“Pulu yalnız Əli Abbasovdan alıb ödəyə bilərəm”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə Rabitə və Yüksək Texnokogiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev dəyən ziyanın ödənilməsi prosesin davam etdiyi üçün məhkəmədən vaxt istəyib.
Təqsirləndirilən Cəlil Cəfərovun vəkili deyib ki, dövləyə dəyən ziyanı tam ödəyiblər və məhkəmədən ədalətli qərar çıxarmasını istəyib. V.Zeynalovun vəkili deyib ki, sonuncu iclasdan bəri 2 milyon manatdan artıq ödəniş ediblər.
"Azərpoçt"un sabiq rəhbəri Qəmbər Bəybalayev deyib ki, dəyən ziyanı ödəmək imkanı yoxdur: “Mən pulu yalnız keçmiş nazir Əli Abbasovdan alıb ödəyə bilərəm. Məhkəmənin yekunlaşmasını istəyirəm. Təbii ki, ittihamı qəbul etmirəm. Kişi kimi işləmişəm, indi də kişi kimi deyirəm ki, burada heç kimin günahı yoxdur. Mən məhkəmədən xahiş edirəm ki, mənə görə prosesi uzatmasınlar. Vidadi Zeynalov və digər təqsirləndirilən şəxslərin hamısı icraçı olub”.
Məhkəmə prosesi iyulun 19-da davam etdiriləcək.
Fotoda: "Azərpoçt"un sabiq rəhbəri Qəmbər Bəybalayev