Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK lideri Abdullah Öcalanla ilə görüşən DEM Partiyası heyətini qəbul edib.
Yeniavaz.com “Haberler.com”a istinadla xəbər verir ki, Ərdoğan sözügedən partiyanın millət vəkilləri Pervin Buldan və Sırrı Süreyya Önderlə görüşüb.
Görüşdə eyni zamanda, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Efkan Ala iştirak edib.
“Terrorsuz Türkiyə” prosesinin yol xəritəsi ilə bağlı görüş prezident iqamətgahında baş tutub.
Qeyd edək ki, fevralın 27-də PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalan PKK üzvlərinə müraciət edərək silahı yerə qoymağa və təşkilatı ləğv etməyə çağırıb. Daha sonra terror təşkilatı Abdullah Öcalanın çağırışına əməl edəcəklərini və atəşkəslə razılaşaraq onu həyata keçirəcəklərini bəyan edib.
Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb. Öcalan ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəz edilib.