Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
Musavat.com xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında fövqəladə siyasi gərginlik yaşanır. Ştatın qubernatoru Qəvin Nyusom prezident Donald Trampın iqtisadi siyasətinə açıq meydan oxuyub. O, Kaliforniyanın Vaşinqtona baxmadan xarici ölkələrlə öz strateji münasibətlərini quracağını bəyan edib.
Nyusom bildirib ki, əgər Trampın sərt idxal rüsumları üzündən xarici tərəfdaşlar ABŞ məhsullarına qarşı analoji cavab addımları atsa, Kaliforniyada istehsal olunan mallar üçün istisna rejimi tələb edəcək. Bu, ABŞ tarixində bənzərinə az rast gəlinən siyasi jest kimi qiymətləndirilir.
Qubernatorun bu cəsarətli açıqlamasının arxasında Kaliforniyanın iqtisadi nəhəngliyi dayanır. Belə ki, ştatın illik ÜDM-si 3,9 trilyon dollardır – bu göstərici Kaliforniyanı dünyanın beşinci böyük iqtisadiyyatı səviyyəsinə çıxarır. Hər il federal büdcəyə 83 milyard dollar ödəyən bu ştat, Texasdan 50% daha güclü iqtisadi göstəricilərə sahibdir.
57 yaşlı Nyusomun bu radikal çıxışları onun 2028-ci il prezident seçkilərinə hazırlaşdığını da təsdiqləyir. Lakin o, Ağ Evə gedən yolu qeyri-adi şəkildə seçib: qubernator bu yaxınlarda elan edib ki, yeni podkastında Trampın tərəfdarları – MAGA hərəkatının (Amerikanı yenidən qüdrətli edək) üzvləri ilə açıq söhbətlər aparacaq.
Bu addım Demokrat Partiyasında böyük rezonans doğurub. Liberal mövqeyi ilə tanınan Nyusomun sağçı dairələrlə dialoqa girməsi partiya yoldaşları tərəfindən tənqid olunub. Amma qubernator əmindir ki, demokratların içində güclənən radikal solun – Berni Sanders və Aleksandriya Okasio-Kortes kimi siyasətçilərin partiyanı uçuruma apardığını vaxtında görmək lazımdır.
Nyusomun dəvət etdiyi mühafizəkar radioaparıcı Maykl Savic isə onu belə xarakterizə edib: “Qəvin çox ağıllı siyasətçidir. Küləyin haradan əsdiyini hiss edir. İndi isə bu külək ya ortadan, ya da sağdan gəlir…”