Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı: “Siz Prezident Administrasiyasına şikayətlər yazırsınız, sizin şikayətləri mənə göndərirlər, mən də ərizələrinizi ayaqyolunda istifadə edib atıram...”
“İş adamları onu da qeyd edirlər ki, Zakir Fərəcov çoxsaylı şikayətlərdən sonra borclu olduğu iş adamlarını otağına dəvət edib və 50.000 manat verərək onları həbs etdirəcəyi ilə hədələyib...”
"Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı artıq yekunlaşıb. İstintaqla qeyd olunan tibb müəssisəsinin sabiq baş mühasibi Gülnarə Bayramovanın həmin vəzifədə işləyərkən qohumu Gündüz Əliyevlə qabaqcadan əlbir olub tanışları Elxan Əsədovun köməkliyilə sahibkarlıq fəaliyyəti adı altında 2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib...
Bütün bunlara rəğmən, Gündüz Əliyev hələ də vəzifələrinin başındadır və qeyd etdiyimiz kimi, Sumqayıt Dövlət Universitetində baş müəllim kimi də çalışır. Bizə maraqlıdır, görəsən universitetdə nədən dərs deyir, korrupsiyadan?!.”
Son xüsusən iki onillikdə Azərbaycanda özünü korrupsiya və rüşvətxorluq bataqlığına atmış şəhər və rayon icra hakimiyyəti başçılarının sayı artmaqdadır. Prezident İlham Əliyevin “korrupsiyaya qarşı mübarizə ili” elan etdiyi 2011-ci ildən bəri bu istiqamətdə ciddi işlər görülməsinə, nəinki icra başçılarının, hətta nazirlərin cəzalandırılmasına rəğmən bir sıra yüksək vəzifəli məmurların, xüsusən də icra başçılarının bu iyrənc ictimai-siyasi mərəzdən qurtulmaq, düşdükləri bataqlıqdan çıxmağa cəhd etmək belə fikirləri yoxdur. Görünür, belələri ya eyforiya halındadırlar, ya da uzunmüddətli eyforiyanın ardınca dərin letargiya yuxusuna gediblər. Azərbaycan mediasının icra başçıları haqda azı son 10-15 illik materiallarını təhlil etdikdən sonra belə qənaətə gəlirik ki, ən azı eyforiyaya qapılmış bu cür vəzifə sahiblərindən biri də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Zakir Fərəcovdur...
Öncə bilməyənlər üçün “eyforiya” və “letargiya” xəstəliklərinin mənasını izah edək.
Adətən “həzz”, “uymaq” mənasında anlaşılan “eyforiya” termini politologiya, psixiatriya və narkologiyada geniş izahlara malikdir. İnternet ensiklopediyası “Vikipediya”da oxuyuruq: Eyforiya – insanın məmnuniyyət duyduğu və özünü yaxşı hiss etdiyi bir ruhi vəziyyətdir. Psixatriyada eyforiya hər zaman patoloji(normal olmayan hal - Red.) məna daşıyır və çox vaxt orqanik beyin fəlci xəstəliyinin ilk əlamətidir... İnsanın səbəbsiz şən olmağı deməkdir. Çünki eyforiya zamanı məmnuniyyət duyğusu şüur məhrumluğuna və kədər, yaxud təlaş duymamağa söykənir... Qandakı spirtin miqdarı ilə əlaqədar olaraq da meydana gələ bilər. Bu vəziyyətdə 100 ml qanda 50-100 mq spirt olur. Ayrıca morfin, mereidin və daha az olmaqla birlikdə metadon kimi narkotik ağrıkəsicilər də eyforiyaya səbəb ola bilər...”
Insanı asanlıqla idarə etməyin ən optimal yollarından biri də onu eyforiyaya, yəni onun gerçək vəziyyəti ilə uyğun olmayan bir həzz vəziyyətinə qapdırmaqdır.
Bəs letargiya nə deməkdir?
Tibbdə “letargiya yuxusu” deyilən bir xəstəlik halı var... Tam yorulub əldən düşmə, isteriya və güclü həyəcanlanma zamanı baş verə bilir... Eyforiya qısamüddətli olursa, letargiya halı bir neçə saatdan bir neçə ilədək, hətta bəzən 20 ildən çox(!) davam edə bilir...
Qayıdaq Sumqayıtın hörmətli icra başçısına...
Moderator.az olaraq bizim digər şəhər və rayonlar kimi Sumqayıt şəhərini də idarə edənin kimliyi maraqlı deyil. Əsas odur ki, həmin şəxs bölgəni, yaxud şəhəri ədalətlə, qanunla, ölkə Prezidentinin fərman, sərəncam, göstəriş və tövsiyələrinə uyğun olaraq idarə etsin, özünün, ailəsinin, qohum-əqrəbasının, tayfasının, dost-tanışının, bütövlükdə sakinlərin yaşam səviyyəsinin, rifah halının yüksəlməsi üçün çalışsın... Əgər hər hansı bir icra başçısı bunun əksini edirsə, onun haqqında sadə insanların, kişik sahibkarların, iş adamlarının şikayətləri artırsa, dövlət başçısı İlham Əliyevin dəfələrlə “mənim köməkçilərim” adlandırdıqları jurnalistlırin də borcu həmin məmurun fəaliyyətini araşdırmaq və gerçəkləri ictimaiyyətə, o cümlədən cənab Prezidentə çatdırmaqdır... İkincisi də, bir vətəndaş, həm də qələm sahibi oncə dediyimiz kimi, ölkə başçısının 2011-ci ildən bəri ölkədəki korrupsiya və rüşvətxorluq hallarına qarşı apardığı mübarizəyə töhfə vermək borcumuzdur...
Qələmə aldığımız bu material da məhz bu müqəddəs məqsədləri daşıyır.
Əlimizdə konkret olaraq Sumqayıtın İcra Hakimiyyəti başçısını “korrupsioner və rüşvətxor” adlandırmağa heç bir cinayət işi və ya məhkəmə qərarı-filan yoxdur. Amma ulu dədələrimizin “od yanmasa, tüstü çıxmaz” kəlamına arxalansaq, Zakir Fərəcovun qatı, qara “tüstüsü” çox keçmişdən gəlir. Ən azı, 1999-cu ildən, yəni Sumqayıt şəhər bələdiyyə sədri olandan bəri...
Və bizi bu “tüstü”lərin qalxdığı “od-ocağ”ı araşdırmağa vadar edən 26 may 2024-cü il tarixdə bir qrup iş adamının Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və qurumun Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevin onlara olan külli miqdarda borclarını qaytarmamaları ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciəti ilə bağlı Moderator.az redaksiyasına daxil olmuş açıq məktubları oldu(bax:
burada: və
burada 2:)
Məktubda qeyd edilir ki, Azərbaycanda sahibkarlığın inkişafı dövlətin əsas prioritetlərindən biridir. Lakin bu strategiya heç də bütün məmurlar üçün belə deyil. Belə ki, Sumqayıt ŞİH başçısı Zakir Fərəcov və Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri, o cümlədən Sumqayıt Dövlət Universitetində baş müəllim Gündüz Əliyev iş adamlarının uzun illərdir Sumqayıt şəhərinin quruculuğu istiqamətində görülmüş işlərin qarşılığı olaraq 2 milyon 900 min manatlıq borcu qaytarmırlar...
İş adamlarının sözlərinə görə, məsələ ilə bağlı artıq Prezident İlham Əliyevə və Baş Prokuror Kamran Əliyevə məktubla müraciət ediblər.
Müraciəti yayan iş adamları deyir ki, Zakir Fərəcovun ən yaxınları hesab olunan şəhərin baş memarı Adil Xudadatov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev təşviş içindədirlər. Bu səbəbdən müxtəlif bəhanələrlə zərərçəkən iş adamlarından qaçmağa üstünlük verirlər.
