Əlisa Nicatdan sensasion sözlər - Bağırov Hüseyn Cavidi yanına çağırıb, deyib ki...
Masazır qəsəbəsinin yekrəng məhəllələrindən biri. 66 nömrəli darvazanı açıb içəri keçirəm. Bu yerlərin sükunəti həyətdə də hiss olunur. Dar pillələrlə yuxarı qalxıram. Kiçik bir dəhliz. Bu dəm yazıçı gəldiyimi bilib qapını açır və evin digər hissəsindən tamamilə ayrılan otağa düşürəm. Əsas istifadə etdiklərini- müxtəlif bankaları lap yaxınına, əlinin altına yığıb. Otaqda arabir yazıçının fəxrlə baxdığı kitabların yığıldığı şkaf, dolab, kiçik stol və bir stul var. Hə, bir də 20-30 ilin istehsalı olan televizor.
Beləliklə, filosof-yazıçı Əlisa Nicatla söhbətə başlayırıq.
- Əlisa müəllim, nə əcəb şəhərdən belə uzağa köçmüsüz?
- Səssizliyə görə. “Montin”də ikinci mərtəbədə olurdum, amma həyətdə uşaqlar çığırışıb səs- küy salırdı. Ucuz qiymətə satdım onu, gəldim 10 min dollara buranı aldım. Bu gördüyünüz kitab şkafı, paltar dolabı və istilik radiatoru yox idi.
Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu gəlib gördü vəziyyətimi, internetdə elan elədi. Bunu eşitdilər, bir az kömək elədilər. 7 min manat pul yığıldı.
- Bu fikirdə olanlar da vardı ki, kömək çağırışları qocaman yazıçını gözdən sala bilər. Siz necə düşünürsüz?
- Məni o fikirlər maraqlandırmır. Əsla elə deyil. Bu məsələdən sonra mənə münasibət daha da yaxşıya doğru dəyişdi. 30-40 çıxışım oldu. Televiziyaya dəvət etdilər. Daha da məşhurlaşdım...
Yazıçının oğlu Üzeyir içəri girir. “Oğlunuz nə işlə məşğuldur?” deyə sual verirəm. “Universitetin tarix fakültəsini qurtarıb, amma 15-20 ildir işsizdir, - cavabında deyir. - Mənə kömək olur, birlikdə tərcümə edirik. Yaxşı, Üzeyir, get, bizim söhbətimizə mane olma”.
- Montindəki evi sizə hökumət vermişdi? - Üzeyir otaqdan çıxandan sonra soruşuram.
- Yox, hökumət mənə indiyədək birotaqlı ev verib. AYB-dən almışdım. Onu da "Dünya filosofları" kitabını çap etdirəndə satdım. Təxminən 1998-ci il idi.
Kitabın çapına o vaxt 4 min dollar istədilər. 3 min dollara evi satdım, min dollar da mənimçün borc aldılar. Üstünü düzəldib verdim.
"Dünya filosofları" bomba effekti yaratdı. Satışı qırğın-qiyamət oldu. Hamı alırdı. Bu kitab məni dövlətli elədi. Fəzail Ağamalı 100 dollara almışdı kitabı. Çünki Azərbaycanda belə kitab hələ yox idi. İlk dəfə idi ki, Azərbaycan dilində bütün ölkələr üzrə filosofları özündə cəm edən kitab çıxırdı.
Yarıqaranlıq otaqda oturduğumuzun fərqinə varıb işığı yandırmaq üçün icazə istəyirəm. "Əlbəttə, buyur",- deyir yazıçı. İşığı yandırıram və otaq çox da hiss olunmayacaq dərəcədə aydınlanır.
- Hə, çox yaxşı satıldı,- yazıçı kitabla bağlı söhbətinə davam edir - 3 min dolların da pulu çıxdı. Ondan sonra ildə bir kitabım çıxırdı. Mənim qədər Azərbaycanda kitabı çıxan yoxdur. Birinci yerdəyəm. Təsəvvür edin, 12 romanım çıxıb.
Pritça janrını Azərbaycan ədəbiyyatına mən gətirmişəm. Əvvəl Kafkadır, sonra mənəm. Kafkada 70-80 pritça var, məndə isə 1000-dən çoxdur. Birini deyim sizə.
Dünyada ancaq siçanlar yaşayırdılar. Hələ pişik yox idi. Siçanlar kef edirdilər - düşmənləri yox idi. Bir dəfə ətraflarına baxıb dedilər ki, bu nədir, biz niyə başsız yaşayırıq? Bütün heyvanların başçıları var. Gəlin, özümüzə başçı seçək. Hamı razılaşdı. Aralarından bir siçanı seçib dedilər ki, sən oldun bizim kral, bizim sultan. Başlarını qoyub yatdılar. Səhər durub gördülər ki, həmin başçı seçdikləri siçan dönüb olub pişik!
- Pritçalarınızın qəhrəmanları həyatda tez-tez rastınıza çıxır?
- O qədər! Əsərlərimin mövzuları, süjetləri həyatdan gəlir. Sovet dövründə telekanal mənim haqqımda veriliş çəkirdi, çəkiliş qrupuyla getmişdik Lerikə, doğma kəndimizə. Uşaqlıqda tay-tuşluq etdiyim adam (dava da edirdik arada) məni görüb əsəbiləşdi. Gördüm paxıllıqdan, nifrətdən bağrı çatlayır. O haqda bir povest yazdım.
Azərbaycan xalqının hamısı bir-birinə düşməndir axı. Dünən televizorda Norveçi - Oslonu göstərirdilər. Səliqəli evlər bir-birinin yanında düzülüb. Hamısı eyni cür. Hamı bir-birinə hörmət, rəğbət bəsləyir. Məəttəl qaldım.
Bizdə tamam əksinədir. Mən şahidiyəm, bu məhəllədə bir-biriylə dalaşmayan yoxdur. Hamı da bir-birinə nifrət edir. Hələ əliəyrilər! Orda taxtamız vardı, 1 kub metr. Dedilər, bizə bir-iki taxta lazımdır. Dedim, götürün. Uşaqlar baxıb ki, 1 kub metr taxtanın hamısını yığıb aparıblar.
“Xətai barədə deyilənlər yalandır”
- Sizə məşhurluğu "Qızılbaşlar" romanı gətirib, səhv etmirəmsə.
- Hə, Şah İsmayıla həsr olunmuş "Qızılbaşlar"ı və Mirzə Şəfi haqqında roman yazandan sonra məşhurlaşdım.
- Xətainin şəxsiyyəti haqqında neqativ fikirlər də var. Hətta onun öz doğma anasını öldürtdüyünü belə yazırlar. Sizcə, Xətainin şəxsiyyətində həqiqətən qaranlıq məqamlar olub?
- Yalandı! Mən onun həyatını qədim əlyazmalardan bircə-bircə oxumuşam. Onun həyatından birinci mən roman yazmışam. Onun şəninə el şairləri sözlər, nəğmələr qoşub. Hətta onun dövründə bir adam belə edam olunmayıb, bir adam asılmayıb. Yoxdur elə fakt.
“Mircəfər Bağırov Üzeyir Hacıbəyovu ölümdən qurtardı”
- Əlisa müəllim, sizin haqqınızda əks fikirlər dilə gətirərkən Mircəfər Bağırova rəğbətiniz olduğunu vurğulayırlar.
- Bilirsiz, mən o adamlara deyərdim ki, primitiv olmaq lazım deyil. Adama onun dövrünün gözüylə baxıb qiymət vermək lazımdır. O öz dövrünün övladı idi. Bunlar Mircəfər Bağırovun milli qəhrəman olmasını istəyirlər. Bu, mümkün deyildi, o, KQB-nin nəzarəti altında idi. Bağırov lap əvvəldən çara qarşı mübarizəyə qoşulub. ADR-in xarici kəşfiyyat təşkilatının rəhbəri olub. ADR devriləndə Bağırov Həştərxana gedib. Həştərxanda Nəriman Nərimanovun vəzifəsi vardı.
Azərbaycanda sovet hökuməti qurulanda əvvəlcə Kirov katib vəzifəsinə göndərildi. Nərimanovu Azərbaycana Xalq Komissarları Sovetinin sədri kimi göndərəndə, o özüylə Mircəfər Bağırovu da gətirdi. Onu Azərbaycan Sovet Sosialist Respublikasının mərkəzi kəşfiyyat idarəsinin rəisi təyin etdi.
İndi Nəriman Nərimanovu söyürlər, ittiham edirlər. Nərimanov ağa deyildi, padşah deyildi. Xalq Komissarları Sovetinin sədri idi. Bütün partiya işi ermənilərin əlində idi; Bakı şəhərinin meri erməni idi. Gecə-gündüz Nərimanovu tənqid edir, gözdən salmağa çalışırdılar.
O dövrdə Pankratov adında rus generalı Azərbaycana gəlib. Köhnə ADR dövrü rəhbərlərini, işçilərini siyahıya alıb güllələyirdilər. Bu siyahının içində Üzeyir Hacıbəyovun da adı vardı. Çünki ermənilər deyiblər ki, ADR dövründə Üzeyir Hacıbəyov millətçi "Azərbaycan" qəzetinin redaktoru olub.
Üzeyir bəyin həyat yoldaşının qardaşı (o, KQB-də işləyirdi) bu xəbəri eşidir, gedib Nərimanova çatdırır. Nərimanov bunu eşidib dəliyə dönür. Pankratovu çağırıb deyir ki, siz nə edirsiz? O, xalqımızın dahisidir, ölməz "Arşın mal alan"ın müəllifidir, sizin nə ixtiyarınız var? Pankratovdan siyahını alır, onun gözünün qabağında cırıb atır. Üzeyir bəy xilas olur.
Kirovdan sonra hakimiyyətə kim gəlsə yaxşıdır? Levon Mirzoyan! Mircəfər Bağırov həbsdən canını qurtarmaq üçün qaçır Gürcüstana. Gürcüstanda KQB-nin sədri Beriya idi. Hələ Müsavat dövründən tanış idilər. Onu KQB-yə işə götürür. Əgər Mircəfər Bağırov gəlməsəydi, Azərbaycan parçalanacaqdı.
Bağırovun gücünə Azərbaycanın bütövlüyü saxlanıldı. Deyirdi ki, yoldaş Stalin, istəyirsən məni güllələ, amma mən Qarabağı, Naxçıvanı verməyəcəyəm.
- Mən Mircəfər Bağırovun rəsmi sənədini oxumuşam. Stalinə yazır ki, madam ermənilərin yaşadığı Qarabağı onlara verməyi təklif edirsiniz, onda tarixən azərbaycanlıların yaşadığı ərazilərin (Zəngəzur, Göyçə, Borçalı, Dərbənd və sair) də Azərbaycana verilməsi işinə baxılsın. Bununla da dolayısilə Qarabağ məsələsinə xitam verilməsinə nail olur.
- Bütün bunlara görə, 37-ci ildə Stalin Bağırovu işdən qovdu. "Naxçıvanı ermənilərə verməyəcəyəm" deyən Mircəfərə Stalinin telefonda cavabı belə olur: "Onda rədd ol get!". Bağırov durur, papağını qoyur, şələ-şüləsini götürüb gedir Qubaya. Altı ay Qubada yaşayır.
Beriya bunu eşidir, Stalinə gəlib deyir ki, yoldaş Stalin, axı, o sizin adamdır. Stalin fikirləşir, deyir ki, düzdür, qoy qayıtsın.
- Bununla belə, Azərbaycanın çox görkəmli ziyalılarının ölüm hökmünə qol qoydu...
- Bunun qarşısını ala bilməzdi. Siyahı mərkəzdən gəlirdi. Ona görə Mircəfər Bağırov məhkəmədə dedi ki, məni şaqqalayın, məni parçalayın!
KQB-də iki erməni işləyirdi. Markaryan, Qriqoryan. Onları da Bağırovla bərabər güllələdilər. O iki erməninin Dağlıq Qarabağa göndərdikləri məktubları tapıldı. Yazırdılar ki, əzizlərimiz, rahat olun, biz onların KQB-sində işləyirik, onların ən seçmə oğullarını tutub güllələyirik.
Mircəfər Bağırov 37-də Hüseyn Cavidi çağırır. Deyir, ay kişi, mən səni daha qoruya bilmirəm. Gücüm çatmır. Sənin pyeslərinin hamısı sovet quruluşuna ziddir. Get, başqa mövzularda yaz. Mircəfər neçə saat danışır, Hüseyn Cavid lal-dinməz baxır, bir kəlmə də danışmır.
Repressiya vaxtı ən az bizdən güllələnib. Ermənilərdən, gürcülərdən güllənənlərin sayı bizdən çoxdur. Mircəfər Bağırovdan yeganə yazan adam mənəm.
“Qurban Səid real şəxsdir”
- Əlisa müəllim, siz Azərbaycan yazıçılarının bir çoxunu bəyənmədiyinizi deyirsiz. Bəs bəyəndiyiniz yazıçılar varmı?
- Var. Məsələn, Cəfər Cabbarlı, Qurban Səid...
- Qurban Səidin kim olduğu axı müəmmalıdır. Kim olduğu bəlli deyil.
- Heç bir müəmma yoxdur. Bu cəfəngiyatı özlərindən çıxarıblar! Necə bəlli deyil? Qəbri, heykəli, ata-anası... Hamısı bəllidir. Heykəli İtaliyadadır. Deyirlər, guya "Ali və Nino"nu Çəmənzəminli yazıb. Çəmənzəminli belə bir şey yazmayıb. Yazsaydı, bunu bir yerdə qeyd edərdi. Onun bir yerdə qeydi yoxdur ki, bu roman mənimdir.
"Qadınların beyni kiçikdir, amma beyin əsas deyil"
- Əlisa müəllim, bəs qadınları niyə sevmirsiz?
- Qadınları? (Səsi yumşalır). Yox, o böhtandır. Mən verilişdə cavab verdim axı.
- Eləmi? Duzü, eşitməmişəm.
- İndi sizə bir kitab göstərərəm... Bu dəqiqə...
Yazıçı ayağa qalxıb kitab şkafına yaxınlaşır, birini götürüb o birisini qoyur, hiss olunur ki, söhbətin bu məqama gəlib çıxmağından çox narahatdır.
- Əlisa müəllim, narahat olmayın, elə öz sözlərinizlə də deyə bilərsiz.
Otaqda bir az da var-gəl elədikdən sonra təzədən gəlib stolun arxasında oturur.
- Almaniyada 20-ci illərdə bir kitab çıxıb. Tibb elmləri doktoru, məşhur professor tibb elminə aid onlarla kitabın müəllifi bu kitabı yazıb - bu sözləri deyib yenə kitab şkafına sarı baxır.
- Əlisa müəllim, axı nə deyib bu professor?
- Günel xanım, sən Allah, incimə, ürəyinə salma. Mən heç onun fikriylə razı deyiləm. Amma bu kitab çıxıb.
- Nigarançılığım daha da artır, professor təxmini nə deyib?
- Nəhəng bir kitabdır... Kitabın adı belədir. Qadınların fizioloji… fizioloji...
- Əlisa müəllim, davam edin, gerçəkliklə barışmaq lazımdır.
- "Qadınların fizioloji cəhətdən ağlının kəmliyi"- yazıçı birnəfəsə dəyib rahat nəfəs alır və davam edir - Deməli, qadınların beyni 1 kq 200 qramdır. Kişilərin beyni isə 1.600. Meymunların beyni isə... (nəyə görəsə bu sözünü yarımçıq qoyur və mənə təsəlli verirmiş kimi davam edir). Əslində beyin o qədər rol oynamır. İndi hər halda yazıb da bunu və bütün dünya dillərinə tərcümə edilib.
- Bəlkə o professorun qadınlarla ədavəti varmış?
- Yox, bunu minlərlə elm adamı təsdiq edib.
- Əgər başqa elm adamları da təsdiq edibsə, deməli, vəziyyət ciddidir.
- Amma mən bununla razılaşmıram və yüzlərlə qadın tanıyıram ki, kişilərdən dəfələrlə ağıllidır. Görürsən ki, bir kişi axmaq bir iş görmək istəyir, arvadı məsləhətiylə ona yol göstərir.
Bir dəfə Rüstəm Zalı bir nəfər hədələyici səslə çağırır. Rüstəm getmək istəyəndə, arvadı deyir ki, ay axmaq, hara gedirsən? O, açıq-aşkar düşməndir, səni öldürəcək. Qalxanını götür, silahını götür.
Rüstəm silahına qurşanıb gedir, görür onu gözləyən bir qadındır. Qadın deyir ki, mən gözləyirdim ki, sən yalın əllə gələcəksən və öldürəcəkdim səni.
Qadınlar belə ağıllı, tədbirlidir. Sadəcə olaraq, demək istədim ki, belə bir rəy var. Mariya Küri iki dəfə Nobel mükafatı laureatı olub. Qadındı da. Ya da başqa qadınlar. Sadəcə, onların arasından filosoflar çıxmayıb, çünki onların yolu başqadır.
“İnsan ömrünə kvota qoyulmayıb”
- Əlisa müəllim, illərdir fəlsəfə ilə məşğulsunuz. Dünya niyə yaranıb? İnsan niyə yaranıb? Bunun sirrini çözmüsüz?
- Mənim bir pritçam var. Allah baxdı ki, hər yanda qalaktikalardır. Bu ora fırlanır, o bura fırlanır. Sayı-hesabı yoxdur. İki trilyon qalaktika var! Allah dünyanı maraqlı etmək üçün canlıları və insanı yaratdı.
- Niyə insanların biri dünyadan tez gedir, biri gec?
- Bütün canlılara kvota qoyulub. Milçək 1-2 gün yaşayır, pişik 10-15 il, it 30 ilə qədər, fil 100 il, pələng 30 il və sair. Ancaq insana Allah kvota qoymayıb. Bibliyada 1000 il yaşayan insanlar var. Tutaq ki, o yalandır, Mahmud Eyvazov ki 150 il yaşayıb! Şirəli Müslümov 165 il yaşayıb.
Yaponiyada 220 yaşlı adam var. Deməli, kvota yoxdur. Allah insanı yer üzünə buraxıb və deyib nə qədər istəyirsən yaşa. İnsan o qədər axmaqdır ki, araq içir, papiros çəkir, zəhərli şeylər yeyir. Min cür turşu yeyir.
O gün bir balaca turşu yedim, neçə saat özümə gələ bilmədim. Sonra insan dərd çəkir... Bunları eləməsə, yaşayar. Mənim atam kimi. 100 il yaşadı.
- Onda sizin də hədəfiniz 100 yaşdır?
- Hə, azı 100.
- Necə qidalanırsız?
- Əvvəlki vaxtlarla işim yoxdur. 10 ildir ki, belə qidalanıram: səhər dururam, bir qaşıq bal yeyirəm. Sonra bir qaşıq zeytun yağı içirəm.
- Çay, ya xörək qaşığı?
- Balı çay qaşığı, zeytunu xörək qaşığı ilə. Bal bahadır axı. Hər səhər bir alma yeyirəm.
Əlisa müəllim ayağa durub göy sellofan torbadakı almaları, pəncərənin kənarına qoduğu zeytun və bal şüşəsini göstərir.
- Almadan sonra bir paxlava yeyirəm. Bir də bişmiş yumurta. Bu oldu mənim şəhər yeməyim. Günorta ömrüm boyu sulu xörək yemişəm. Əsasən də bozbaş. Bir damcı da olsa yağ yemirəm. Əvvəllər kərə yağı yeyərdim, indi onu da yemirəm. Ömrümdə qənd işlətməmişəm. Bütün damarları tutan qənddi, şəkərdi. Onun əvəzinə şokalad yeyirəm. Meyvə, xurma, kişmiş - bunlar həmişə olur. Axşam yeməyini də yüngülvari edirəm. Əsasən də gəlin boranı qaynadır, onu yeyirəm.
Hə, bayaqkı söhbətim yarımçıq qaldı. Mən bir hekayə yazmışam: "Sevgi necə yaranıb?" Tutalım, Afrikada dişi də, erkək də paltarsız gəziblər. Milyon il davam edib, paltarın nə olduğunu bilməyiblər. Pələng, şir, ayı paltar geyir bəyəm? İnsanlar da bu cür gəziblər, doğur, törəyir, amma müqavimətə rast gəlir, başqa canlılar tərəfindən parçalanır, ölür və insan artımı olmur.
Allah görür ki, bunlar artmırlar, ölürlər. Bunların toxumu kəsilir. Allah fikirləşir ki, necə edim ki, bunlar dişini qorusunlar. Allah insanları qorumaq üçün sevgini yaradır. Bir oğlan bir qıza baxıb gülümsəyir, o da buna baxıb gülümsəyir.
Oğlan qızı qorumaq üçün onun ətrafına ağaclardan hasar çəkir. Sonra fikirləşir ki, bunun üstünü yarpaqla da örtə bilərəm. Deyir ki, sən burda qal, mən ov edim gətirim. Beləcə ailə yaranıb. Başqaları da baxıb, onlar da belə edib. Sevgi belə yaranıb...
"Öpməyə qıymadığım"
- Bəs Əlisa Nicatda ilk sevgi necə yarandı?
- İlk sevgi! (Şövqlə gülümsəyir). Mən uşaq yaşlarımdan həyatımın mənasını ulduzlarda, kainatda axtarırdım. Eyvanda yatardım, birdən mənə elə gələrdi ki, ulduzlara sarı uçuram. Qışqırardım. Səsimə anam qaçıb gələrdi. Kainat mənim üçün o qədər maraqlı idi.
Yaxın bir qohumumuz öləndə uşaq idim. Mən onu necə aparıb basdırdıqlarını gördüm. Çox məyus oldum. Dedim, bu artıq labüddür. Ruhdan düşdüm, kitab oxumağı da saxladım.
Artıq 14-15 yaşa gəlib çatmışdım. Onda Onu sevdim. Şərqiyyə idi adı. Bizdən bir məhəllə o yanda olurdu. İki bacı idilər, ikisi də Lənkəran gözəli. Lənkəranda qızların məktəbi onda ayrıydı. Məktəbin yanında dayanıb onu gözləyirdim, o, məktəbdən çıxanda ta evəcən onun ardınca gedərdim.
Bir dəfə ona məktub yazdım, vermək üçün hətta yolunu kəsdim. Qaçdı, məktubu almadı. Rəfiqəsiylə göndərdim məktubu. "Ulduzdan Günəşə" yazmışdım. Özümü ulduz hesab etmişdim, onu günəş. Məktubu da qaytardı. Amma mənə baxıb gülümsədiyini görürdüm.
Bir dostum vardı, məndən əvvəl qurtarmışdı məktəbi, Qız məktəbində fizika müəllimi işləyirdi. Dedi ki, mənim kabinetimə yol Şərqiyyəgilin sinfindən keçir, bir yerdə gedək, qızı gör.
Ürək eləmirdim, amma onu görməyi də çox istəyirdim. Qoşuldum buna, getdik. Bunların sinfinə gəlib çatdıq. Dostum, ardınca da mən içəri girdim. Gördüm Şərqiyyə dayanıb, yanında da bir qız. Məni gördü, quruyub qaldı. Üzündə elə bir xoşbəxt ifadə vardı! Mənim cəsarətim onu xoşbəxt etmişdi.
O sinifdən dostumun kabinetinə necə keçdim, bir Allah bilir. Ayaqlarım bir-birinə dolaşırdı. Kabinetə girib oturdum və huşumu itirdim. Sevginin gücündən... Bir də gördüm Cümşüd mənə tərəf qışqırır: "Əlisa, nə oldu?" Ondan sonra həyat məna kəsb elədi. Dedim ki, adam ölür, amma əvəzində sevgi var, Şərqiyyə var.
Sonra Gəncədə yaşayan bir prokuror bunu gordü və alıb apardı. Onda gördüm ki, kainatı gürültü tutdu, sanki ulduzlar dəydi yerə. Uğultu dünyanı bürüdü. Gözlərim görmədi. Hər yan alışıb yanır, dörd bir tərəfdən qulağıma qışqırırlar. Əlim heç yana çatmadı.
1955-ci ildə mən Bakıya gəldim. İşim-gücüm qızların dalınca düşmək idi. Universitetdə Əkrəm Əylisli qrup nümayəndəsi idi, deyirdi, sən get, mən sənə qaib qoymayacam.
Onda Zemfira adlı qızla tanış oldum. Atası İsmayıllı rayonunun birinci katibi idi. Gözəl, necə gözəl! Anası bir dəfə məni gördü, deyib ki, yaxşı oğlana oxşayır. Ondan sonra Zemfira razılıq verdi, tanış olduq. İki ay, üç ay görüşdük. Həmişə də görüşə bir az yubanırdı. Bir dəfə üzündən öpdüm, vəssalam. Gedib otururduq, söhbət edirdik. Cəsarət etmirdim.
Sonra fikirləşdim ki, niyə belə edirdim. Ağlıma gəlmirdi ki, qucaqlayım, öpüm. İnsanlar bir birinə tamaşa etmək üçün gorüşmürlər ki.
Sonra bir dəfə Səlahəddin Əlinin bir şeirini oxudum:
Nasıl seni sevirdim,
Niyə məndən üz çevirdin,
Yadların qoynuna girdin
Öpməyə qıyamadığım.
Öpməyə belə qıymırdım!.. Sonra anamı elçi göndərdim. Anam gəlib dedi ki, onlarla bizimki tutmaz. Onlar dövlətli, bizim heç nəyimiz yox. Mənim də işim, evim yox, gordüm olmur, özüm uzaqlaşdım.
Bir il keçmiş üzü Baksovetdən yuxarı gedirdim, o çıxdı qarşıma - Nüşabə. Nüşabə, nə Nüşabə! Mavi gözlər! Vay dədə!
- Onda siz gözəllik aşiqi olmusuz, belə çıxır ki, siz qadınlarda ancaq zahiri gözəllik axtarmısız.
- Mən nə bilim onun daxili aləmi necədi? Gərək tanış olasan ki, tanıyasan da. Onunla da baş tutmadı... Bu da mənim sevgi tarixim...
- Əlisa müəllim, hər dəfə "Həyatıma O gəldi" deyəndə mən də həyəcanlanıram və Onun taleyinizi bağladığınız qadın olduğunu düşünürəm. Amma belə olmadı. Bəs ailəni necə qurdunuz?
Əlisa müəllimin gözlərindəki parıltı, səsindəki həyəcan və titrəyiş itir, həvəssiz- həvəssiz davam edir:
- Sevgi oxum daşa deyəndən sonra dedim ki, mən daha evlənməyəcəyəm. Sonra qonşuda tək yaşayan professorun öldüyünü və cəsədinin bir həftə ortada qaldığını gördüm. Dedim yox, evlənmək lazımdır. Artıq 34 yaşım vardı.
Anama dedim ki, bir qız tap, mənim də tanıdığım olsun. Dedi, hə, bir yaxşı qız var. Nişanlandım.
- Gözəlliyi ürəyinizcə oldumu?
- Belə, orta. Uzaqdan uzağa tanıyırdım. Evləndik, Üzeyir oldu. Dedik ki, daha bir oğlan bəsdir. Yoldaşım iki ildir rəhmətə gedib. Çox vaxt paltarlarımı ozüm yuyuram. Gəlin də baxır... Bu kitab şkafını da iki xanım gətirdi qoydu, sağ olsunlar.
- Çağırışlardan sonra yığılan 7 minin sizə çox köməyi oldu yəqin ki…
- Hə, pal-paltar, yemək-içmək aldıq, borclarımı verdim. İndi də aylıq 350 manat pensiya çatmır, yenə ordan gedir. İki min qalıb. Deyirəm ölüm-itim dünyasıdır, qalsın, bəlkə lazım oldu...
Əlisa müəllimlə bir-birimizə kitab hədiyyə etdikdən sonra ayağa qalxıram. Yazıçı arxamca dəhlizə çıxır. "İçəri keçin, soyuqdur", deyirəm. Utancaq halda gülümsünür.
Dar pilləkanları enib yalqızlıq yağan həyətdən keçirəm. Soyuq qılınc kimi kəsir və məhəllənin hələ də qaşqabağı açılmayıb. Amma ağsaqqal yazıçının sevimli kitablarının yanında və isti otaqda olması fikri məni isidir...
- Deputat - Bu məsələdə narazılıqlar getdikcə artır, QAZ LİMİTİNƏ yenidən baxılmalıdır
1 noyabr 2024 13:24
- Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
1 noyabr 2024 10:16
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 2024 21:50
- Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 oktyabr 2024 14:28
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 2024 14:22
- Ərdoğandan Öcalana edilən çağırışa reaksiya
31 oktyabr 2024 13:38
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 2024 12:09
- Rusiya qalib gəldi - Zelenski
30 oktyabr 2024 23:19
- Ərdoğandan müsəlman ölkələrinə ÇAĞIRIŞ
30 oktyabr 2024 18:20
- Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
30 oktyabr 2024 17:47
- Deputat - Bu məsələdə narazılıqlar getdikcə artır, QAZ LİMİTİNƏ yenidən baxılmalıdır
01 noyabr 13:24
- Parlamentdə GƏRGİNLİK - Dediklərinizin arxasında fakt yoxdur
01 noyabr 13:02
- Milli Məclisin iclası başladı: 9 məsələyə baxılacaq
01 noyabr 12:24
- Radiatorun üstünə bir neçə DƏFNƏ YARPAĞI qoyun və ... - MÖCÜZƏ
01 noyabr 12:10
- NAR AzTU-da mobil rabitə təlimlərini davam etdirir
01 noyabr 12:03
- Azərsun Holdinq-dən daha bir layihəyə dəstək - Fotolar
01 noyabr 11:23
- Nazirlikdə iki yüksək vəzifəyə təyinat
01 noyabr 10:35
- Prezident 28 May-da aparılan abadlıq işləri ilə tanış oldu
01 noyabr 10:29
- Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
01 noyabr 10:16
- Badamdarda uçqun: Laçın QAÇQIN məktəbində oxuyan uşaqların həyatı təhlükədə! - FOTO
01 noyabr 10:00
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 23:11
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 21:50
- Hikmət Həsənovun köməkçisinə hökm oxundu - FOTO
31 oktyabr 19:57
- Urmiyada beş məhbusun barmaqları kəsiləcək
31 oktyabr 19:47
- Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 oktyabr 14:50
- Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 oktyabr 14:28
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 14:15
- Ərdoğandan Öcalana edilən çağırışa reaksiya
31 oktyabr 13:38
- Planetar düşüncəli lider…
31 oktyabr 13:29
- Beynəlxalq axtarışa verilən 5 şəxs Azərbaycana gətirildi
31 oktyabr 13:15
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 12:09
- SAYT rəhbəri həbs edildi
31 oktyabr 11:59
- Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - FOTOLAR
31 oktyabr 11:42
- Rusiya qalib gəldi - Zelenski
30 oktyabr 23:19
- Dörd nəfər onu axtarmağa gedəndə həlak olmuşdu...
30 oktyabr 23:05
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 20:50
- Ərdoğandan müsəlman ölkələrinə ÇAĞIRIŞ
30 oktyabr 18:20
- Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
30 oktyabr 17:47
- İsrail Prezidenti Bakıya gəlir
30 oktyabr 15:24