SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
Odessa yaxınlığındakı kiçik kənddə adi fəhlə ailəsində dünyaya gələn uşağın taleyinə SSRİ dövrünün ən məşhur fırıldaqçılarından biri olmaq yazılıb. Viktor Zabolotnı uşaqlıqdan qeyri-adi zəka və mürəkkəb həyat vəziyyətlərini qabaqcadan hesablamaq qabiliyyətinə malik olub.
Valideynlərinin heç ağlına da gəlməzdi ki, oğulları bir gün bütün dövlət sistemini aldatmağa qadir olan cinayətkar dahiyə çevriləcək.
Hələ məktəb illərində Viktor Zabolotnı qeyri-adi hiyləgərlik və bacarıq nümayiş etdirib. O, danışıqlar aparmağı, inandırmağı və hətta böyükləri manipulyasiya etməyi bacarıb. Bu keyfiyyətlər sonralar SSRİ-də kölgə iqtisadiyyatı dünyasını yaradan Viktor Zabolotnının əsas silahına çevrilib.
Zabolotnının mühasib peşəsini seçməsi təsadüfi olmayıb. O, başa düşüb ki, maliyyə sənədləri əsl fırıldaqçı üçün xəzinə xəritəsi kimidir. Viktor Odessa vilayətində kiçik dövlət qurumlarında işləyərək sovet bürokratik aparatının mexanizmlərini tez mənimsəyib. İlk cinayətlər kiçik olub - xırda oğurluqlar, saxta ezamiyyə xərcləri, sənədlərə əlavələr. Hər dəfə o, sistemi aldatmağı bacaranda özünü daha üstün hesab edib.
Sovet İttifaqında insanların çoxu kasıb olmayıb, amma onlar əsas tələbat mallarını qıtlıq olduğu üçün əldə etməkdə çətinlik çəkiblər. SSRİ və ABŞ arasında 1950-ci illərdən başlamış kosmik tədqiqatlar və silahlanma yarışına külli miqdarda vəsait xərclənməsi vəziyyəti daha da qəlizləşdirib. SSRİ kosmosa insan göndərən, nüvə silahı və yüksək texnologiyalı ballistik raketləri olan bir dövlət olub, lakin bütün bunlar çox baha başa gəlib.
Yeni iş yerlərinin statistikaya daxil edilməsi ilə hökumət hesab edib ki, “düzgün” yoldadır. Nəticədə palto və ya çəkmə almaq üçün saatlarla növbədə durmalı olan insanların həyatı digər ölkələrə varlığını sübut etdirməyə çalışan SSRİ üçün əhəmiyyətsiz olub.
1970-ci illərin ortalarında yaranan boşluqlardan istifadə edən Zabolotnı artıq Odessa vilayətinin əsl cinayət kralı olub. Onun tərtib etdiyi sxem mürəkkəbliyi ilə seçilib. O, uydurma məşğulluq sənayesi yaradıb. Burada mövcud olmayan onlarla işçi ona inanılmaz gəlir gətirib. Sovxozlarda, kolxozlarda heç vaxt mövcud olmayan insanlar peyda olublar.
Onların təfərrüatlı şəxsi sənədləri, əmək kitabçaları, hətta tibbi arayışları da qeydiyyatda olub. Hər bir belə “ölü can” ayda 2500 rubla qədər gəlir gətirib. 2500 rubl isə o zaman çox böyük vəsait idi.
Zabolotnının sxemi ilə bağlı ən təsirli nüans saxtakarlığın özü deyil, onun qurduğu korrupsion əlaqələr sistemi olub. O, bütün səviyyələrdə məmurlarla - rayon rəhbərliyindən tutmuş yerli Dövlət Təhlükəsizlik Komitəsinin nümayəndələrinə qədər danışıqlar aparıb.
Onun üsulları zərif və təsirli olub. Kiminə villa verib, kiminə xaricə səyahət təşkil edib, kiminə isə sadəcə olaraq külli miqdarda pulla dolu zərf verib. İllərdir cinayətkar fəaliyyəti ilə o, rəsmi hakimiyyətdən daha güclü olan əsl kölgə iqtisadiyyatı yaradıb.
Zabolotnının işləyib hazırladığı pulların nağdlaşdırılması mexanizmini parlaq riyazi tənliklə müqayisə etmək olar. Mürəkkəb əməliyyat zəncirləri, mühasibat sənədlərinin ustalıqla manipulyasiyası - bütün bunlar ona büdcə vəsaitlərini real nağd pula çevirməyə imkan verib. 1973-1978-ci illər arasında o büdcədən 2 milyon rubla yaxın pul oğurlaya bilib. Bu, o dövrdə kiçik bir rayonun büdcəsi olub.
Havadan qazanılan pullar hesabına Viktor həyat şəraitini tamam dəyişib. O, yeni və geniş mənzil əldə edib, tapılmayan məhsullardan yararlanıb, bir sözlə, sovet ölkəsində oliqarx həyat yaşamağa başlayıb. Sistemin böyüməsi, rəqiblərin yaranması və səs-küylü həyat onun imperiyasının sonunu yaxınlaşdırıb.
Zabolotnının ifşası DTK əməliyyatçılarının işi nəticəsində mümkün olub. Müstəntiqlər həftələrlə sənədləri öyrənməyə, yüzlərlə şahidi dindirməyə və onun cinayət fəaliyyətinin ən xırda təfərrüatlarını araşdırmağa sərf ediblər.
Məhkəmə sürətli və amansız olub. Ən yüksək cəza tədbiri - edam sovet quruluşuna meydan oxuyan adam üçün yeganə mümkün hökm kimi görünüb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün