Leyla Əliyeva Zooparka baş çəkdi - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 80 ildən çox fəaliyyətdə olan Bakı Zooloji Parkında yenidənqurma və bərpa işləri başlayır.
“Qafqazinfo” xəbər verir ki, Leyla Əliyeva iyunun 28-də Bakı Zooloji Parkını ziyarət edərək buradakı mövcud vəziyyət və görüləcək işlərlə tanış olub.
Həyata keçiriləcək təmir-quruculuq tədbirləri çərçivəsində Zooloji Parkın ərazisinin genişləndirilməsi, ziyarətçilər üçün daha rahat məkana çevrilməsi, heyvanların saxlanma şəraitinin yaxşılaşdırılması və ərazidə müxtəlif əyləncə obyektlərinin istismara verilməsi nəzərdə tutulub.
Yenidənqurma işləri nəticəsində zooparkın ərazisi iki dəfə genişləndiriləcək. Heyvanların öz arealına daha yaxın şəraitdə yaşamalarını təmin etmək, həm də sakinlərin və şəhərimizin qonaqlarının rahat və zövqoxşayan ziyarətlərini təşkil etmək məqsədilə zooparkda daha təbii mühit yaradılacaq, müasir dizayn olunacaq.
Zooparkın daxilində azyaşlı uşaqlar üçün ev heyvanlarından ibarət sevimli guşə (pet farm) və kəpənəklər evi də fəaliyyət göstərəcək. Yaralı və xəstə heyvanlar üçün xüsusi karantin zonası və reabilitasiya mərkəzinin də tikilməsi nəzərdə tutulur.
NUH.az