Nizami Gəncəvinin məzarını açan şəxs
Nizami Gəncəvinin məzarını açan şəxs arxeoloq İshaq Cəfərzadə olub. O, şairin nəşinin Gəncədəki məqrəbədə dəfn edilməsinə başçılıq edib.
Tanınmış Azərbaycan arxeoloqu və etnoqrafı, tarix elmləri namizədi İshaq Cəfərzadə ilk elmi axtarışlarına Gəncədə başlayıb. O, böyük mütəfəkkir, şair Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar təşkil olunmuş qazıntı işlərinə başçılıq edib. Bu elmi fəaliyyətin nəticəsində qədim Gəncənin yeri dəqiq müəyyənləşdirilmiş, qala divarları, yaşayış yerləri, sənətkar məhəllələri, müxtəlif məişət tikililəri aşkar edilmiş, çoxlu sayda maddi mədəniyyət nümunələri tapılmışdır...
Elmi fəaliyyəti zəngin və çoxşaxəli olan İshaq Cəfərzadənin adı çəkiləndə daha çox "Qobustan qayaüstü rəsimlər" xatırlanır. Bu, təsadüfi deyil. Çünki 1939-1950-ci illərdə Qobustan qaya təsvirlərinin tədqiqi və öyrənilməsi ilk dəfə İshaq Cəfərzadə tərəfindən aparılmış, 1939-cu ildə bu unikal yerlər barədə ilk dəfə dünya elminə məlumat vermişdir.
Qobustan abidələri 1939-cu ildə aşkara çıxarılsa da, İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar (1939-cu ilin sentyabr ayı -M.R) burada geniş tədqiqatların aparılması mümkün olmamışdır. 1947-ci ildən başlayaraq İshaq Cəfərzadənin rəhbərliyi ilə Qobustanda 20 ildən artıq müddətdə ardıcıl, sistemli arxeoloji tədqiqatlar aparılmışdır. Görkəmli alim Qobustanda 730 daş üzərində 5300-dən artıq müxtəlif məzmunlu qayaüstü təsvirlər qeydə almışdır. Bu rəsmlərin hamısı alimin həyat yoldaşı, tədqiqatlarda onun ən yaxın köməkçisi, Azərbaycanın ilk qadın rəssamlarından biri olan Səfiyyə xanım tərəfindən dəqiqliklə kağıza köçürülmüşdü...
İshaq Cəfərzadənin ən məşhur əsəri isə “Qobustan”dır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, alimin uzun illər apardığı tədqiqatların, araşdırmaların nəticəsi olan “Qobustanın petroqlifləri” əsəri dövrünün məkrli insanları tərəfindən məhv edilib. Səfiyyə xanımla birgə qələmə aldığı “Abşeronun qəbir daşları” əsəri isə “Elm” nəşriyyatında yerli-dibli yoxa çıxıb...