Dərc edilib: 13-04-2025

https://www.nuh.az/41382-.html

Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi

13.04.2025 14:24:20

LIVE

Suriyanın yeni hökumətində türkmən hərbi rəhbərin yüksək vəzifəyə təyin olunması bölgədə diqqət çəkən hadisəyə çevrilib.

Musavat.com xəbər verir ki, müxalif qüvvələrə bağlı “Sultan Mürad” diviziyasının komandanı, general Fehim Ərtoğrul İsa Suriyanın müdafiə nazirinin müavini və Şimal bölgələrinin komandanı vəzifəsinə gətirilib.

“Sultan Mürad” diviziyası 2013-cü ildə yaradılıb və əsasən Suriya türkmənlərindən ibarət olan, ölkənin şimalında fəaliyyət göstərən ən təsirli müxalif hərbi birləşmələrdən biridir. Bu qüvvə Bəşər Əsəd rejiminə qarşı vətəndaş müharibəsi dövründə bir çox ön cəbhələrdə aktiv iştirak edib.

Bu təyinat, həm də Suriyanın keçici prezidenti Əhməd əş-Şaraanın siyasi iradəsi ilə üst-üstə düşür. Əş-Şara ölkədə sülh, birlik və ərazi bütövlüyü naminə bütün siyasi və silahlı qrupları eyni bayraq altında birləşdirməyə çalışır. Onun istər müxalifət dövründə, istərsə də indi, hakimiyyətdə olduğu mərhələdə türkmən döyüşçülərə və komandirlərə göstərdiyi yüksək etimad, onların fədakarlığına və Suriya uğrunda sədaqətinə dərin inamdan qaynaqlanır.

Əhməd əş-Şaraa bu inamı yalnız onların hərbi fəaliyyətinə görə deyil, həm də Türkiyənin – türkmənlərin arxasında duran güclü bir dövlətin – varlığına əsaslanaraq nümayiş etdirir. O, bilir ki, müstəqil və sabit Suriya ideyasını dəstəkləyən Türkiyə ilə möhkəm əməkdaşlıq bu etimadın arxasında duran əsas amillərdən biridir.

Analitiklər bu təyinatın türkmənlərin siyasi-hərbi proseslərdəki rolunu artıracağını və yeni Suriyanın qurulmasında mühüm amilə çevriləcəyini bildirirlər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib