Prezidentin qızı Gülnarə azadlığı üçün yarım milyard dollar verir
Özbəkistanın ilk Prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova azadlığa çıxmaq üçün ölkənin hazırkı dövlət başçısı Şavkat Mirziyoyevə yarım milyard dollar təklif edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Gülnarə Kərimovanın qızı İman Kərimova instaqram hesabında onun adından məlumat yayıb.
Həbsdə olan Kərimova məktubunda səhhətinin daha da pisləşdiyini və əməliyyat olunmaq üçün azadlığa çıxmalı olduğunu vurğulayıb.
Eks- Prezidentin qızı həmçinin qeyd edib ki, ona aid İsveçrə banklarında saxlanılan 686 milyon dollar vəsaitlə bağlı heç bir iddia qaldırmayacaq.
Gülnarə Kərimova eyni zamanda bildirib ki, 1,2 milyard dollarlıq aktivləri çoxdan onun nəzarətindən çıxaraq dövlət büdcəsinə işləyir.
Xatırladaq ki, G. Kərimova 2017-ci ilin dekabrında qanunsuz yolla 53 milyon dollar mənimsədiyinə görə haqqında hökm oxunaraq həbs olunmuşdu. O, hazırda Daşkəndin 21 nömrəli qadın koloniyasında cəzasını çəkir.