Dərc edilib: 17-02-2025

https://www.nuh.az/40550-.html

Azərbaycanın Meksika ilə ticarəti 38 DƏFƏ artıb: Heç nə satmamışıq, amma...

17.02.2025 22:10:16

LIVE

Bu ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcminə görə lider ölkələrin onluğunda maraqlı dəyişiklik baş verib.

Musavat.com Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, gözlənilmədən Meksikanın ölkəmizlə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvarı ilə müqayisədə 38 dəfədən çox artaraq 180,2 milyon dollara çatıb. Ötən ilin yanvarında bu göstərici 4,7 milyon dollara yaxın olmuşdu. Nəticədə Meksika Azərbaycanın idxalındakı payına görə 4-cü yerə yüksəlib.

Meksika ilə ticarətimizin hamısı bu ölkədən idxalımızın payıdır. Bəs bu ölkədən idxalımızı kəskin artıran nədir?

Dövlət Statistika Komitəsinin açıqladığı hesabatdan aydın olur ki, ötən ilin yekununda Meksika ilə ticarətimiz 2023-cü illə(54 milyon dollar) müqayisədə 6 dəfəyə yaxın artaraq 319 milyon dollar təşkil edib. Bu ticarətin 171 milyon 221,43 min dolları Azərbaycanın Meksikadan aldığı 2012,39 kq “Qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər”in payıdır. Bu isə o deməkdir ki, bu ilin yanvarında da Meksikadan qızıl idxalımız davam edib.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu ölkəyə qızılın ən böyük idxalçısıdır. Fond 2024-cü ildə qızıl ehtiyatının həcmin 146,6 tona çatdırıb. Bu, Fondun ümumi investisiya portfelinin 20,6 faizidir. Qurumdan APA-ya verilən məlumata əsasən bu il qızılın inevstisiya portfelində payının 25 faizə çatdırılması nəzərdə tutulur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib