Dərc edilib: 09-09-2023

https://www.nuh.az/35313-.html

VƏTƏN KEŞİKÇİSİ - ƏSGƏR HEYKƏLİ

09.09.2023 18:17:22

Hadisə

VƏTƏN  KEŞİKÇİSİ-ƏSGƏR  HEYKƏLİ

 

Hər dəfə Bakı şəhərindəki Şəhidlər Xiyabanına yolum düşəndə onun mərkəzi hissəsində qoyulan möhtəşəm "Qalib Əsgər abidəsi" önündə sükutla dayanıb onu hörmət və ehtiramla yad edirəm.Fəxr və fəxarət duyğusu keçirirəm ki, mənim belə qalibiyyət bayraqlı qalib əsgərim var.


Eləcə də Sumqayıt Şəhidlər Xiyabanında ucaldılan "Qalib Azərbaycan Əsgəri" heykəli önündə də bu hissləri keçirirəm.Heç yadımdan çıxmaz.Sovet dönəmində 9 May qələbəsini,41-45-ci illərdə igidlik,qəhrəmanlıq göstərən babalarımızın şərəfinə ucaldılmış abidə komplekslərini ziyarət edər,önündə Vətən andı içərdik.Bizi bu ruhda böyüdürdülər.Bu,böyük Vətənə köklənmişdik.Ancaq sonadək belə olmadı.İnandığımız,etibar etdiyimiz rus imperializmi bizə,doğma Yurdumuza xəyanət etdi.Bədnam qonşularımızla birgə dədə-baba torpağımızı işğal etdi.Sən demə,Şimal küləyinin həzin mehi pərdələnmiş...qasırğanın,tufanın köynəyi altında gizlənmişdir.Hər nə varsa,bəlli oldu bizlərə.Kimin dost,kimin düşmən olduğunu öz gözlərimizlə gördük.Nə qədər ağrı-acı,nə qədər əzab,iztirablar...ayrılıqlar,həsrət duyğuları keçirsək də sınmadıq,əyilmədik.Ayaq üstə durmağı bacardıq.Yenə köməyimizə öz əsgərlərimiz gəldi.Yenə bizə sevinci,fərəhi Milli Ordumuz yaşatdı.Torpaqlarımız  amansız,zülmkar yağılardan azad olundu.İndi istəyirəm ki,mənə azadlığı bəxş edən o əsgər heykəli önündə baş əyəm.İndi istəyirəm ki,o məğrur,vüqarlı əsgərimin önündə Vətən andı içəm!..Əsgər adı çəkiləndə yadıma nələr düşmür?Fikrimdən,düşüncəmdən "Ən böyük Əsgər-bizim Əsgərdir" deyimi keçir.Hər an döyüşə hazır olandır...bizim əsgər!Necə də qoçaq,çevik,cəsarətli,qorxmaz və iradəlidir bizim əsgər.Daxili Qoşunların,Milli Ordunun,Sərhəddimizin,Xüsusi təyinatların və digər qurumların əsgərləri necə də enerjili,dözümlü və mətindirlər.Əsgərlik.Kişilik məktəbi.Belə bir məktəbdə,belə bir məbəddə bərkiyibdir,bişibdir hər bir əsgərimiz...44 günlük Vətən müharibəsində göstərdiyi igidlik,qəhrəmanlıq dillər əzbəri oldu.Dünya hərb tarixində hələ belə şücaət,cəsurluq göstərən əsgər olmamışdır.Amma Azərbaycan əsgəri sübut etdi ki, canımdan keçərəm,torpağımdan keçmərəm.Və ölümün üstünə yeridi,bizim əsgər!Ölüm də ondan çəkindi,ondan qorxdu.Bax,bu idi bizim əsgərin ürəyi!

Azadlıq həmişə qurban tələb edər.Canını qorxmadan fəda edənlər Vətənin böyüklüyünü,onun həyat eşqinin gücünü cəbhədə,səngərdə nümayiş etdirə bildilər...Anaların qucağında,qundağında köç edən körpələr igid əsgər oldu.Böyüyə-böyüyə içlərindəki düşmənə nifrət hissini,qəzəbi də intiqamı da böyütdülər.Və yağıya əsl dərs keçdilər.Vətən dərsi...Həyat dərsi!Torpağımı igid əsgərim azad etdi.Başımı dik yuxarı qaldırmağım da əsgərimin hünərinə oldu.Mənim əsgərim yeriyən,diri şəhidimdir,mənim əsgərim yaralı Qazimdir!Gərək hər yerdə-bütün şəhidlər xiyabanlarında əsgərimə heykəl qoyula.Ürəklərdə ucalan əsgər heykəlləri danışırdı bunları mənə...Danışırdı ki,mən artıq heykəlləşmişəm,daşlaşmışam.Yadelliyə bir sipərəm,bir qalayam!Bu torpağın,bu Yurdun sən dirəyisən!Ordumuzun ürəyisən,Əsgər Heykəli! Həmişə ayıq-sayıqdı.Yuxu gəlməz gözlərinə...oyaqdı,Əsgər Heykəli!Sən ucadan ucasan,Ucaldın ki,torpağını qucasan!Qoy hər yerdə qəlbiləşsin, yüksəlsin...mənim əsgər heykəlim!Əsgər heykəli -bir güc,qüdrət nümayişidir!Sən sadiq bir Vətən keşikçisisən-Əsgər heykəli!Vətənimi gözün kimi qoruyursan!Mənim Əsgər heykəlim! 


 SƏBİRƏ ƏLƏKBƏROVA,
Kənd Təsərrüfatı Nazirliyi yanında AXA-nın Zəngilan rayon şöbəsinin əməkdaşı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib