İsmayıl Vəliyevin biabırçı “kadro siyasəti”
NUH.az-a daxil olan oxucu məktubunu müəyyən ixtisarla dərc edirik: “Mən sizə böyüyüb boya-başa çatdığım doğma Neftçalanın son dövrlərdə düçar olduğu bəlalardan söz açmaq istəyirəm. Azərbaycan Respublikası Prezidenti möhtərəm İ.Əliyev cənablarının sərəncamı ilə Neftçala rayonuna icra başçısı təyin olunan İ.Vəliyev ilk günlər tanışlıq məqsədi ilə yerlərdə əhali ilə görüşlər keçirir və bu görüşlərdə ictimaiyyətə söz verdi ki, rayonda quruculuq-abadlıq işlərinə geniş yer verəcək, əhalinin işsizlik problemi ilə ciddi məşğul olacaq, rayonda korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparacaq və bütün bu xeyirxah işləri görmək üçün ətrafına sağlam əqidəli təcrübəli, savadlı kadrları toplayacaqdır. Sonralar məlum oldu ki, bütün bunlar quru söz, boş vədlər imiş, əslində icra başçısının bu sözlərinin arxasında özünün planları dururmuş.
Məsələn, Neftçala rayonunda təbiət hadisəsi baş verir, güclü qar yağır, qarın ağırlığına tab gətirməyən çoxlu sayda yaşayış evləri, yardımçı tikililər uçur, dağılır və zədələnir. İcra başçısı əhalini sakitləşdirmək üçün fotoşəkillər çəkdirir, yerlərdə baxışlar keçirilir və Fövqaladə Hallar Nazirliyinə əhali üçün tikinti materialları alınmasına sifarişlər verilir. Fövqaladə Hallar Nazirliyindən bu materiallar daxil olduqca, Neftçala şəhərinin mərkəzindəki bazar sökülür və başqa yerdə icra başçısı üçün yeni bazar inşa edilir, yeni avtovağzal açılır, xeyli sayda icarəyə verilən dükan və mağazalar tikilir, dəbdəbəli “Avtoturist” restoranı və oteli inşa edilib istismara verilir.
Bütün bunlardan nə əhali xeyir görür, nə də dövlət büdcəsinə 1 manat daxil olur. Bu işlərin faydasını ancaq icra başçısı görür. Ətrafına sağlam kadrlar toplamağa söz vermiş İsmayıl müəllim bu vədini də özünəməxsus şəkildə icra etməyə başlayır. Əvvəlcə rayon mədəniyyət şöbəsinin müdiri vəzifəsinə Elmira Kazımova adlı birisi gətirilir. Bu xanım da başlayır rayonun tarix-diyarşünaslıq müzeyinin eksponatlarını və avadanlıqlarını yavaş-yavaş özününküləşdirməyə. İsmayıl Vəliyev sonra hüquqa zidd hərəkətləri barəsində müxtəlif media orqanlarında məqalələr yazılan, ləğv olunmuş MTN-nin keçmiş rayon şöbəsinin müdüri Mustafanı isə icra hakimiyyətində sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə müavin təyin edir.
Sosial şəbəkələrdə adı Mustafadan da çox hallanan “saxta diplomlu” Gülqədəm Mirzazadə kimi “səriştəli mütəxəssisi” isə irəli çəkərək Neftçala şəhər inzibati dairəsi üzrə nümayəndə təyin edir və o da əhali qarşısında yalan vədlərlə tamaşa göstərir. Öz fəaliyyəti dövründə heç bir müsbət cəhəti ilə fərqlənməyən Gültəkin Sadıqova kimi “görkəmli kadro” isə İcra aparatının hümanitar və sosial məsələlər şöbəsinin müdiri təyin edir. İcra başçısının bu “kadro siyasəti”nin arxasında yeganə bir məqsəd var: bacardıqca dövlət vəsaitini daha çox talamaq və öz sərvətlərini artırmaq. Əgər belə olmasaydı, Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış Mərkəzin qarşısında əkilmiş ağaclar susuzdan qurumaz, Mərkəzin ətrafını ot-alaq basmaz, Mərkəzin şüşələri toz-torpaq içində olmaz, ən azı ildə bir dəfə təmizlənərdi.
Rayonda kim bu nöqsanlar barədə danışırsa, anındaca Humanitar və Sosial Məsələlər şöbəsinin müdiri Gültəkin xanımın hədə-qorxusu ilə üzləşir: ”İsmayıl müəllimə sataşanların oğul-uşaqları yox olar, o güclü adamdır və ona heç kim heç nə edə bilməz.” Sözün qısası, Neftçala camaatı icra başçısının təbii fəlakətdən də dəhşətli olan “kadro siyasəti” ilə üz-üzə qalıb. Və rayon sakinləri ölkə başçısından kömək gözləyir”. Məktub müəllifi Heydər Əliyev Mərkəzinin real vəziyyətini əks etdirən fotoları da bizə göndərib.
NUH.az