Dərc edilib: 27-02-2025

https://www.nuh.az/40733-.html

Tarlaları don vurdu: Bir həftə sonra qiymətlər 50% artacaq

27.02.2025 16:52:57

LIVE

Türkiyədə son günlər müşahidə olunan soyuq hava dalğası və şaxtalar kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurub. Kənd təsərrüfatı mühəndisləri otağı, Adana şöbəsinin sədri Ahencan Tayakısı temperaturun mənfi 8 dərəcəyə qədər endiyini və xüsusilə göyərtilərin donduğunu bildirib. O, bu vəziyyətin bir həftə ərzində istehlakçılara da təsir edəcəyini deyib.

Yenisabah.az xəbər verir ki, Ahencan Tayakısı verdiyi açıqlamada qiymətlərin yaxın günlərdə artacağını gözlədiklərini bildirib. Onun sözlərinə görə, açıq sahədə yetişdirilən kələm, göy soğan, ispanaq və digər yarpaq tərəvəzləri don vurub və məhsul tamamilə məhv olub. Bu isə bazarlarda təklifin azalması səbəbindən qiymətlərin artmasına gətirib çıxaracaq.

Tayakısının sözlərinə görə, istixanalarda yetişdirilən pomidor, bibər və xiyar kimi məhsullar qismən qorunsa da, orada da təxminən 50 faiz məhsul itkisi müşahidə olunur. O, havaların hələ də şaxtalı keçdiyini və təsirlərinin yaxın günlərdə daha çox hiss ediləcəyini vurğulayıb.

Bundan əlavə, son həftələrdə dizel yanacağının bahalaşması səbəbindən şəhərlərə məhsul daşınma xərclərinin də artacağı, bunun da qiymətləri yüksəldən əlavə amil olacağı bildirilir. Tayakısı kənd təsərrüfatı sahəsində yaşanan bu böhranın həm istehsalçılara, həm də istehlakçılara mənfi təsir edəcəyini qeyd edib.

Qeyd edək ki, Türkiyədən Azərbaycana əsasən pomidor, bibər, xiyar və badımcan kimi tərəvəzlər idxal edilir. Xüsusilə qış aylarında, yerli istehsal azaldıqda, Türkiyədən gətirilən məhsullar bazarda mühüm yer tutur. İqlim və hava şəraitindən asılı olaraq bu tərəvəzlərin qiymətində dəyişikliklər müşahidə oluna bilər. Son don hadisələri səbəbindən idxal olunan məhsulların qiymətində də artım gözlənilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib