəfdən bizə qarşı gəlirdilər. Biz addım-addım o maneələri aşdıq. 2023-cü ilin sentyabrında hamının gözü qarşısında antiterror əməliyyatları keçirdik. Biz özümüzə güvəndik – Silahlı Qvvəllərimizə, Ordumuza. Ona görə də Azərbaycan bu gün ilk növbədə özünə güvənməlidir.
Azərbaycan strateji xətt götürüb, onun Türkiyə kimi tərəfdaşı var və gələcəkdə də bu münasibətləri irəlilədib genişləndirməliyik. Beynəlxalq aləmdə də Azərbaycan və Türkiyə vahid sferadan çıxış edir. Biz həmçinin Türk dövlətləri ilə əlaqələrimizi də son zamanlar çox yaxşılaşdırmışıq. Əgər Ermənistan sonrakı mərhələdə hansısa təxribat törədəcəksə, bir tərəfdən silahlandırılacaqsa, Azərbaycan da bunu cavabsız qoymayacaq. Bunun üçün kifayət qədər gücümüz var. Paralel olaraq Azərbaycan işğal altında olan tarixi torpaqları ilə bağlı sərt mövqeyini ortaya qoyacaq, təhlükəsizlik zolağı yaradacaq. O torpaqların hamısı bizim torpaqlardır – Göyçə-Zəngəzur, Vedibasar, Dərələyəz... Onlar bizdən alınıb, dünya isə buna susur. Biz qalib tərəfik, beynəlxalq qayda-qanunlara uyğun addımların atılmasında Ermənistan maraqlı olmalıdır.
- Deputat seçildikdən sonra ailənizlə vaxt keçirə bilirsinizmi?
- Açığı deyim ki, deputat seçildikdən sonra vaxt məhdudiyyətləri yaranıb. İşlər çoxdur, istər parlamentdə, istərsə də partiyanın özündə hərəkətlilik var. Eyni zamanda, rayondakı seçicilərimizlə mütamadi olaraq işləyirik. İmkan daxilində hər birinə köməklik göstərməyə çalışırıq. Bəzilərini işə düzəldirik. Xeyli sayda ərizələr var ki, onlara baxılmalıdır. Biz hələlik rəsmi bir qəbul keçirmişik, qalan qəbulları isə burada keçiririk. Binəqədi kəndində də vətəndaşları qəbul edəcəyik. Hələ ki bizə rəsmi orqanlar yer ayırmayıb, yəqin ayıracaqlar. Bu baş verməsə də, işimizi görürük. Əsas işimiz dövlətçiliyə və insanlara xidmət etməkdir. Şəhid ailələrini mütəmadi olaraq ziyarət etməkdən çəkinmirik, ildönümlərinə gedirik. Müəyyən kateqoriyadan adamlar var ki, onlar bura gəlir görüşürük. Elə bir zamanımız da olmur. Ailəyə vaxt ayırmaq imkanı azalıb.
- Boş vaxt tapanda nə ilə məşğul olursunuz? Xüsusi bir hobbiniz varmı?
- Deputat olduqdan bəri, şənbə-bazar da işləyirik, çox da vaxt qalmır. Ancaq biz kənd adamlarıyıq. Mən təbiətin qoynuna getməyi çox sevirəm. Deputat seçilməzdən əvvəl fürsət tapdıqca, təbiətin qoynuna gedirdik. Mənim dostlarım var, balığa, ova gedirlər. Məni də dəvət etsələr də, təəssüf ki, vaxt yoxdur, amma vaxt ayırmaq lazımdır.
- Dörd övladınız var: qızlarınız Günel və Xeyransa Musayevalar Türkiyənin Bahçeşehir Universitetindən məzun olublar. İş tapa biliblərmi?
- Qızlarımdan biri universiteti birinciliklə bitirdi – “Qızıl beyin” mükafatı aldı, digəri isə üçüncülüklə. Daha sonra Baydenin təhsil aldığı Sirakuz Universitetində bir il oxudular. Sonra Bahçeşehir Universitetinin magistr səviyyəsini birinciliklə bitirdilər. Əlavə olaraq "Loring Business Scool"da ali riyaziyyat təhsil aldılar, oranı da birinciliklə bitirib gəldilər. Günel “İngiltərə hökumətinin gələcək liderləri” proqramının qalibi oldu. Xeyransa da xaricdə təhsil üzrə dövlət proqramını qazandı.
Üçüncü qızım Gültac isə stomatoloqdur. Oğlum Atilla 9-cu sinif şagirdidir.
Günel və Xeyransa öz sahələrində işləyirlər, açığı onlara xaricdən iş təkliflər olurdu, amma biz belə qərara gəldik ki, ölkəyə qayıtsınlar. Burada da imtahan verdilər. Günel Neft Fondunda işləyir, hazırda baş investisya mütəxxəsissidir. Xeyransa da imtahan verərək NEQSOL holdingdə baş mütəxəssis kimi çalışır.
Mən demokratik insanam. Qızlarımı da öz ixtiyarına buraxmışdım, özləri həddindən çox oxuyurdular.
Oğluma isə davamlı "oxu-oxu!" deyirəm. Seçim imkanını özünə vermişik. Belə baxıram ki, 2-3 qərar üzərində fikirləşir, amma son qərarını verməyib. İqtisadiyyat, hüquq, bir də informasiya texnologiyaları sahələrinə maraqlıdır. Hiss edirəm siyasətə də marağı var.
Qızlarım isə təhsil aldıqları sahədə irəli getməyə üstünlük verirlər. Düzdür, bəzi məsələlərdə mənə də kömək olurdular. İngilis dilini akademik səviyyədə bilirlər. Mən hesab edirəm ki, Azərbaycan gəncliyi digər inkişaf etmiş ölkələrinin aparıcı dillərini bilməlidir. Çünki biz həm də rəqabətli, yeni nəsil hazırlamalıyıq. Yeni nəsil həm də özünü dünya vətəndaşı hesab edir. Dünya balacadır, ən əsas odur ki, təhsilə önəm verəsən.
Turqay Musayev
- 14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
24 dekabr 2024 16:25
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 2024 12:59
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 2024 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 2024 16:11
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 2024 13:22
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 2024 21:09
- Gürcüstanın futbolçu prezidenti ilk dəfə müsahibə verdi: keçmiş prezidenti polislə hədələdi - FOTO
16 dekabr 2024 01:01
- Sabiq müdafiə naziri: - Hərbi çağırış həddini nəinki 30 yaşa, 27 YAŞA ENDİRMƏK lazımdır
15 dekabr 2024 01:23
- Hindtoyuğunun qiyməti niyə 80 manat oldu ?
14 dekabr 2024 23:45
- İcra başçısı öldü
5 dekabr 2024 23:05
- Milli Məclisin deputatları tətilə çıxır
27 dekabr 21:42
- Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru - Səkinə Sadıxova
27 dekabr 19:31
- Hökümə xanımla axıra kimi danışdıq...Göümü açdım AKTAU - Video
27 dekabr 18:27
- Məhərrəm Ömrümovun şirkətində bədbəxt hadisə: Usta yıxıldı, vəzifəli şəxs ittiham edildi
27 dekabr 15:28
- Kadırovun təklifindən Bakı imtina etdi - TƏCİLİ
27 dekabr 14:00
- Hərbi xidmətə çağırış yaşı 30-a endirildi
27 dekabr 12:05
- Hökümənin SON MESAJI üzə çıxdı: Yazdığını TEZ SİLİB, bir bundan başqa - VİDEO
27 dekabr 11:43
- Üzünü tam örtən qadınlar 20 MİN cərimələnəcək
26 dekabr 18:06
- 13 yaşlı məktəbli də qəzada həlak olub - Foto
26 dekabr 16:00
- DGK Xəlil Göyüşovun qalmaqallı şirkətini nədə ittiham edir?
26 dekabr 15:11
- Ter-Petrosyandan Köçəryana güllə kimi cavab
26 dekabr 14:21
- Qəzada həlak olan Hökümənin anası DANIŞDI: Həmişə deyirdi ki, mənimlə fəxr edin
26 dekabr 13:36
- MİLLİ MATƏM - Sumqayıtda 105 000 abonent qazsız qalıb
26 dekabr 12:59
- Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
25 dekabr 21:54
- Özünü təqsirli bilməsə də, 400 min manat ödəyib
25 dekabr 20:46
- Təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb
25 dekabr 18:38
- Eks-Deputat öldü
25 dekabr 18:17
- SON DƏQİQƏ: Azərbaycanda matəm ELAN OLUNDU
25 dekabr 16:01
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 15:32
- İlham Əliyevin təyyarəsi Bakıya eniş etdi
25 dekabr 14:40
- Mehriban Əliyeva başsağlığı verdi
25 dekabr 14:05
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 13:56
- Qazaxıstan: Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub (YENİLƏNİB/VİDEO)
25 dekabr 12:12
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 11:26
- Pişiyə görə ərini məhkəməyə verdi
24 dekabr 23:55
- Prezidentin ad günündə ailə FOTOSU
24 dekabr 21:51
- Əmək haqqı, pensiya, müavinət artımı haqqında - Millət vəkili Əli Məsimli
24 dekabr 20:42
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 20:13
- Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 18:37
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 18:04