“Bir neçə il əvvəl Sumqayıtın Yeni Bulvar Kompleksini yüksək səviyyədə qura biləcəyimizi Zakir Fərəcova bildirdik. O, söhbətlərimiz zamanı dəfələrlə söz verdi ki, bu işi vaxtında yerinə yetirə bilsəm, yüksək vəzifəyə təyin edildikdən sonra daha geniş coğrafiyada işləmək üçün bizə hər cür şərait yaradacaq. Onun vədlərinə və yalan uydurmalarına qanaraq işlərin gedəcəyi əraziyə birlikdə gedib baxış keçirdik. 105 hektarlıq torpaq sahəsində Yeni Bulvar Kompleksinin salınması və sentyabr ayının axırında tam təhvil verilməsi üçün bir daha razılaşdıq. Zakir Fərəcov şəhərin Bakı - Quba istiqamətli yolunun girişində abadlıq işləri aparılmasını da bizə tapşırmışdı, bu barədə də orada razılığa gəldik. Bundan sonra 624 nəfərdən ibarət işçi heyəti və müasir texnologiyalı texnikalarımızla işə başladıq. Yeni Bulvar Kompleksinin salınması işlərini 2016-cı ilin sentyabr ayında, söz verdiyimiz kimi, yüksək səviyyədə, tam təhvil verdik. Lakin gördüyümüz işlərin qarşılığı olaraq - halal pullarımız bu günədək çalışdığımız MMC-nin hesabına tam şəkildə ödənilməyib.
Onu da qeyd etmək istəyirik ki, Yeni Bulvar Kompleksində həyata keçirilən möhtəşəm və qürurverici işlər başa çatdırıldıqdan sonra Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı, Heydər Əliyev prospekti, şəhərin giriş hissəsindəki 8 kilometrlik yolun sağ və sol hissəsi, S.Vurğun, Nizami və C. Cabbarlı küçələri, “Muğan Bank”ın qarşısındakı istirahət parkı da tərəfimizdən tam abadlaşdırılaraq təhvil verildi. Öhdəmizə götürdüyümüz işləri tam şəkildə başa çatdırıb təhvil verməyimizə baxmayaraq, başçının borclu qaldığı 2.900.000 manat pul vəsaiti bu günə qədər ödənilməyib. ŞİH başçısına şikayət ərizələri çatdırsaq da, heç bir nəticə əldə edə bilməmişik”, -məktubda belə deyilir
Göründüyü kimi, bu artıq “tüstü” yox, illərdir ki, Abşeron və Sumqayıt sakinlərini yaxıb-yandıran nəhəng zil qara “tüstülü” ocaqdan həmin sakinlərin ah-nalə “küləyi”nin qoparıb göylərə, hamının gözü qarşısına qaldırdığı iri bir odlu “kösöv”dür. Artıq bunun varlığını danmaq göydə günəşi danmaq kimi bir şeydir. Özü də Sumqayıt İcra Hakimiyyətinin borclarını, fəhlələrin pullarını ödəməməsi haqda bu, yeganə fakt deyil...
Zakir Fərəcovun 25 ildən çoxdur Abşeron rayonu və Sumqayıt şəhərində çatdığı nəhəng ocaqdan qalxan “tüstü”lərdən bir qismini dəyərli oxucularımıza “göstərməyə” çalışacağıq:
Öncə dediyimiz kimi, Zakir Fərəcovun “ocağı”ndan qara “tüstü”lər 1999-cu ildən qalxmağa başlanır.
Bir çox mətbu orqanlarının materiallarında qeyd edilir ki, “bu şəxs bələdiyyə sədri olarkən Sumqayıtda qanunsuz yolla satılmış torpaqların mübahisəsi hələ də bitməyib”.
“Qəhrəmanımız”ın 2005-2015-ci illərdə Abşeron Rayon İcra Hakimiyyəti başçısı kimi işlədiyi dövr də qara “tüstü”lərdən çox qalın qurum bağlayıb...
Bu dövrdə daha çox hallanan “iri və xırda oyektlərin sahiblərinin hər ay müxtəlif tədbirlər adı ilə icra hakimiyyətinə çağırılaraq onlardan obyektlərin ölçüsündən asılı olaraq icra başçısının “ehtiyat fonduna” müxtəlif məbləğdə pulların ödənilməsindən” ibarət olub. “Etiraz edən və ya “yoxdur” deyən obyekt sahibi gəlir yerini bağlamalı, icra başçısının istəyini yerinə yetirənə qədər fəaliyyət göstərməməli idi”. Başçını “çox əsəbləşdirənlər isə daha ağır cəzaya məruz qalırdılar”...
Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamına əsasən ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuş Zakir Fərəcov haqda fəaliyyətə başladığı ilk dövrlərdən narazılıqlar, şikayətlər başlanıb...
Onun bu şəhərdə işlədiyi ilk illər daha çox “sahibkarlara qarşı təşkil etdiyi "səlib yürüş”ləri ilə yadda qalıb.
Z.Fərəcovun sərrast “atıcılıq” hədəfindən hətta Qarabağ savaşlarının veteranları, keçmiş döyüşçülər, qazilər də yayına bilməyib...
2018-ci ildə Sumqayıtda Qarabağ Qaziləri ilə bağlı yaranmış problem haqda məlumat verən tanınmış publisist-yazar, Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu belə yazır: “Sumqayıt şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcov 3 dekabr beynəlxalq Əlillər günündə 15 nəfər Qarabağ əlilinin çörəyini kəsdi! Pul adamın gözünü elə tutub ki, ağsaqqal, qarasaqqal da eşitmir! Bu gün özlərinin təklif etdiyi 33 saylı marşrut xəttindən Qarabağ əlillərinin avtobuslarını çıxarıbdır!..”
Bir sözlə, Zakir Fərəcovun Sumqayıtdan qalxan qara “tüstü”lərini sadaladıqca adam “boğulmaq” həddinə çatır...
Ölkənin üçüncü böyük şəhərinin icra başçısının adı hallanan bir çox kriminal olaylar da “tüstülənməkdədir”.
Xırdalan şəhərinin 3 nömrəli Mənzil İstismar İdarəsinin rəisi olmuş Bayram Şərifovun intiharı, 8 iyun 2015-ci ildə Saray bələdiyyəsinin sədri Vəsilə Əbdülhəsənova və həyat yoldaşı Vəfadar Əbdülhəsənov qətlə yetirilməsi, izin itirilməsi üçün evin yandırılması və s. və i.a.
İndi baxaq görək, azı 10 ilə yaxın müddətdə sadalanan və sadalanmayan media məlumatları ilə bağlı Zakir Fərəcov məhkəməyə-filana müraciət edib, yoxsa yox...
Yalnız bir dəfə Z.Fərəcov tərəfindən Realliq.info - nun baş redaktoru Realliq.info saytının baş redaktoru İkram Rəhimova qarşı məhkəmə iddiası qaldırılıb, lakin sonda o, apellyasiya şikayəti verən jurnalistə məhkəmədə məğlub olub.
Amma özü dəfələrlə məhkəməyə verilib...
2020-ci ildə bir qrup sahibkar Sumqayıtın icra başçısı Zakir Fərəcovu məhkəməyə verib. 400 nəfərdən çox fəhlə də iddiaçı qismində onlara qoşulub.
2023-cü ilin avqustunda "Paşa Bank" Açiq Səhmdar Cəmiyyəti (ASC) Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Fərəcov Zakir Fərəc oğlunu məhkəməyə verib.
Buna səbəb Zakir Fərəcovun birbaşa tabeçiliyində olan "Sumqayıt Nəqliyyat-1" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) və Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində "Sumqayıt Nəqliyyat" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) banka külli miqdarda kredit borcunun olmasıdır.
Hələ oğlu, bacısı oğlu və s. qohumlarının müxtəlif cinayətlərlə bağlı məhkəmələrə verilməsini demirik.
Bir sözlə, sadaladıqlarımızdan belə nəticəyə gəlinir ki, Zakir Fərəcovun son olaraq Sumqayıtda çatdığı qara “ocaq” tezliklə söndürülməsə, onun qığılcım və “kösöv”ləri Bakını və bütün Abşeron yarımadasını da yaxıb-yandıracaq...
Sonda bir daha bir qrup iş adamının Zakir Fərəcov haqda şikayətinə qayıdaq:
“Əldə etdiyimiz sübutlara və dəqiq məlumatlara görə, icra başçısı daha bir saxtakarlığa imza atıb. Yəni həyata keçirdiyimiz işlərin başa çatdırıldığı ərəfədə ŞİH başçısının göstərişi əsasında gördüyümüz işlərin hamısı başqa müəsissələrin adlarına sənədləşdirilir. Əslində, gördüyümüz işlərə görə ayrılan pullar mənimsənilib və bağışlanması mümkünsüz hesab olunan cinayət hadisəsi baş verib. Hətta neçə ildir ki, borcu ödəməmək üçün üstümüzə başçı tərəfindən emissarlar da göndərilir. Bəzən həmin şəxslərlə danışıqlarımızın mövzusu başçı tərəfindən ifadə olunan hədələrdən ibarət olur. Bəzən də, onlar bizə bir qədər də gözləməyimizi məsləhət görürlər.
İcra hakimiyyətindən alacağımız pullar yüzlərlə fəhlənin alın təridir, iş adamlarının əzab-əziyyətlə ərsəyə gətirdikləri və satdıqları tikinti materiallarının qarşılığıdır. Borclu olduğumuz iş adamları da borc içində batırlar. Bu qədər insanı belə zillətə salmağa nə ad vermək olar? İndiyə kimi çoxsaylı şikayətlərimizi yazmışıq, heç bir əhəmiyyəti və nəticəsi olmayıb”, - deyə müraciətdə vurğulanıb.
“İş adamları onu da qeyd edirlər ki, Zakir Fərəcov çoxsaylı şikayətlərdən sonra borclu olduğu iş adamlarını otağına dəvət edib və 50.000 manat verərək onları həbs etdirəcəyi ilə hədələyib.
Sahibkarların sözlərinə görə, həmin görüşdə başçı iş adamlarına belə deyib: “Siz Prezident Administrasiyasına şikayətlər yazırsınız, sizin şikayətləri mənə göndərirlər, mən də ərizələrinizi ayaqyolunda istifadə edib atıram”.
Bu fakt doğrudursa, artıq hədsiz harınlamaq əlamətidir...
Məlum olur ki, sahibkarları “yandıran” “ocağ”ın “fitil”ini çəkən əsas fiqurlarından biri Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri, eyni zamanda Sumqayıt Dövlət Universitetində baş müəllimi olan Gündüz Əliyevdir.
Redaksiyamıza daxil olmuş şikayətdə deyilir:
“Gündüz Əliyevin qanunsuz əməlləri ilə bağlı onu da qeyd edək ki, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı artıq yekunlaşıb. İstintaqla qeyd olunan tibb müəssisəsinin sabiq baş mühasibi Gülnarə Bayramovanın həmin vəzifədə işləyərkən qohumu Gündüz Əliyevlə qabaqcadan əlbir olub tanışları Elxan Əsədovun köməkliyilə sahibkarlıq fəaliyyəti adı altında 2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib. İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələrilə yekun ittiham elan edilib. Cinayət işi hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatındadır.
Bütün bunlara rəğmən, Gündüz Əliyev hələ də vəzifələrinin başındadır və qeyd etdiyimiz kimi, Sumqayıt Dövlət Universitetində baş müəllim kimi də çalışır. Bizə maraqlıdır, görəsən universitetdə nədən dərs deyir, korrupsiyadan?!”
Haqlı sualdır. Görəsən, Gündüz Əliyev müəllim(!) tabeçiliyində olduğu Zakir Fərəcovla birgə bu qədər olaylardan, şikayət və narazılıqlardan dərs çıxardacaqlarmı? Çətin ki... Bu dərsi onlara yalnız son onilliklərdə korrupsiyaya qarşı ciddi mübarizə aparan Prezident İlham Əliyev olmaqla Azərbaycan dövləti verəcək və onları eyforiyadan və letargiya yuxusundan ayıldacaq... Onların cinayət əməllərindən şikayət edənlər kimi biz də buna əminik...
Moderator.az