Şikayətçilər Gürcüstandakı Azərbaycan səfirliyinə üz tutub
Bu günlərdə bir neçə şikayətçi Gürcüstandakı Azərbaycan səfirliyinə üz tutub.
Bu barədə Cebhe.info-ya məlumat verən Elmira Hümbətova (ad şərtidir -A.A), Sevda Süleymanova və Elimdar İsmayılov bir neçə ildir ki, hüquqlarının pozulmasından, ədalətin bərpa edilməməsindən və problemlərinin həll edilməməsindən narazılıq ediblər. Şikayətləri ilə bağlı üz tutduqları yerlərdən fotoşəkillər və görüntülər təqdim ediblər. Vətəndaşların bildirdiyinə görə, Azərbaycanda Baş Prokurorluqdan tutmuş aşağı hüquq-mühafizə orqanlarına qədər bütün instansiyalara müraciət etmələrinə baxmayaraq, vəzifəli şəxslər onların problemlərinin həll edilməsi istiqamətində heç bir addım atmır. Əksinə təzyiqlərə, təqiblərə və ölüm təhdidlərinə məruz qalıblar. Səslərinin eşidiləcəyi ümidilə qonşu ölkələrə üz tutublar.
Gürcü polislərindən humanist addım...
Şikayətçilər iyunun 24-də Azərbaycanın Gürcüstandakı səfirliyinə gediblər. Səfirliyin konsulu Ramil Rzayev və birinci katib İlham Talıbov şikayətçiləri qəbul edib və əmin edib ki, müraciətlərini nazirliklərə deyil, birbaşa Prezident Aparatına təqdim edəcəklər. Amma bir ay keçsə də heç bir nəticə olmayıb. Hətta, bu barədə Xarici İşlər Nazirliyinə də məlumat verilməyib.
Aldadıqlarını zənn edən şikayətçilər yenidən iyul ayının 18-də Azərbaycanın Gürcüstandakı səfirliyinə üz tutublar. Bu dəfə onları heç kim qəbul etməyib. Əksinə səfirlik nümayəndələri şikayətçilərə hədə-qorxu gələrək onlara hüquq-mühafizə orqanları tərəfindən ərazidən kənarlaşdırılacaqları barədə xəbərdarlıq ediblər. Səfirlik nümayəndələri şikayətçləri binanın qarşısından kənarlaşdıra bilmədikdə gürcü polislərinə onları oradan qovmaları barədə tapşırıq veriblər. Şikayətçilərin sözlərinə görə, gürcü polisləri Azərbaycan polislərindən fərqli addım atıblar. Səfirliyin önündən çəkilməyən şikayətçilərə su, yemək və rahatlıq baxımından müəyyən yardımlar göstəriblər. Narazı vətəndaşlar isə ağ kəfənə bürünərək üç gün Azərbaycanın Gürcüstandakı səfirliyinin önündəki mərmər daşın üstündə gecələyiblər. Amma bu vəziyyətə heç bir yerdən reaksiya gəlməyib. Əksinə iki qadın və bir kişi olmaqla şikayətçilərin bu etirazına biganəlik nümayiş etdirilib.
Türkiyə mətbuatına çıxmaq istədilər...
Qeyd edək ki, şikayətçilər may ayının 22-də məlum səbəbdən Azərbaycanın Türkiyədəki səfirliyinə gediblər. O zaman prezident İlham Əliyev də Türkiyədə səfərdə olub. Şikayətçilərin tələbi səfirliyin köməkliyi ilə prezidentin qəbuluna düşmək olub. Amma səfir Faiq Bağırov prezidenti müşahidə etdiyi üçün onunla görüşmək mümkün olmayıb. Konsul Şöhrət Mustafayev şikayətçiləri qəbul edib, problemlərini dinləyəndən sonra onların səsini Azərbaycan prezidentinə çatdıracaqlarını deyib. Bundan sonra narazılar problemlərinin
Azərbaycanda heç bir qurum tərəfindən həll edilmədiyi üçün Türkiyə mətbuatına çıxmaq istəyiblər. Amma səfirlik çərçivəsində bu cəhdə də imkan verilməyib.
Ayrı-ayrı epizodlar üzrə cinayətin izi ilə...
Xatırladaq ki, Elmira Hümbətova azyaşlı qızına kütləvi təcavüzlə bağlı başlanmış cinayət işinin obyektiv araşdırılmamasına etiraz edir. Onun sözlərinə görə, baxmayaraq ki, cinayət qrup şəklində törədilib, bir çox maraqlara görə cinayət işi parçalanaraq, ayrı-ayrı epizodlar şəklində qeyri-obyektiv araşdırılıb. Qrupun bir çox üzvləri cinayət məsuliyyətindən bu günə kimi kənarda qalıb: “Əgər bu cür cinayət işlərində müəyyən maraqlara görə iş obyektiv araşdırılmırsa, görün başqa cinayət işlərinin taleyi necə olur” deyə gileylənib.
Şikayətçi Sevda Süleymanova isə deyib ki, iş adamı olan həyat yoldaşı 2012 və 2013-cü illərdə Afina MMC və OMAKS MTK-ya qoyduğu sərmayələri geri istədikdə keçmiş milli təhlükəsizlik naziri (MTN) Eldar Mahmudovun əlaltısı Akif Mustafayev, Nail Şahverdiyev, Lətifə Hüseynova, Mübariz Məmmədov, Bakı Şəhər Prokurorluğunda işləyən Naibə Tağızadə, Emin və Tapdıq Namazovlar birləşərək onu həbs etdiriblər: “Bütün əmlakımı məhkəməsiz, qərarsız əlimdən alıblar. Mənim və ailəmin başına min cür bəlalar gətiriblər. Bir neçə dəfə oğurlanıb saatlarla polis bölməsində saxlanılmışam. Övladlarımın həyatlarına təhlükə gələcəyi barədə təhdid olunmuşam. Başıma gətirilmiş oyun Ermənistan Azərbaycan dövlətini hansı duruma salıbsa, ölkəmin bir qrup vəzifəli şəxsləri məni də vətənimdə o günə salıblar”.
Digər şikayətçi Elimdar İsmayılov isə adi yol qəzasına görə atası Məhərrəm İsmayılovun vəhşicəsinə döyülməsi, protez ayağının sındırılması, bununla yanaşı atasına köməyə gedərkən özünün də ölümcül şəkildə döyülərək xəstəxanalıq edilməsindən gileylənib: “Məni və atamı döyənlər keçmiş MTN-nin Baş Xüsusi Təyinatlılar İdarəsinin “Qartal” məxfi qurumunun 5 əməkdaşıdır. Atamla birgə mənə cinayət işi açılıb ki, guya biz həmin 5 nəfər xüsusi təyinatlıları döymüşük. Həmin şəxslər İnqilab Rzayev, Fəqan Əliyev, Bəhruz Məmmədov, Hidayət Kazımov və Toğrul Mirzəyevdir. Bu şəxslərə himayədarlıq edən həmin idarənin generalı Ceyhun Rzayevdir. Məlumat üçün deyim ki, İnqilab Rzayev Ceyhun Rzayevin yaxın qohumudur. Atam və məni bu şəxslər işdən çıxarıb dilənç vəziyyətinə salıblar. Baxmayaraq ki, məhkəmədə bəraət almışıq. Amma bizi nə işlə, nə də kompensasiya ilə təmin etmirlər”.
Narazı vətəndaşlar deyiblər ki, onların yeganə tələbi ölkə başçısı İlham Əliyevin onların səsinə səs verməsidir: “İndiyə kimi bütün faktlar məmurlar tərəfindən prezidentdən gizlədilir. Ümidvarıq ki, bütün bu addımlardan sonra prezident bizi qəbul edəcək və bizə kömək əlini uzadacaq. Bu da alınmazsa, özümüzü kütləvi surətdə öldürməyə qərarlaşdırmışıq”.
NUH.az