Niyə susursunuz, cənab Heydərov ?
İyunun 27-də DOSTLARI (??) ilə birgə Bilgəh çimərliyində YAXTA (??) gəzintisinə çıxan tanınmış model Günel Mirzəyevanın ölümündən 4 aya yaxın vaxt keçir.
Məlumat üçün bildirək ki, modelin ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisə vaxtı yaxtada kimlərin olması, yəni Günel Mirzəyevanın “dostları”nın kimliyi xeyli müddət cəmiyyətdən gizli saxlanıldı.
Ancaq müstəqil jurnalist araşdırmaları nəticəsində bəlli oldu ki, Günel Mirzəyeva ilə birlikdə olanlardan biri Milli Məclisin əməkdaşı Nailə Sultanova , digəri isə Milli Məclisin üzvü Elmira Axundovanın oğlu Həbib Axundovdur.
Farslar demişkən, xeyli XUB. Burda nə var ki. Deməli, hadisənin iştirakçıları bəlli oldu. Qaldı, ikinci sual: qəzanın baş verdiyi yaxta kimə məxsus olub?
Məlumdur ki, bu tipli yaxtalar Fövqəladə Hallar Nazirliyində qeydiyyatdan keçir. Qəzadan ötən 4 aya yaxın müddətdə NUH.az saytı olaraq öncə cinayət işinin açıldığı Sabunçu rayon prokurorluğu ilə dəfələrlə əlaqə saxlasaq da, hər dəfə işi aparan müstəntiq deyib ki, məsələ mənlik deyil, Baş prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayın.
Baş prokurorluğun mətbuat xidməti isə “Başınızı niyə ağrıdırsınız” deməklə kifayətlənib. Sualın cavabını tapmaq üçün Bakı şəhər prokurorluğunun mətbuat xidməti ilə də əlaqə saxlamışıq. Cavab belə olub: “ İcazə verin Baş prokurorluğun mətbuat xidmətindən icazə alım sonra...”. Beləcə, dairə qapanıb.
Nəhayət məcbur olub yaxtaların qeydiyyatdan keçdiyi FHN-ə müraciət etmişik. FHN-nin “Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti”nin cavabı isə qısa olub: bu istintaq sirridir. Təsəvvür edin ki, qəza baş verib və avtomobilin kimə məxsus olması az qala dövlət sirri, hərbi sirr kimi qorunur. Belə biabırçılıq olmaz, axı.
Doğrudanmı, yaxtanın sahibi bu dərəcədə toxunulmaz adamdır ? Axı, dövlət başçısı hörmətli İlham Əliyev cənabları dəfələrlə qeyd edib ki, Azərbaycanda toxunulmaz adam yoxdur.
Bəlkə, Günel Mirzəyevanı bilərəkdən, qəsdən öldürüblər?
Görəsən, modelin valideynləri niyə uzun müddətdir susurlar?
Modelin dəfnini niyə mətbuatdan gizlətdilər?
Bu məsələ ilə bağlı mətbuatı kim(lər) susdurdu ?
Bu qəza ilə bağlı suallar çoxdur. Zaman onsuz da gec-tez bu suallara aydınlıq gətirəcək. Sonda üzümüzü Baş prokuror cənab Zakir Qaralova və fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərova tutub soruşuruq ki: Cənablar, niyə susursunuz? Yaxta kimə məxsusdur? Qarşı tərəfin və müvafiq orqanların mövqeyini dərc etməyə hazırıq.
NUH.az