Gəncədəki Futbol Təmayüllü Gimnaziyada özbaşınalıq
"Demokratik.Az”-ın məlumatına görə, Gəncədə fəaliyyət göstərən P. Hüseynov adına Futbol Təmayüllü İnternat Tipli Gimnaziyada (FTİTG) dəhşətli korrupsiya və mənimsəmə halları aşkarlanıb.
Hazırda təhsil müəssisəsində Təhsil naziri cənab Mikayıl Cabbarovun təlimatı əsasında ciddi yoxlama həyata keçirilir. Məsələ şəxsən nazirin nəzarətindədir. "Demokratik.Az”-a daxil olan məlumatlarda bildirilir ki, liseyin direktoru Rövşən Əbilov rəhbərlik etdiyi təhsil ocağını təyinatından bu yana öz maraqlarına uyğun formada idarə edib. Hazırda həyata keçirilən yoxlamanın nəticəsindən qorxaraq, özünü kollektivə təhsil naziri Mikayıl Cabbarovun qohumu olduğuna inandıran R.Əbilovun hazırda saxta yolla bülletenə çıxdığı deyilir. "Demokratik.Az”-a verilən məlumata görə, yoxlamaların sonunda Gəncə FTİTG-nin təsərrüfat işləri üzrə direktor müavininə cinayət işinin açılacağı qaçılmazdır. Təkcə 2016-cı ildə Rövşən Əbilovun diqtəsilə müavini Elşən Əşrəfov liseydə zəruri invertarlaşdırılma "siyasəti” həyata keçirib. Bu məqsədlə 150 çarpayının alınması, hər il müəllim və şagirdlər üçün nəzərdə tutulmuş zəruri ləvazimat xərcləri, eləcə də digər hallar üzrə sənədləşmə üzərində təsbit olunan 200 mindən artıq maddi vəsait mənimsənilib. Kağız üzərində alınan çarpayıya faktiki olaraq liseydə rast gəlinməyib. Məlumata görə, təsərrüfat işlərinə cavabdehlik daşıyan Elşən Əşrəfov artıq özünün izahatında direktor tərəfindən aldadıldığını, bir sıra maxinasiyalı sənədləşmələrə onun təkidi, təzyiqi ilə imzalar atdığını qeyd edib. Məlumata görə, müavin hər birinin dəyəri 600 manat olan çarpayıların haraya və necə satılması barədə də yoxlamanı həyata keçirən nazirlik rəsmilərinə məlumat verib. Bundan başqa, Rövşən Əbilovun staj və maaş xatirinə liseyə gəlmədən maaş alan "ölü can”ları da dirilərək yoxlama aparanların qarşısına çıxarılıb. Bir çoxlarını kollektivdə heç kəs tanımasa da, "ölü can”lar gizlənməkdə olan direktorun müdafiəsinə çalışırlar. Belələrinin sırasında texniki işçilərin də sayca çoxluq təşkil etdiyi bildirilir. Liseydə təhsil alan şagirdlərə ayrılan gündəlik tələbatlar da talana məruz qalıb. Baş verən özbaşınalığa rəvac verən biri kimi, Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin Qərb regional nümayəndəsi Cehun Mirzənin də adı çəkilir. Korrupsiya və rüşvət bataqlığında çabalamaqda olan Gəncə FTİTG-nin aqibətinin necə olacağı müəmmalıdır. Görəsən, talançılıqla və özbaşınalıqla məşğul olan lisey direktorunu hörmətli Mikayıl Cabbarovun hansı cəza növü gözləyir? Gözləyək, görəcəyik!!!
Osman Nərimanoğlu
(mövzu diqqətimizdədir) Demokratik.Az
NUH.az