Kafedə müştəri xanım ofisiantın başına külqabı ilə vurdu - QƏRAR
Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Habil Əsədovun (şərti) barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 07 iyun 2023-cü il tarixdə, saat 18 radələrində Quba rayonu Timiryazev qəsəbəsi ərazisində yerləşən “480” adlı çay evində qeydə alınıb.
Belə ki, Habil Əsədov pivə içdikdən sonra heç bir əsaslı səbəb olmadan həmin kafedə işləyən X.M.-nin (ad, soyadı şərti olan xanım) baş nahiyəsinə dəmir külqabı ilə vuraraq ona xəsarət yetirib.
Hadisədən sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Quba Rayon Məhkəməsinin hökmü ilə Habil Əsədov 2 il 5 ay müddətinə azadlıqdan məhrum olunub.