7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
"Bu gün Azərbaycanda üçuşaqlı ailələr çoxuşaqlı ailələr hesab olunur”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli valideynlərin uşaq sayına görə daha tez pensiyaya çıxması ilə bağlı təklifə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu gün ailələrdə 3 uşaq nadir hallarda doğulur:
"Bu gün Azərbaycanda beşuşaqlı ailələrin sayı bəlkə də 100-200 arasındadır. Bu 100-200 ailədə də beş uşağa çox nadir rast gəlinir. Bu 7 milyon əhali arasında təsadüfi haldır. Ailələrin sayı 3 milyondan çoxdur. 3 milyonun içində 200 nəfər təsadüf kimi bir şeydir. Parlamentdə 7 milyon əhalini nəzərə almadan, 200 nəfərin pensiyaya tez çıxması məsələsi müzakirə olunur".
Bu gün Azərbaycanda orta statistik ailə 4 nəfərdən ibarətdir - 2 valideyn, iki uşaq. Bir çox hallarda bu say 3 nəfər olur - bir uşaq, 2 valideyn. Belə olan halda Azərbaycanda çoxuşaqlı ailə üçuşaqlı ailələr sayılmalıdır”.

Ekspert sovet dövründə 5 uşaqdan çox uşağı olan ailələrin çoxuşaqlı ailələr hesab olunduğunu xatırladıb:
"Amma o vaxt 10-14 uşaqlı ailələr də vardı. Hər kənddə çox uşağı olan 50-60 ailə vardı. 5 uşaq minumum idi. Bu gün ailələrdə ən çox halda iki uşaq doğulur. 3 uşaq çox nadir hallarda olur. Ona görə də Azərbaycanda üçuşaqlı ailələr çoxuşaqlı ailələr hesab olunmalıdır”.
Qeyd edək ki, Milli Məclisdə valideynlərin uşaq sayına görə daha tez pensiyaya çıxması təklifi müzakirə olunur. Deputat Vüqar Bayramov Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib ki, 5 uşağı olanla 5-dən çox uşağı olanların pensiya güzəşti eynidir.
"Halbuki, uşaqların sayına görə pensiya yaşının azaldılması daha məqsədəuyğun olardı. Bu halda daha çox övladı olan valideynlər daha tez pensiyaya çıxa bilərlər. Bu kontekstdə pensiya yaşının müəyyənləşdirilməsində keyfiyyət meyarlarından istifadə sosial təminat baxımdan da arzuolunandır”, - Bayramov qeyd edib.