Dərc edilib: 10-04-2025

https://www.nuh.az/41341-.html

Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı

10.04.2025 14:06:46

LIVE

“İdeal” saytı və eyni adlı partiyanın rəhbəri Nazim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Nazim Quliyevin vəkili vəsatət qaldıraraq ibtidai istintaqa prosessual rəhbərlik etmiş müstəntiqin şahid qismində dindirilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmədə istintaqın yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edərək Nazim Quliyevin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.

Prokuror bildirib ki, zərərçəkənlərdən yalnız biri ilə barışıq əldə olunub.

Təqsirləndirilən şəxsin vəkili çıxış edərək N. Quliyevə bəraət verilməsini xahiş edib.

Nazim Quliyev son söz deyib. O, cinayət törətmədiyini, barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Nazim Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İş üzrə ona qaldırılan mülki iddialar qismən təmin edilib. Hökmə əsasən, onun üzərinə həbs qoyulmuş mənzili və evinin satışından əldə olunacaq məbləğ zərərçəkmişlərə ödənəcək. Digər evləri və maşının üzərinə qoyulan həbs isə götürüləcək.

Qeyd edək ki, Nazim Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə); 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə); 182.2.2 (hədə-qorxu ilə tələb etmə- təkrar törədildikdə) və 182.2.4 (hədə-qorxu ilə tələb etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə İftixar Həsənov, Səlfəddin Şirinov, Natiq Zeynalov, İlahə İlyasova və Cəlaləddin Cəfərov zərərçəkmiş qismində tanıdılıb.

Nazim Quliyev 2009-cu ildə rüşvət, hədə-qorxu ilə tələb etmə və digər cinayətlərdə ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilib. O, 2020-ci ildə vaxtından əvvəl azadlığa buraxılıb.

АPА

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib