Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
"Professor Klesovun araşdırması "xalqlar rəhbəri"nin milliyyəti barədə əsl həqiqətə işıq salıb..."
Fantastik əsərlərdə tez-tez insanların, xüsusilə də tanınmış alimlərin, siyasətçilərin, yaradıcı ziyalıların klonlaşdırılması mövzusuna toxunulur.
Müasir elm hələ bu səviyyəyə çatmayıb, lakin dövrümüzün tanınmış simalarının DNT-si üzərində tədqiqatlar aparılır.
Moderator.az xəbər verir ki, bu barədə "russian7.ru" nəşri yazıb.
Nisbətən yaxın keçmişdə "xalqlar rəhbəri" Stalinin DNT-sinin analizi aparılıb və bu, onun mənşəyi ilə bağlı bəzi detalları aydınlaşdırıb.
Söhbət nədən gedir?
Hazırda Stalinin klonlaşdırılması məsələsi gündəmdə deyil və yaxın gələcəkdə də bu, çətin ki, mümkün olsun. Lakin onun mənşəyini aydınlaşdırmaq bir çoxlarını maraqlandırıb. Məsələ ondadır ki, tarixi sənədlərdə Stalin haqqında milliyyət baxımından fərqli məlumatlar yer alır.
O, Gürcüstanın Qori şəhərində anadan olub və rəsmi tərcümeyi-halında atasının gürcü olduğu göstərilir. Lakin, məsələn, Osip Mandelştam, Lev Trotski və Stalinlə şəxsən tanış olan bir çox digər şəxslər onun osetin mənşəli olduğunu bildirib. Bu məsələni professor Anatoli Klesov araşdırmaq qərarına gəlib.
"Stalinin DNT-si"
Zaman məhdudiyyətləri səbəbindən artıq onun cəsədindən ən azı mövcud üsullarla bioloji material götürmək mümkün deyil. Buna görə də DNT nümunəsi Stalinin nəvəsi, aktyor və rejissor Aleksandr Burdonskiden (Stalinin oğlu Vasili Stalinin oğlundan) götürülüb.
Klesovun apardığı tədqiqatlar göstərib ki, Burdonskinin ata tərəfdən mənşəyi Osetiyaya gedib çıxır. "İosif Stalinin DNT-si tipik osetin haplotipidir, bu da osetinlərin böyük bir haplotip qrupuna aiddir", - professor nəticə çıxarır.
O, bu qənaətə sırf elmi sübutlar əsasında gəlir, yəni DNT-də G2a haploqrup varyasiyasının mövcudluğuna əsaslanır. Bu haploqrup əsasən Şimali Osetiya əhalisinə xasdır. Araşdırmalara görə, bu bölgədəki insanların 60 faizdən çoxu G2a gen daşıyıcısıdır.
Bu genetik variasiya digər Qafqaz xalqlarında da, lakin bir qədər az rast gəlinir. Məsələn, abxazlar, adığeylər, kabardinlər və çərkəzlər arasında bu genlərə sahib olanların sayı təxminən 40 faizdir. Amma Gürcüstanda G2a genini daşıyanlar əhalinin cəmi 20 faizdən azını təşkil edir.
Stalin Tirolda tapılan qədim insanın nəslindəndir?
Maraqlıdır ki, G2a gen variasiyasının daşıyıcısı 1991-ci ildə tapılmış, Avropanın qədim sakinlərindən olan mumiyalaşmış insan da olub. Bu, Tirolda- Etstal Alp dağlarında tapılmış "Tirol adamı"dır. O, təxminən 5 500 il əvvəl yaşayıb.
Onun genetik profili müasir avropalılara xas deyil və bu, bəlkə də, müasir avropalıların qitədə nisbətən sonradan meydana çıxması ilə izah olunur. O dövrdə isə burada əsasən Qafqazdan gələn insanlar yaşayıb.
Genetik məlumatlara əsasən, Avropaya ilk "köç" dalğalarından biri təxminən 25-30 min il əvvəl Şimali Mesopotamiyadan Qafqaz yolu ilə baş tutub. Beləliklə, Stalin bu qədim Homo Sapiens nümayəndələrinin uzaq nəslindən biri sayılır.