Almaniyada keçirilən son sorğulara görə, kansler postuna namizədlərin populyarlıq reytinqinə “Almaniya üçün Alternativ” partiyasının həmsədri Alis Vaydel başçılıq edir. Respondentlərin 24%-i ifrat sağçı Vaydelə səs verib və bu da ötən həftə ilə müqayisədə 3% çoxdur.
Alis Vaydel kimdir?
Sağçı “Almaniya üçün Alternativ” partiyasının nümayəndəsi Alis Vaydel ölkənin ən populyar on siyasətçisindən biridir. Maraqlıdır ki, onun tərəfdarları eynicinsli nikahlara və ciddi immiqrasiya nəzarətinə qarşı çıxsa da, qadının özü Şri-Lanka əsilli xanım prodüserlə evlidir və iki övladı var.
6 fevral 1979-cu ildə Şimali Reyn-Vestfaliyada, Güterslo şəhərində anadan olan Alisin atası mebel satıcısı olub. Ali təhsil alan qadın bir neçə il Çində olub və xüsusi təqaüd alıb. Odur ki, o, Çin dilini də mükəmməl bilir. Vaydel gəncliyində menecment departamentində analitik, 2012-ci ildən isə biznes məsləhətçisi işləyib. 2013-cü ildə sağ populistləri öz ətrafında birləşdirən “Almaniya üçün Alternativ” partiyasının sıralarına qoşulub.
Alisin karyera yüksəlişi onun həm partiyanın mülayim qanadının, həm də ifrat sağın nümayəndələri ilə ortaq dil tapmaq bacarığı ilə bağlıdır. 2022-ci ildə o, Tino Hrupalla ilə birlikdə partiyanın sədri seçilib.
Rus agenti, Marqaret Tetçerin fanatı
Qadın siyasətçinin partiyadakı fəaliyyəti və bəyanatları onun ideoloji rəqibləri tərəfindən daim müzakirə olunur. Müxaliflər Vaydeli Rusiya hökuməti ilə əlaqədə olmaqda ittiham edir, mətbuat onu “rus agenti” adlandırır. Xarici siyasətdə Alis güclü iqtisadiyyata malik olmayan ölkələrin Avropa İttifaqından çıxarılmasının tərəfdarıdır. O, İngiltərənin baş naziri Marqaret Tetçerin karyerasını nümunə kimi göstərib.
Alis Vaydel tez-tez ksenofobiyada ittiham olunur. O, miqrantların Avropa ölkələrinin yerli əhalisinin həyatına təsirini mənfi qiymətləndirir. Yerli avropalıların tezliklə başqa ölkələrin vətəndaşları ilə əvəzlənməsinə dair sui-qəsd nəzəriyyəsini dəstəkləyən partiya lideri Notr-Dam kilsəsindəki yanğının islam radikalları tərəfindən törədildiyini deyib, bu hadisəni qitədə xristianlığı məhv etmək üçün atılan addımlardan biri kimi qiymətləndirib.
Vaydel dəfələrlə Almaniyanın Rusiyaya qarşı sanksiya siyasətinə qarşı çıxıb. Onun sözlərinə görə, süni məhdudiyyətlər ölkə iqtisadiyyatına ziyan vurur. Bundestaqda çıxışı zamanı o, bildirib ki, rəsmi Berlin Ukraynaya silah verməkdən imtina etməli və daha balanslı xarici siyasət yürütməlidir: “Dərhal hərbi əməliyyatları dayandırmaq və danışıqlar masası arxasına oturmaq lazımdır”.
Almaniya müxalifətinin lideri Vaydel Şolts hökumətini ölkəni sənaye dövləti kimi məhv etməkdə ittiham edib. O, Rusiya qazının istehlakını azaltmaqla yanaşı, atom elektrik stansiyalarının tikintisindən imtinanı səhv addım adlandırıb. Alis həmçinin Avropa dövlətlərinin NATO-da rolunun gücləndirməsinin tərəfdarıdır.
Nasist babanın nasist nəvəsi
Alis İsveçrənin Bil şəhərində yaşayan Şri-Lanka əsilli rejissor və prodüser Sara Bossard ilə qeydə alınmış vətəndaş nikahında yaşayır. Eyni zamanda, “Almaniya üçün Alternativ” özünü ölkədə ailə dəyərlərini qorumağa çalışan və eynicinsli nikahlara qarşı çıxan tərəf kimi təqdim edib. 2023-cü ildə alman siyasətçinin özünü LGBT qrupunun nümayəndəsi hesab etmədiyi sözləri sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.
Alis özünü LGBT mühafizəkarlığının tərəfdarı adlandırıb və yetkinlik yaşına çatmayanlar arasında cinsi azlıqların təbliğinə qarşı çıxaraq, cütlüklərin uşaq sahibi olmasına müsbət yanaşıb. Vaydel vurğulayıb ki, onun fikri heç də həmişə partiyasının mövqeyi ilə üst-üstə düşmür. Öz növbəsində Vaydel və Bossard özlərini yaxşı valideyn adlandırıblar.
İndi Veydel hazırkı baş nazir Olaf Şoltsun əsas siyasi rəqibi olaraq qalır. Onun populyarlığına əsaslanaraq, 2024-cü il dekabrın əvvəlində partiya rəhbərliyi Alisin 2025-ci ilin fevralına planlaşdırılan seçkilərdə hökumət başçısı vəzifəsinə namizədliyi ilə razılaşıb.
Alis Veydelin babası Hans Vaydel SS bölməsində xidmət edib, eyni zamanda II dünya müharibəsi zamanı hakim vəzifəsində çalışıb. 1933-cü ildə nasistlərə qoşulan Hans Varşavada hərbi hakim kimi təhsil alıb və şəhərdə hərbi komendantlığının məhkəməsində işləyib. Bununla belə, Vaydeli sübutların çatışmazlığı səbəbindən cinayət məsuliyyətə cəlb etmək mümkün olmayıb.
Almaniya siyasəti sağa sürüşür
Alis Almaniya şəhərlərinin küçələrində qadınların burka və niqab geyinməsinin əleyhinədir. O, qadınlar üçün müsəlman geyimini cinslər arasında hüquqlardakı böyük fərqi göstərən seksist simvolla müqayisə edib.
Koronavirus peyvəndinin əleyhinə olan qadın siyasətçi Mərakeş əsilli almandilli reper Fərid Banqla tez-tez mübahisə edib. Musiqiçi treklərdən birində siyasətçini “Nasist qancığı” adlandırıb. Lider Adolf Hitler rejiminin tərəfdarlarının əməllərinə görə almanların indiki nəslinin məsuliyyət daşıdığına inanmır. Qadın II dünya müharibəsinə ölkəsinin məğlubiyyəti kimi baxıb və may bayramı tədbirlərində iştirak etməyi sevmir.
O, həmçinin Almaniya qanunlarını pozan miqrantlara qarşı tədbirlərin sərtləşdirilməsi və əcnəbilərə sosial dəstəyin ləğvi ilə bağlı sağçı mövqeyində qalıb.
Ötən həftənin sonunda ərəb əsilli miqrantın Almaniyanın Maqdeburq şəhərində törətdiyi terror aktı əslində Vaydel kimilərin hakimiyyətə yolunu açan hadisədir. İndi o və partiyadaşları miqrantlara qarşı ritorikanı gücləndirəcək, qorxmuş xalqın sevimlisinə çevriləcəklər.
İlkin Nəcəf