Aleksandr Puşkinin adı dünya oxucularına əvvəlcə uşaq nağıllarından, lirik əsərlərindən, sonra isə povestlərindən, pyeslərindən və mənzum romanlarından məlumdur. Aleksandr Sergeyeviçin yaradıcılığı çoxşaxəlidir və hər bir oxucuya artıq tanış olan əsərlərdə yeni fikir və düşüncələr tapmaq imkanı verib. Onun “Yevgeni Onegin”i 75 dilə, “Gözəl bir anı xatırlayıram” poeması 200-dən çox dilə tərcümə olunub, dünyanın hər yerində rus şairinin abidələri ucaldılıb.
1941-ci ildə SSRİ-yə hücum edən və A.Puşkinin ev-muzeyinin də daxil olduğu “Mixaylovskoye” muzey-qoruğunu ələ keçirən Vermaxt əsgərləri də şairi yaxşı tanıyıblar. Danteslə dueldə öləndən sonra Aleksandr Puşkin Svetloqorsk monastırında şərəflə dəfn edilib. Sovet dövründə hakimiyyət monastırlara üstünlük vermədiyi üçün onların bir çoxu dağıdılıb, digərləri, tarixi baxımdan əhəmiyyətli olanlar isə muzeyə çevrilib.
Svetloqorsk monastırı da vacib olan bir sıra tarixi yerləri özündə birləşdirən “Mixaylovskoye” adlı böyük muzey kompleksinə birləşdirilib. Svetloqorsk monastırı və Aleksandr Sergeyeviçin həyatı ilə əlaqəli digər abidələr, ərazi baxımından aid olduqları bütün Pskov vilayəti kimi, 12 iyul 1941-ci ildə Almaniya ordusu tərəfindən tutulub. Maraqlıdır ki, bir çox alman əsgərləri və xüsusən də zabitlər A.Puşkinin əsərləri ilə tanış olublar.
Ciddi təhsili olmayanlar belə yazıçının adını bilibilər, çünki 1940-cı ildə kinoteatrlarda Puşkinin eyniadlı hekayəsi əsasında çəkilmiş “Stansionmaster” filmi nümayiş etdirilib.
Hitlerçilərin işğalı zamanı “Mixaylovskoye” muzeyi fəaliyyətini davam etdirib. Yerli sakin Kuzma Afanasyev müdir təyin edilib. Lakin tezliklə rəhbərliyin etirazına baxmayaraq, muzeyin qiymətli əşyaları oğurlanmağa başlayıb. Zabitlər əntiq mebelləri, qiymətli əşyaları, rəsmləri, qab-qacaqları Almaniyaya aparıblar. SS zabiti Fosfinkel bu məsələdə xüsusilə fərqlənib.
SSRİ Fövqəladə Dövlət Komissiyasının 1944-cü il avqustun 30-da “Pravda”da dərc olunmuş aktına əsasən, alman hərbi komendantlığının nümayəndəsi Fosfinkel dəfələrlə muzeyə gələrək xoşuna gələn əşyaları, mebelləri, kitabları götürüb aparıb. Hətta Puşkinoqorsk komendantı Traybholts da muzeydə qalan digər qiymətli əşyaların Almaniyaya göndərilməsi barədə göstəriş verib.
Bununla belə, artıq 1943-cü ilin noyabrında Almaniya ordusu qərbə doğru geri çəkilməyə başlayanda nasistlər “Mixaylovskoye” muzeyini bağlayıblar. Ərazi əhəmiyyətli bir müdafiə mərkəzinə çevrilib və bir çox bina sığınacaqlara, atəş və ya müşahidə nöqtələrinə çevrilib.
Alman mühəndisi İosif Amex ətrafdakı 30 min kvadratmetr meşənin kəsilməsini əmr edib. Nasistlər Mixaylovski və Triqorski parklarını minalayıblar, çox kilometrlik xəndəklər, arxlar və digər müdafiə istehkamları düzəldiblər, muzeyin girişindəki arxı və şairin abidəsinin bünövrə lövhəsini dağıdıblar.
Hətta Puşkinin dayəsi Arina Rodionovnanın kiçik evi də qərargah kimi istifadə olunub. Döyüşlər nəticəsində binalara ziyan dəyib. Almanlar qadınları Puşkinin məzarını və Svyatoqorsk monastırının ərazisini minalamağa məcbur etməyə çalışıblar və sakinlər bundan imtina etdikdə onları güllələyiblər.
12 iyul 1944-cü ildə ərazi SSRİ hərbçiləri tərəfindən azad edilib. Bundan bir az əvvəl nasistlər kəndi və muzeydəki bütün əşyaları, o cümlədən yazıçının məzarını minalayıblar. Hesablama sadə idi: mümkün qədər çox SSRİ hərbçisini öldürmək. İstehkamçılar monastırın yeni hörgüsünü söküblər. Divarda saat mexanizmi ilə təchiz edilən və içərisində 250 kq trotil yükü olan bomba aşkar edilib.
Döşəmə taxtasının altından tank əleyhinə mina, daha sonra başqa mina tapılıb. Puşkinin məzarı yaxınlığında "sürpriz" olan tank əleyhinə minalar da olub. Üst minanın yanına müəyyən bir müddətdən sonra sönəcək kimyəvi qoruyucu da qoyulub və onun altında üç telli qoruyucu ilə ikinci bir mina yerləşdirilib. Bundan başqa, məzar yaxınlığındakı ərazilərə də müxtəlif çaplı minalar döşənib.
Sovet istehkamçıları minaları ətraflı plan qurduqdan sonra təmizləməyə başlayıblar. Məzarın altındakı “ölüm tuneli” uğurla təmizlənib, lakin ətrafında aparılan işlər zamanı partlayış səsi eşidilib və doqquz nəfər ölüb. Təkcə 1944-cü ilin iyulunda 13 istehkamçı döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Qeyd olunub ki, hadisə onların axşam, kənddə işlərin əsasən başa çatdığı, istehkamçıların istirahətə və şam yeməyinə toplaşdığı bir vaxtda baş verib.
Həmin partlayışda xəsarət alan əsgərlərdən biri Nikolay Bobrov bildirib ki, istehkamçıların indiyədək heç vaxt rast gəlmədiyi RMI-43 minası partlayıb. Partlayışın baş verdiyi yerlərdə monastırın daş pilləkənlərində böyük dəliklər meydana gəlib.
Ümumilikdə ərazinin minalardan təmizlənməsi üçün 138 əsgər, çavuş, zabit və 90 xüsusi təlim keçmiş it cəlb edilib. 1944-cü il iyulun 15-dən iyulun 22-dək istehkamçılar 11 493 ədəd tank və piyada əleyhinə mina, 2 107 mərmi, dörd fuqas tipli raket aşkar edərək məhv ediblər.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün