Millət vəkili Əli Məsimli AZƏRİQAZ-ın baş direktoru Azər Məmmədovla görüşüb..
113 saylı Qax-Şəki Seçki Dairəsində Milli Məclisin deputatı Əli Məsimli seçicilərlə görüş zamanı qaldırılan məsələləri aidiyyatı orqanlarla müzakirə etmək üçün görüşlərə başlayıb.
Əhali ilə görüşlər zamanı daha çox qaldırılan məsələlər arasında Qax və Şəki kəndlərinin qazlaşdırılması məsələsi xüsusi yer tutur.
“Azərbaycan Respublikasının regionlarının 2019-2023-cü illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nda Qax və Şəkidə qaz təchizatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi məsələsi yer alsa da, hələ də Qaxın 35, Şəkinin isə 22 kəndi qazlaşdırılmayıb. Bu həm Qaxın, həm də Şəkinin unikal meşə resurslarına, ekologiyasına mənfi təsir göstərir, eyni zamanda qazlaşmayan kəndlərdə yaşayan ailələrin əlavə xərc çəkməsinə gətirib çıxarır ki, bir neçə cəhətdən bu çox ziyanlı nəticələr verir. Bununla əlaqədar olaraq, Əli Məsimli ilk distansiya kimi Azəriqaz İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovla görüşüb. Görüş zamanı Qax və Şəki rayonlarının kəndlərində qazlaşdırma ilə bağlı mövcud durum, vəziyyətin yaxşılaşdırılması imkanları və perspektivləri müzakirə edilib.