Dövlətin, yoxsa Abdullayev və Heydərovun atalıq qayğısı..?
Bu gün ölkə mediası az qala bir-biri ilə yarışırmış kimi “Nazir döyüşdə ayaqlarını itirən əsgərə ev verdi”, “Kəmaləddin Heydərovdan inqilab sayılacaq addım” başlıqlı xəbərlər paylaşıb.
Məlumat üçün qeyd edim ki, bir neçə gün əvvəl, həmin media orqanları “Rövnəq Abdullayev şəhid pilotların ailələrinə ev bağışladı” başlıqlı xəbəri həvəslə yaymışdılar. ( Düzdür, bir neçə dəqiqə sonra xəbər saytlardan təcili yığışdırıldı)
Və ən əsası xəbərdə xüsusi olaraq qeyd olunurdu ki, “ Bu addım SOCAR prezidentinin öz təşəbbüsüdür və şəxsi büdcəsi hesabına verilib”.
Yəqin ki, belə davam etsə, növbəti günlərdə oxuyacağıq ki, “Ziya Məmmədov ayağını itirən əsgərə öz cibindən bahalı protez alıb hədiyyə etdi”.
Ancaq belə davam etməməlidir.
Çünki şəhid pilotların ailəsinə, yaralı əsgərə DÖVLƏT özü sahib çıxmalıdır, hansısa məmur, nazir yox.
Bilirəm, mənim fikirlərimə ağız büzüb “Əşi, bəy verən atın dişinə baxmazlar” deyənlər də olacaq. Olsun.
Birincisi, “Bəyin verdiyi at.." onun özünün-dədəsinin-babasının malıdır.
İkincisi və ən əsası DÖVLƏT-i ikinci, arxa plana keçirməkdə məqsəd nədir..? Əsas problem budur.
Axı, bu yanaşma ilə dövlət qurmaq mümkün deyil.
Sözün düzü, mənim nə Kəmaləddin Heydərov, nə də Rövnəq Abdullayevin personası ilə işim yoxdur. Amma ortada dövlət məsələsi var.
Axı, hörmətli Kəmaləddin Heydərov da, Rövnəq Abdullayev də dövlət məmurlarıdır, biznesmen, iş adamı, sahibkar, xeyriyyəçi deyillər. Bunların necə şəxsi büdcəsi ola bilər..?
Əlbəttə, torpaqlarımız uğrunda döyüşən əsgərə də, həlak olan pilotların ailələrinə də qayğı göstərmək müqəddəs işdir. Ancaq dövlətin adından. Şəhid ailəsi niyə hansısa məmurun qarşısında gözükölgəli olmalı, özünü ona borclu hesab etməlidir..?
Ən yaxşı halda hər iki məmur başçılıq etdikləri qurumun adından hökumətə müraciət edib, razılıq aldıqdan sonra ( ! ) ehtiyat fond-filan hesabına bu addımı ata bilərlər. Yoxsa şəxsi təşəbbüsü ilə öz büdcəsindən kiməsə ev bağışlamaq dövlətçilik təfəkkürünə, dövlət maraqlarına uyğun gəlmir.
Həm də bu “hədiyyə”ləri bu dərəcədə reklam etmək heç bir əndazəyə sığmır.
Bəlkə də bu reklamdan heç cənab Heydərovun və Abdullayevin xəbəri yoxdur, sadəcə onlara “xidmət” göstərmək istəyənlər canfəşanlıq edir.
Amma unutmamalıyıq ki, hər iki məmurun əlində kifayət qədər media orqanları var. Və hər ay həmin media orqanlarına böyük məbləğdə pullar ayrılır.
Doğrudanmı, həmin media orqanları öz “xozeyin”lərinin imicini qoruya bilmir..?
Bəs belə olan halda həmin media dövlətin imicini necə qoruyacaq..?
Yeri gəlmişkən, “4 günlük müharibə” həmin media orqanlarının nəyə qadir olduğunu bir daha ortaya qoydu.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli