“Azərbaycan iqtidarı dövlət maraqlarını qorumaq naminə ən cəsarətli addımlar atmaq irədəsini ortaya qoyub” – Ülvin Məhəmməd
“Bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi bir çoxlarına nümunə olmalıdır”.
Bu sözləri “Kivnews.com” İnformasiya Portalının baş redaktoru, ekspert Ülvin Məhəmməd bildirib.
“Bu vaxta kimi Azərbaycanın işğal olunmuş ərazilərinə xarici dövlətlərin bir çox nümayəndələri – siyasətçilərdən, hüquq müdafiəçilərindən tutmuş, jurnalistlərə kimi qanunsuz səfərlər ediblər. Hər dəfə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən belə şəxslər qara siyahıya salınaraq, “persona non grata” elan ediliblər. Bəzən səfərlərdən sonra belə şəxslər qanunsuz səfər etmələrini etiraf etməklə, hətta Azərbaycan hökumətindən, Azərbaycan xalqından üzr istəməklə adlarının qara siyahıdan çıxarılmasına nail olublar. Lakin sonuncu hadisə göstərdi ki, Azərbaycan iqtidarı belə şəxslərə qarşı beynəlxalq qanunun tələblərinə və Azərbaycan qanunvericiliyinə uyğun olaraq daha sərt addımlar atmaq gücündədir. Aleksandr Lapşin nümunəsi artıq çoxlarına dərs olacaq. Bu, Azərbaycanın dövlətinin torpaqlarımızın işğalına qarşı barışmaz mövqedə olduğunu göstərir”.
Ülvin Məhəmməd bildirdi ki, bu hadisə Ermənistan tərəfinin bütün ümidlərini puç etdi: “Azərbaycan iqtidarı dövlət maraqlarını qorumaq naminə ən cəsarətli addımlar atmaq irədəsini ortaya qoyub”.
Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etdiyi üçün Belarusda saxlanılaraq Bakıya gətirilən bloqqer Aleksandr Lapşin Bakı İstintaq Təcridxanasına köçürülüb.
Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqqer Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib.
Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb.
Lapşin Azərbaycan tərəfinin tələbi ilə dekabrın 14-də Belarus Respublikası hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.
Kivnews.com