Dərc edilib: 28-09-2023

https://www.nuh.az/35436-.html

Tarixi günlər yaşayırıq - Gültəkin Hacıbəyli

28.09.2023 13:04:15

Cəmiyyət

Gültəkin  Hacıbəyli  
Sarsaq "Artsax" rejimi yanvarın birindən özünü buraxdığını bildirib. Xankəndinə Azərbaycan Ordusu daxil olub. Tamaşaçıların çoxsaylı istəkləri üzərinə Ruben Vardanyanın başını əyib qollarını da burdular))). (Hərçənd buna ehtiyac yox idi).
Tarixi günlər yaşayırıq.
On minlərlə insanımızın həyatı, bir milyon insanın zülmü, on milyonun illərlə davam edən depressiyası və mənəvi iztirablarına bais olan 30 ilin lənəti bitmək üzrədir.
Həm də bizə bu zülmü edənlər üçün rüsvayçı sonluqla.
Bu günləri şəhidlərimizə borcluyuq. Bu millət yaşasın deyə gənc arzularını diri-diri torpağa gömən ana quzularına.
Yaşadığı bu qədər zülmə və məhrumiyyətlərə rəğmən xalqımız bu otuz ildə Qarabağın bir qarışından bir an belə vaz keçmədi.
İnandı.
Bu qədər haqsızlıq, ədalətsizlik gördü, şəhidliyin ancaq kasıb balalarının boyuna biçildiyindən, bir məmur, nazir, deputat övladının savaşmadığından incindi, ancaq yenə də "Vətən mənimdir, onu mən qorumalıyam" deyib irəli durdu.
Əslində, 44 günlük savaşda 10 min fərarisi olan Ermənistana qarşı Azərbaycanın bircə nəfər fərarisi olmayanda millətimiz bu Zəfəri qazanmışdı.
Sevincliyəm.
Kövrəyəm.
Yorğunam.
30 ilin yorğunluğu var canımda.
Bu lənət gerçəkdən bitmək üzrədir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib