Şamil Ayrım : -Ox yaydan çıxıb, Türkiyə böyük dövlət olmaq yolundadır
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım Teleqraf-ın suallarını cavablandırıb.
NUH.az onunla müsahibəni təqdim edir:
- Şamil bəy, Türkiyənin İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində həbs qətimkan tədbiri seçildikdən sonra bu məsələ ətrafında siyasi müzakirələr başlayıb. Hazırkı prosesləri necə dəyərləndirirsiniz?
- Bəli, Əkrəm İmamoğluna qarşı iki ittiham irəli sürülüb. Korrupsiya və terror təşkilatlarına yardımla bağlı istintaq başlayıb. Həbs edilənlər var. Biz də istintaqın nəticəsini gözləyirik və çox detalı bilmirik. Nəticələr istintaqın gedişində üzə çıxacaq. Ona görə də konkret fikir deyə bilmirəm. Amma Əkrəm İmamoğlu haqqında çox ciddi iddialar var.
- Sizcə, Türkiyədə daxili siyasi müzakirələrin ən üst səviyyəyə qalxması necə nəticələnə bilər? Proqnozlar nədən ibarətdir?
- Türkiyədə baş verən siyasi hadisələr normal vəziyyətə qayıdacaq. Türkiyə böyük dövlətdir. Amma bütün hallarda Türkiyə müxalifətində belə bir hadisənin yaşanması xoş deyil. Biz də istəyirik ki, ölkəmizdə güclü müxalifət, güclü iqtidar olsun. Müxalifət təəssüf ki, bu günlərdə gərgin bir zaman keçirir. Proseslərin necə bitəcəyini gözləyib görəcəyik. Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultayında prosesdən necə çıxacaqları ilə bağlı qərar veriləcək. İstanbuldakı korrupsiya iddiaları ilə istintaq davam edir. Sözsüz ki, hazırda Türkiyənin bir çox problemləri var. İqtisadi təhdidlər çox güclüdür. Eyni zamanda xaricdən gələn təsirlər də var. Bunları aradan qaldırmaq çox da asan deyil. Ona görə də Türkiyə xalqının birlik, bərabərlik içində yaşaması bizim üçün ən önəmli məsələlərdən biridir. Prezident Rəcəb Tayyib Ərdoğan terrorsuz bir Türkiyənin olmasına çalışır. Bizim iqtidar partiyası olaraq bütün məqsədimiz bu durumu olduğu kimi saxlamaqdan ibarətdir. Ölkəmizdə yaşayan 86 milyon vətəndaşımızın birlik, bərabərlik, hüzur və sülh içində yaşamasını təmin etməkdir. Bu məsələdə iqtidar partiyası olaraq əlimizdən gələni etməyə çalışırıq.
- Necə düşünürsünüz, qardaş ölkədə yaşananlarla bağlı xarici ölkələrin təsiri varmı?
- Təbii ki, Türkiyənin güclü olmasını istəməyən ölkələr var. Onlar Türkiyənin müdafiə sənayesinin, sağlamlıq sisteminin zəif olmasını, müdafiə sənayesi sahəsində bütün silahları özləri satmaq istəyirlər. Türkiyə hərbi sahədə istehsal etməsin. Artıq ox yaydan çıxıb. Türkiyə hər mövzuda böyük dövlət olmaq üçün mübarizə aparır. Xüsusilə, Donald Trampın Amerika Birləşmiş Ştatlarının prezidenti seçildikdən sonra Qəzza ilə bağlı planı, Ukraynaya müdaxilə etməsi, oranın zəngin mədənlərini işlədəcəyəm deməsi və digər hadisələr Avropa ölkələrində də narahatlıq yaradıb. Avropa ölkələrinin bir çoxu Türkiyəyə səfər etdilər. Çünki bu gün NATO-nun ən güclü böyük ikinci ordusu Türkiyəyə məxsusdur. Beləliklə, Avropa ölkələri Türkiyə ilə əməkdaşlıq etmək istəyirlər. Hadisələr bu müstəvidə davam edir. Bir tərəfdən Suriyada baş verənlər, digər tərəfdən Ermənistanın təxribatları də Türkiyənin diqqətindən yayınmır. Bu çox çətin prosesdir. Bizim üçün önəmli olan daxilimizdəki birlik, bərabərlik təmin etməkdir. Avropa, sözsüz ki, güclü bir Türkiyə istəmir. İllərdir ki, türk, müsəlman düşmənçiliyini birlikdə görürük. Bu hal daha da inkişaf etdi. Ancaq son zamanlar Avropada bir çox dövlətlər Türkiyənin mövqeyini, gücünü görməyə başladılar. Hazırda Avropa dövlətləri, Yaxın şərq dövlətləri və Amerika arasında çox ciddi ikili təmaslar var. İnşallah daha yaxşı olacaq.