Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
Musavat.com xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar, Prezident İlham Əliyevin Bakıda keçirilən “Yeni Dünya Nizamına Doğru” adlı beynəlxalq forumdakı çıxışına yüksək dəyərləndirmə verib.
Prezident Tatar bəyan edib ki, Azərbaycan liderinin Kıbrıs türklərinə dair ədalətli mövqeyi və xüsusilə də Şimali Kiprin beynəlxalq hüquqa əsaslanan müstəqilliyinin tanınmasına verdiyi dəstək onları çox məmnun edib:
“Prezident İlham Əliyevin açıqlaması bizləri son dərəcə sevindirdi. Bu güclü və açıq dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edirəm. O, xatırlatdı ki, Annan Planına KKTC ‘bəli’, Cənubi Kipr isə ‘xeyr’ dedi. Amma nəticədə AB-yə qəbul edilən tərəf məhz Cənubi Kipr oldu. Bu, ikili standartların bariz nümunəsidir.”
Tatar həmçinin vurğulayıb ki, Azərbaycan ilə Şimali Kipr arasında həm qəlbi bağların, həm də ortaq dəyərlərin daha da möhkəmlənməsi, eyni millətin ayrılmaz parçası kimi münasibətlərin inkişafı böyük sevinc doğurur.
“Cənab Prezidentə bir daha təşəkkür edirəm. Ümid edirəm ki, qardaşlığımız və əməkdaşlığımız sonsuza qədər davam edəcək,” – deyə KKTC lideri bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyev çıxışı zamanı Şimali Kiprin beynəlxalq arenada tanınması istiqamətində Azərbaycanın dəstəyinin davamlı olacağını bəyan etmişdi.