Dərc edilib: 03-12-2024

https://www.nuh.az/39508-.html

TERMENDİZM NƏDİR? - Sabiq millət vəkili Etibar Əliyev

03.12.2024 12:12:33

Cəmiyyət

Yaradıcılığına yaxşı bələd olduğum böyük isapan yazıçısı, Nobel mükafatı laureatı Kamilo Xose Selanın (1916-2002) «Arı pətəyi» romanı nədən bəhs edir?
TERMENDİZM NƏDİR? 

Yazıçı bu romanını İspaniyada çap etdirə bilmədiyindən, kitab Argentinada işıq üzü görüb. Əsər Franko rejimi dövründə Madriddə baş verən əhvalatları əhatə edir. Əsərdə hadisələr 1942-ci ildə Madrid məhəllələrinin birində kiçik bir kafedə cərəyan edir. Romanda mahiyyət etibarı ilə eyni hüquqlu 165 personaj iştirak edir. Kafedə görüşən insanlar fikir mübadiləsi aparır, mübahisələr edir, sonra isə şəhərin nəhəng «pətəyində» itirlər. İnsanlar təlaş içərisindədirlər, elementar tələbatlarını ödəmək üçün sanki həyat proseslərindən yapışıblar. Romanda gözə çarpan hansısa üstün xarakter yoxdur. Yazıçının məqsədi xarakterləri tədqiq etmək olmayıb. O, həyatın axınında kiçik təsadüflərə, istək və rəftarlara bölünmüş bütün xarici rəngarəngliyinə baxmayaraq yeknəsəq görünən prosesləri qələmə almağa çalışır. Selanın qəhrəmanlarına dinsizlik və mənəviyyatsızlıq amansız zərbə vurur. Düzdür, kafenin daimi müştərilərindən biri Martin Marko arada bir dumanlı və ani olaraq «sosial islahatlar» haqqında danışır. Ancaq bu ümumi mənzərəyə təsir etmir.
Romanın ideya məzmunu pessimist düşüncə tərzindən qaynaqlanır: həyat mənasız və məqsədsiz bir prosesdir. Gecənin bir vaxtı kafe tamam boşalır. Ötən günün izləri qəflətən yaddaşını itirmiş adama bənzəyir. Həyat insanı heç kimə lazım olmayan dəyərsiz oyuncağa çevirir. Hərdən bu alleqorik bir mənzərəyə çevrilir. İki uşağın kafedəki stollar arasında fasiləsiz «qatar-qatar» oyunu bir növ insan taleyinin absurdluğunu simvolizə edir. Oyun onlara, demək olar ki, elə bir məmnunluq gətirmir; lakin onlar «həvəssiz və məyus» olsalar belə oyunu davam edirlər. Çünki səhərəcən oynamağa qərar veriblər. Eyni ilə insanlar, nə qədər darıxdırıcı olsa belə, hər gün təkrar olunan oyunda öz rollarını oynayırlar. İnsanın başqa yolu da yoxdur çünki o, «pətəkdən çıxmaq» imkanında deyil. Sela Yazır: «Həyat bizim yaşayıb-yaşamamağımızdan asılı deyil, biz onun daşıyıcılarıyıq».
K.Xose Sela bu romanı ilə ədəbiyyatda tənqidçilər tərəfindən «tremendizm» (ispan dilində «tremendro»-dəhşət, qorxulu) adlandırılan yeni cərəyanın əsasını qoydu. Sabahkı günə inamsızlıq, ailələrin dağılması, kütləvi tənhalıq, zora vərdişlər tremendistlərin əsas mövzularıdır. Sela bu cərəyanı belə xarakterizə edir: «Yalnız həyatın dəhşətləri nəticəsində tremendizm mövcuddur».

NUH informasiya agentliyi səhifəsindən çap edilib