Ölümcül istilər dörd qitədəki şəhərləri bürüyüb. Son günlər rekord temperaturların Asiya və Avropada yüzlərlə, hətta minlərlə insanın ölümünə səbəb olduğu bildirlir.
Bu barədə "Reuters" xəbər verir.
Səudiyyə Ərəbistanında iki milyona yaxın müsəlman zəvvar Məkkədəki Böyük Məsciddə həcci başa vurur. Lakin 51 dərəcədən yuxarı temperaturda səyahət zamanı yüzlərlə insan həyatını itirib.
Bu arada, Aralıq dənizi ölkələri Portuqaliyadan Yunanıstana və Afrikanın şimal sahili boyunca Əlcəzairə qədər meşə yanğınlarına səbəb olan daha bir həftə yüksək temperatur qeydə alınır.
Serbiyada meteoroloqlar temperaturun +40 civarında olacağını proqnozlaşdırırlar. Səhiyyə orqanları qırmızı həyəcan elan edib və insanlara çölə çıxmamağı tövsiyə edib.
Səhiyyə orqanlarının da insanlara axşam saatlarına qədər kölgədə qalmaları barədə xəbərdarlıq etdiyi Monteneqroda on minlərlə turist Adriatik sahili boyunca çimərliklərə sərinləmək üçün axışır.
ABŞ-ın şərqində ardıcıl beşinci gündür ki, istilik qübbəsi müşahidə olunur-güclü yüksək təzyiq sistemi bölgənin üzərindəki isti havanı tutduqda və sərin havanın içəri girməsinin qarşısını aldıqda meydana gələn bir fenomen.
Hindistanın Yeni Dehli şəhərində son 55 ilin ən isti gecəsi qeydə alınıb: gecə saat 1-də Hindistan Rəsədxanası +35,2 temperatur barədə xəbər yayıb. Ölkədə 40,000-dən çox şübhəli isti vurma hadisəsi və 110 ölüm faktı təsdiqlənib.
Temperaturlar adətən gecələr azalır, lakin elm adamları iqlim dəyişikliyinin gecə temperaturlarının artmasına səbəb olduğunu deyirlər. Dünyanın bir çox yerlərində gecələr daha sürətlə istiləşir.
Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 86 faiz ehtimalla növbəti beş ildən biri 2023-cü ili kölgədə qoyacaq və rekordlar üzrə ən isti il olacaq.
İqlim dəyişikliyi istilik dalğalarını daha tez-tez, intensiv və uzunmüddətli edir.
Alimlər deyirlər ki, dünya iqlimin istiləşməsinə səbəb olan emissiyaları artırmağa davam edərsə, istilik dalğaları daha da pisləşəcək. (lent.az)