9 yaşlı NİL Prezident və Mehriban xanım Əliyevadan kömək istəyir…
Babam Mikayıl İsmayılova deyirəm ki, sənin sərvətində, var - dövlətində gözüm yoxdur, bu bir şərəf, ləyaqət məsələsidir
9 yaşlı Nil Orxan qızı Abbasova Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Ali Məhkəmənin sədri cənab İnam Kərimova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradovaya, Milli Məclisin üzvlərinə müraciə edərək onlardan kömək diləyib.
Müraciəti olduğu kimi dərc edirik:
Atam Orxan Mikayıl oğlu İsmayılzadə ilə anam Fidan Loğman qızı Abbasova 2012-ci ilin may ayında faktiki nikaha daxil olmuş, faktiki ailə münasibətləri 03 sentyabr 2016-cı il tarixədək davam etmişdir. Onların faktiki nikahından 05 may 2015-ci il tarixdə mən dünyaya gəlmişəm.
Lakin atam anamla nə rəsmi nikaha daxil olmuş, nə də atam olduğunu qəbul etməyib. Atamın dediyinə görə, onun ailəsi ( atam SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovun oğludur ) bizi qəbul etmək istəməyib.
Çarəsiz qalan anam Fidan Abbasova məsələni məhkəmə yolu ilə həll etmək üçün “Atalığın müəyyən edilməsi” iddiası ilə Sabunçu rayon məhkəməsinə müraciət edib.
Onu da bildirim ki, mənim ana babam keçmiş hərbçidir, dayım isə döyüş yolu keçib və hazırda hərbi xidmətini davam etdirir. Anam isə təhsilli, ziyalı qadındır. Yəni mənim normal böyüməyim problem deyil.
Cənablar, mən gələcəkdə rəfiqələrim arasında atası məlum olmayan biri kimi olmaq istəmirəm. Və babam Mikayıl İsmayılova və atam Orxan İsmayılzadəyə deyirəm ki, mənim gözüm sizin aşıb-daşan sərvətinizdə deyil, bu bir şərəf məsələsidir.
Anam da məhz bu məqsədlə məhkəməyə müraciət edib. Atalığı müəyyən etməyin isə yeganə yolu DNT testi, genetik analizdir. Anamın da tələbi budur.
Amma məhkəmə qərarına baxmayaraq atam DNT analizi vermək üçün məhkəmənin qərarını icra etmir. Mən anamla dəfələrlə Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nə gedib saatlarla gözləsək də atam Orxan İsmayılzadə gəlməyib. Sual olunur: Niyə gəlmir, məqsədi nədir ? Gəlsin analiz versin, məsələ bitsin.
Atam məhkəmə qərarlarını adi kağız parçası hesab edir, hakimlərin qərarlarını saymır, ancaq bizə hədə-qorxu gəlir, təhdid mesajları yazır. Babam Mikayıl İsmayılov da məhkəmələrə təzyiq edir.
Cənab Prezident !
Hörmətli Birinci vitse-prezidetn Mehriban xanım Əliyeva!
Cənab Ali Məhkəmənin sədri İnam Kərimov !
Hörmətli millət vəkilləri !
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri hörmətli Bahar xanım Muradova !
Mən və anam Azərbaycan vətəndaşıyıq. Mənim uşaq hüquqlarım qorunmalıdır. Əks təqdirdə biz ana-bala ölkəni tərk etmək məcburiyyətində qalacağıq.
Sonda babam Mikayıl İsmayılova bir daha deyirəm ki, sənin sərvətində, var-dövlətində gözüm yoxdur.
Bu bir şərəf, ləyaqət məsələsidir.