Futbolçularımız bozbaş yeməyə öyrəşiblər deyə .... – Aqil Abbas
“Legioner olan futbolçularımız heç bir komandada möhkəmlənmədən Bakıya qayıdıb gəlirlər”.
NUH.az xəbər verir ki, bu fikirləri oxu.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.
Millət vəkili bildirib ki, yerli futbolçularımız bozbaş yeməyə öyrəşiblər deyə xaricdə çox qala bilmirlər: “Mənim özüm xaricə gedəndə ac qalıram, yeməklərinə öyrəşə bilmirəm. Amma onlar öyrəşməlidirlər, hər bir çətinliyə dözməlidirlər. Anadan, atadan, bacı-qardaşdan ötrü darıxmalı deyillər. Futbolçularımızın təfəkkürü dəyişməlidir. Futbolu ayaqla yox, ağılla oynayırlar. Haiti kasıb ölkə olsa da, futbolçuları Avropa klublarında oynayırlar".
A.Abbas bəzi azarkeşlərin "milli komanda ləğv edilsin" fikrinə də münasibət bildirib:
"Yox, milli komanda niyə ləğv edilsin ki? Uduza-uduza öyrənəcəyik. Xaricdən komandalarımıza futbolçu gətiririk. Artıq limit də yoxdur. Xaricdən gətirilən futbolçuların bir-iki komandadan başqa hamısı havayı pul yeyənlərdir. Braziliya çayxanalarında oturanları komandalarımıza futbolçu kimi yığırlar. "Neftçi", "Qarabağ" və "Sabah"ı çıxsaq, qalanları uğursuz transferlərdir. Xarici oyunçu olmaqları o demək deyil ki, Pele olacaqlar. Gedib əldən-ayaqdan düşmüş futbolçuları gətirirlər".