Dərc edilib: 14-04-2025

https://www.nuh.az/41395-.html

Saxta generala - 8 il 6 ay həbs verildi

14.04.2025 15:27:39

Maqazin

Ötən ilin fevralında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi üzrə həbs edilən Mirdaməd Əzizova hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, 36 yaşlı Mirdaməd Əzizov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, M.Əzizov özünü daha çox əmlak eksperti kimi tanıdıb. O, yutub platformasında və digər resurslarda ekspert kimi çıxışlar edərək videolar paylaşıb. Bundan başqa, M.Əzizovun bir müddət əvvəl saxta general-mayor rütbəli forma ilə fotoları yayılıb.

İlkin araşdırmalar zamanı M.Əzizovun özünü BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqlarının Müdafiə komitəsinin eksperti, beynəlxalq informasiya agentliyinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi də təqdim etməsi üzə çıxıb. O, bir sıra xarici ölkələrdə rəsmi səfərlərdə olması barədə məlumatlar yayıb.

İstintaq zamanı Mirdaməd Əzizovun bir neçə vətəndaşı aldadaraq onların MİDA layihəsindən mənzil almasını həll edəcəyinə dair vəd verməsi və 430 min manatdan artıq pulu dələduzluq yolu ilə alaraq ələ keçirməsi müəyyən edilib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib