Dərc edilib: 06-02-2017

https://www.nuh.az/9515-.html

Rumıniya inqilab astanasında: yarım milyon insan küçələrə çıxdı - FOTO/VİDEO

06.02.2017 18:33:16

Dünya

Rumıniyanın ən böyük şəhərlərində hökumətin istefası tələbi ilə keçirilən etirazlar davam edir.
Publika.az   xəbər verir ki, aksiyalara qoşulan insanların sayı 500 mini keçib.
Nümayişçilərin çoxu paytaxt Buxarestdə Qələbə Meydanına toplaşıb. Onların sayının 250 mini keçdiyi bildirilir.
Xatırladaq ki, etiraz aksiyaları fevralın 1-də başlanıb. Etiraza səbəb yeni hökumətin yanvarın 31-də amnistiya aktı və cinayət qanunvericiliyinə (Cinayət Məcəlləsi və Cinayət-Posessual Məcəllə) dəyişikliklərə dair iki qanun layihəsini qəbul etməsidir.
Aksiya iştirakçılarının fikrincə, dəyişikliklər nəticəsində rüşvət və korrupsiya maddələrilə tutulan siyasətçilər azadlığa çıxacaq. Çünki amnistiya aktı 5 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum olunan şəxslərə, hamilə qadınlara, himayəsində azyaşlı uşağı olan qadınlara şamil olunacaq. Bununla yanaşı, şərti azadlıqdan məhrum edilmiş şəxslərin üzərindən məhkumluğun da götürülməsi nəzərdə tutulur. Digər qanun layihəsinə əsasən isə dövlət məmuru tərəfindən dövlətə vurulmuş ziyan 42 min avro dəyərindən az olarsa, həmin şəxsə rüşvət vermə və rüşvət alma, eləcə də korrupsiya maddələri üzrə cinayət işi açıla bilməz.
Rumıniya prezidenti Klaus Yohannis baş nazirə məktubla müraciət edərək hökuməti qəbul etdiyi dəyişikliklərin ləğvinə çağırıb.

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib