Dərc edilib: 11-03-2025

https://www.nuh.az/40923-.html

Hacı Zeynalabdin Tağıyevlə Nərimanovun məşhur mübahisəsi: Cibində bir qəpik pulu yoxdur…

11.03.2025 18:21:58

LIVE

Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov Musavat.com-a geniş açıqlamalar verib və azərbaycanlı milyonçu, xeyriyyəçi, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevlə bağlı maraqlı faktlar danışıb.


FERHAD.jpg (53 KB)


Tarixçi Nəriman Nərimanovla Tağıyev arasındakı inciklikdən də söz açıb:

“1906-cı ildə Azərbaycan müəllimlərinin ilk qurultayı keçirilirmiş. Orada hökumətə hansı tərzdə müraciət edilməsi ilə bağlı mübahisə düşüb. Nərimanov və nisbətən gənc müəllimlər deyirdilər ki, hökumətdən tələblər edilməlidir. Həsən bəy Zərdabi kimi nisbətən yaşlı və təcrübəli insanlar isə deyirdilər ki, tələb yox, xahiş etmək lazımdır.

Onlar deyirdilər ki, “tələb edirik” yazılsa, Rusiya Azərbaycan dilində olan məktəblərin açılması ilə bağlı heç bir hüquq verməyəcək. Orada bu barədə mübahisə düşür, iclası aparan deyir ki, ağılla düşünmək lazımdır. Bu an Nərimanov ayağa durur və deyir ki, ağıl yaşda deyil, başdadır. Bu söz Zərdabiyə çox pis təsir edir və iclası tərk edir. Çünki orada ən yaşlı adam o idi. Bu mübahisənin xəbəri gəlib Hacı Zeynalabdin Tağıyevə çatır. Səhəri gün Tağıyev iclasa gəlir və ucadan deyir: “Siz kimə qulaq asırsınız, kimin arxasınca gedirsiniz? Nərimanov kimdir? Mənim pulumla gedib oxuyub, cibində bir qəpik pulu yoxdur, indi durub yol göstərir. Bu söz Nərimanova toxunur. Deyir: “Mən bilmirdim ki, Hacı gəncləri ona görə pul verib oxutdurur ki, onların öz şəxsi fikri olmasın. Belə çıxır ki, onları pulla susdurur. Mən hamının yanında bəyan edirəm ki, Hacının pulundan imtina edirəm və qəpiyinə kimi qaytaracağam”.

Tağıyev hirslənir, deyir: “Cavanların hamısı belədir, naşükürdürlər, mən bütün tələbələrin pulunu kəsəcəyəm”.

Onu sakitləşdirirlər, hirsi soyuyur, sözünü geri götürür. Sovet dönəmində isə yalandan deyirdilər ki, Nərimanovla Tağıyev arasındakı mübahisənin əsas səbəbi Hacının xalqımızın müstəqil olmasını istəməməsi ilə bağlıdır. Halbuki orada milli müqəddərat məsələsi müzakirə olunmamışdı.

Ən maraqlı cəhət isə odur ki, onların bu cür mübahisəsindən sonra - 1908-ci ildə Bakıya qayıdanda Tağıyevin Qızlar Məktəbində işləyir. İctimai məsələləri heç vaxt şəxsi düşmənçiliyə çevirməyiblər.

Sovet hökuməti qurulanda Hacını indi muzeyə çevrilən evində həbs etmək istəyirdilər. Məsələyə Nəriman Nərimanov qarışdı, ona imkan verdilər ki, ailəsi ilə birgə Mərdəkandakı bağ evinə köçsün. Qızı Sara xanım xatirəsində yazır ki, Nəriman Nərimanovgilə gedib, ona vəziyyəti danışıb. Nərimanov əsgərlərə zəng edib deyib ki, Hacıya toxunmasınlar. Nərimanov onun Mərdəkandakı evinə gedib və Mərdəkan camaatına deyib ki, Hacını qorusunlar”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib