ABŞ-da dahi şair Məhəmməd Füzulinin məşhur əsəri "Hədiqətüs-Süəda" ingilis dilinə tərcümə olunub. Tərcümə müəllifi Çikaqoda yaşayan Hüseyn Abivadır. "Hədiqətüs-süəda" ("Xoşbəxtlər bağı") əsəri 680-ci ildə ikinci Əməvi xəlifəsi I Yezidin ordusu ilə islam peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn ibn Əlinin başçılıq etdiyi kiçikmiqyaslı ordu arasında baş tutmuş Kərbəla döyüşündən bəhs edir.
Bu əsər, Hüseyn Kaşifinin "Rövzətüş-şühədə" ( "Şəhidlər bağı") əsərindən adaptasiya edilmiş türk məqtəl janrının şah əsəri hesab olunur, həmçinin Kərbəla döyüşü ilə bağlı digər müasir əsərlər arasında ən populyarı hesab olunur.
Kitabın ingilis dilinə tərcüməsi haqda Musavat.com-a məlum verən Çikaqoda yaşayan həmyerlimiz Anar Harmony Rütəm deyib ki, dahi şair Məhəmməd Füzuli Kərbəlada yaşayıb-yaratsa da, Azərbaycan xalqı onu özününkü hesab edir:
"Mənə elə gəlir ki, Azərbaycan xalqı onu ən böyük mütəfəkkiri hesab edir.
Çox yaxından tanımasam da, yazılarından ruhunu hiss etdiyim və ruhu qarşısında baş əydiyim Çikaqoda yaşayan Huseyin Abiva Məhəmməd Füzulinin məşhur əsərini ingilis dilinə tərcümə etməklə, məncə çox böyük bir iş görüb, uğura imza atıb. Bu, Azərbaycan xalqı üçün çox böyük hadisədir. Elə müəllifin özünün dediyi kimi, Füzuli türk xalqlarının Şekspridir, çünki o, öz fəlsəfi əsərlərini türkcə yazıb. Mən öz adımdan müəllifə minnətdarlığımı bildirirəm".
Həmyerlimiz əsərin məzmunu haqda da fikirlərini bölüşüb: "Əsərin fəlsəfəsini o təşkil edir ki, biz gündəlik həyatımızda problemlərə görə şikayətlənirik ki, niyə bu mənim başıma gəldi? Füzulinin bu əsərində həmin suala cavab tapılır: əgər İslam dünyasının qurucuları bu qədər əziyyət çəkibsə, Məhəmməd Peyğəmbər İslamı zülmlə ortaya qoyubsa, İmam Hüseyn elə bir müsibətə qorxmadan gedibsə, nədir biz bu gündəlik qayğılardan narahat olduğumuz?"