Dərc edilib: 25-02-2025

https://www.nuh.az/40700-.html

Stalin ABŞ-a belə -аtıbmış- : 11,3 milyard əvəzinə 700 milyon

25.02.2025 22:22:28

İqtisadiyyat

ABŞ müharibələr zamanı SSRİ-yə daha çox yardım edib ya Ukraynaya?


Musavat.com xəbər verir ki, iqtisadçı-ekspert İlham Şaban ABŞ-ın İkinci Dünya Müharibəsi dövründə Sovet İttifaqına etdiyi hərbi yardımla bağlı maraqlı məlumat açıqlayıb.

Onun sözlərinə görə, ABŞ Lend-Liz proqramı çərçivəsində 1941-1945-ci illərdə Sovet İttifaqına o dövrün qiymətləri ilə təxminən 11,3 milyard dollar dəyərində hərbi və iqtisadi yardım göstərib: “O zamanın alıcılıq qabiliyyətindən çıxış edilsə, həmin məbləğ hazırda 180 milyard dollara yaxın vəsait edərdi. Trampın açıqladığı rəqəmə görə, 2022-2024-cü illərdə ABŞ-nin Ukraynaya yardımı 350 milyard təşkil edib”.

Lend-Liz proqramı çərçivəsində Sovet İttifaqına Amerikanın göndərdiyi ən vacib və ən çox tədarük edilən mallar bunlar olub:

1. Nəqliyyat və Texnika:

* 430 min avtomobil, o cümlədən Studebaker yük maşınları, Willys və Ford jip modelləri
* 35 min motosiklet
* 1.900 lokomotiv və 11.000 vaqon

2. Hərbi Avadanlıq:

* 14.000 təyyarə, əsasən P-39 Airacobra, P-40 Warhawk, A-20 Boston və B-25 Mitchell
* 7.000 tank, xüsusilə M3 Lee və M4 Sherman
* 8.000 zenit və tank əleyhinə silah

3. Sənaye Avadanlıqları və Xammal:

* Metallar: 230 min ton alüminium (təyyarə istehsalı üçün həyati vacib idi)
* Təkərlər, rezin və ehtiyat hissələri
* Radiorabitə avadanlıqları və lokatorlar

4. Yanacaq və Kimyəvi Məhsullar:

* 2,7 milyon ton neft məhsulları (benzin, təyyarə yanacağı, yağlar və s.)
* 1 milyon ton kimyəvi maddələr (partlayıcılar və sənaye üçün)

5. Qida Məhsulları:

* 4,5 milyon ton ərzaq, o cümlədən konservləşdirilmiş ət (Spam), quru süd, buğda, şəkər və s. 

 

1547189080_5592643.jpg (384 KB)

İlham Şaban


İ.Şabanın dediyinə görə, müharibədən sonra ABŞ əsasən geri qaytarılmamış texnika və mülki məqsədlər üçün istifadə edilən avadanlıqların qismən ödənilməsini tələb edib: “Amma Stalin göstərilən məbləğlə razılaşmadı və onu ödəməkdən imtina etdi. Səbəbi isə bu oldu ki, Kreml "bunun nəticəsində dünyanın faşizm təhlükəsindən qurtulması üçün birgə işə verilən töhfə" kimi qiymətləndirdi. Sonrakı illərdə məsələ açıq qaldı və yalnız 1972-ci ildə SSRİ ABŞ-la münasibətlərin qismən yaxşılaşması fonunda 722 milyon dollar məbləğində borcu hissə-hissə ödəməyi qəbul etdi.

Lakin Lend-Liz borcu üzrə ödənişlər fasilələrlə həyata keçirildi və borc yalnız 2006-cı ildə tam ödənildi – həmin il sonuncu ödəniş 40 milyon dollardan çox olmuşdu. Beləliklə, Lend-Liz çərçivəsində göstərilən ümumi yardımın yalnız kiçik bir hissəsi SSRİ/Rusiya tərəfindən geri qaytarılıb”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib