12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
Dövlət və ictimai-siyasi xadimlərə sui-qəsd planlaşdırmaqda və başqa ağır cinayətlərdə ittiham olunan Elşən Nəcəfovun məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Məhkəmə belə qənaətə gəlib ki, Elşən Nəcəfova verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlar, həmçinin səs yazıları, şahid ifadələri ilə təsdiqini tapıb.
Hökmə əsasən, E.Nəcəfov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Müttəhim son sözlə qapalı məhkəmə iclasında çıxış etmək istədiyini bildirib və xahişi qəbul edilərək prosesin son mərhələsi qapalı keçirilib.
Qeyd edək ki, 40 yaşlı Elşən 12 il Elm və Təhsil Nazirliyində işləyib, nazirliyin dəftərxana şöbəsinin baş məsləhətçisi olub.
Elşən ictimai tədbirlər zamanı xarici dövlət rəsmilərinə və Azərbaycanın dövlət, ictimai-siyasi xadimlərinə qarşı terror aktı törətməyə hazırlaşmaqda ittiham olunub. İstintaq zamanı onun bu niyyətini təsdiqləyən səs yazıları aşkar edilib. Həmin yazılarda Nəcəfov əlbir olduğu şəxsə hücum planları barədə məlumat verir.
O, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Məhkəmə qərarı ilə Elm və Təhsil Nazirliyində iş otağına baxış keçirilib, xidməti kompüterində axtarış aparılıb.
E.Nəcəfova qarşı Cinayət Məcəlləsinin 28, 277-ci (dövlət və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq), 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.2-ci (dövlət əleyhinə yönəlmiş təkrar açıq çağırışlar) və 167-3.1-ci (dini ekstremist materialların hazırlanması, yayılması və ya saxlanması) maddələri ilə yekun ittiham elan edilib.