Dərc edilib: 11-03-2025

https://www.nuh.az/40921-.html

Japarov Belarusa qaçan sabiq prezidenti GERİ QAYTARMAQ İSTƏYİR

11.03.2025 17:47:47

LIVE

Qırğızıstan tərəfi 2010-cu ildə devrilmiş keçmiş prezident Kurmanbek Bakiyevin Belarusdan geri qaytarılması məsələsini nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə Qırğızıstanın dövlət informasiya agentliyi "Kabar"a verdiyi müsahibədə dövlət başçısı Sadır Japarov bildirib.

"Kurmanbek Bakiyev ilə bağlı danışıqlar aparılır", – Japarov söyləyib.

Dövlət başçısının sözlərinə görə, Bakiyev vətənində həbs olunmasa, Bişkekə təhvil verilə bilər.

Bundan əlavə, keçmiş baş nazir Sapar İsakovun da geri qaytarılması məsələsi araşdırılır. Qırğızıstan liderinin fikrincə, İsakov korrupsiya hallarını açıqlaya bilər.

"Eyni şey Kurmanbek Bakiyevə də aiddir", – Japarov əlavə edib.

Onun fikrincə, keçmiş prezident bir çox başqa korrupsiya hallarından da danışa bilərdi.

Xatırladaq ki, Bakiyev 2010-cu ilin aprelində inqilab nəticəsində devrilib. Onu mühafizə edən əsgərlərlə müxalifət tərəfdarları arasında baş verən qarşıdurma zamanı 80-dən çox insan həlak olub, yüzlərlə insan yaralanıb. Müxalifətin müqavimətinə baxmayaraq, prezident Bakiyev əvvəlcə Bişkeki, sonra isə Qırğızıstanı tərk etməyə məcbur olub. İki ay sonra respublikanın cənubunda qırğızlarla özbəklər arasında qarşıdurma baş verib və bu münaqişə zamanı 400-dən çox insan həlak olub, mindən çox insan yaralanıb.

Bakiyev öz ölkəsində qiyabi olaraq 30 il müddətinə azadlıqdan məhrum edilib. O vaxtdan bəri qaçmış prezident Minskdə yaşayır. Qırğızıstan bir neçə dəfə onun ekstradisiyası ilə bağlı müraciət edib, lakin hər dəfə imtina alıb.

Keçmiş hökumət başçısı İsakova isə Bişkek İstilik Elektrik Stansiyasının modernləşdirilməsilə bağlı korrupsiya ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib və 2020-ci ildən Qırğızıstanı tərk edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib