DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi ittihamı ilə bağlı üç nəfər - Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizov cinayət məsuliyyətinə cəlb olunub.
Onlar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Prosesdə tərəflər hər hansı vəsatətlə çıxış etməyiblər.
Məhkəmə işin baxış iclasını aprelin 22-nə təyin edib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə təqsirli bilinən şəxslər 10 ildən 14 ilədək azadlıqdan məhrum edilə bilərlər./Qafqazinfo.az./