Dərc edilib: 08-04-2025

https://www.nuh.az/41311-.html

Ağdaban faciəsindən 33 il ötür

08.04.2025 00:39:28

Hadisə

Bu Azərbaycanın tarixində qanlı səhifələrdən biri olan Ağdaban qətliamının növbəti ildönümüdür.

Musavat.com xəbər verir ki, erməni silahlı birləşmələrinin 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində törətdiyi vəhşiliklərdən 33 il keçir.

Cəmi 130 evdən ibarət olan Ağdaban kəndi həmin gecə tamamilə yandırılıb, yerlə-yeksan edilib. Kəndin 779 nəfər dinc sakini dəhşətli işgəncələrə məruz qalıb. Qətliam nəticəsində 32 nəfər amansızlıqla öldürülüb. Onlardan 8-i 90-100 yaşlı qoca, 2-si azyaşlı uşaq, 7-si isə qadın olub – onlar diri-diri yandırılıb.

Faciə zamanı həm də Azərbaycanın ədəbiyyat və mədəniyyətinə böyük zərbə dəyib. Tanınmış şair Ağdabanlı Qurbanın və aşıq sənətinin klassik simalarından olan Dədə Şəmşirin əlyazmaları erməni vandalizmi nəticəsində məhv edilib.

Bu dəhşətli qətliama ilk dəfə hüquqi-siyasi qiyməti Ulu Öndər Heydər Əliyev verib. O, Ağdaban faciəsini bəşəriyyətə qarşı törədilən ən böyük cinayətlərdən biri kimi qiymətləndirib və bu hadisəni bütün insanlıq adına utanc kimi səciyyələndirib.

Ağdaban qətliamı erməni silahlı birləşmələrinin Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin daha bir acı nümunəsidir. Bu gün həmin qanlı hadisənin qurbanları dərin ehtiramla anılır. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib