Əli Məsimlinin seçicilərlə yeni görüşləri ... FOTOLAR
Avqust ayının 15-də 113 saylı Qax-Şəki seçki dairəsindən VII çağırış Milli Məclisin deputatlığına namizəd Əli Məsimli seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində Qax rayonunun Güllük, Qapıçay, Zərnə və Əmircan kəndlərində yaşayan seçicilərlə görüş keçirmişdir.
Əli Məsimlinin hər bir görüşündə olduğu kimi, bu görüşlərdə də əvvəlcə Dövlət Himni səsləndirildi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Əli Məsimli platforması barədə məlumat verdi. O, qanunvericilik aktlarında son dövürlərdə həyata keçirilmiş dəyişikliklər haqqında məlumat verən zaman yerlərdə məşğulluğun artırılması üçün qanunvericilikdə edilən son dəyişikliklər hesabına özəl sektorda açılacaq iş yerlərinin dövlət tərəfindən minimum əmək haqqı səviyyəsində dəstəklənməsi mexanizminin regionlarda daha geniş miqyasda tətbiqinin zəruriliyindən danışdı.
Qanunvericilik aktlarının təkmilləşdirilməsi məsələlərinə toxunarkən həmin istiqamətlərdən biri kimi dünyasını dəyişmiş insanların topladığı pensiya kapitalının onun varislərinə verilməsinin işlək mexanizminin yaradılması barədə təkliflər hazırladığını görüş iştirakçılarının nəzərinə çatdırdı.
Görüşlərdə iştirakçılar çıxışlarında yaşadıqları kəndlərdə mövcud olan problemləri səsləndirdilər və onların həllinin sürətləndirilməsinin vacibliyini vurğuladılar. NUH.az