Trampın qərarı dünyanı qarışdırdı, Avropa ABŞ-a qarşı çıxdı
ABŞ prezidenti Donald Trampın Paris İqlim Sazişindən imtina etməsi ilə bağlı verdiyi qərarın ardından İtaliya və Fransa liderləri ilə ortaq açıqlama verən Almaniyanın baş kansleri Angela Merkel daha sonra bu mövzu ilə əlaqədar özü kameralar qarşısına keçib.
"Qaynarinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, Trampın bu addımını tənqid edən Merkel ABŞ-ın bu günə kimi Avropadan görmədiyi ən kəskin münasibətlə qarşılaşacağını vurğulayıb:
"ABŞ prezidentinin Paris İqlim Sazişindən imtina etməsi tamamilə peşmanlıq gətirəcək bir qərardır. Bu qərar dünyamızı qorumağa çalışan qüvvələrin fəaliyyətini dayandıra bilməyəcək. Planeti qorumağımız üçün bu sazişə böyük ehtiyac var".
Paris İqlim Sazişinin tarixi bir hadisə olduğunu deyən Merkel dünyanın kasıb ölkələrinə iqlim yardımı üçün maddi cəhətdən dəstək olmaqla yanaşı ölkəsinin bu müqavilənin şərtlərini sonuna qədər yerinə yetirəcəyini söyləyib.
Qeyd edək ki, müqavilə 2016-cı ilin noyabr ayının 4-də imzalanıb. Sazişə 195 ölkə üzvdür. Paris İqlim Sazişi ölkələrin səbəb olduğu ümumi istixana qazı nisbətini minimum səviyyədə saxlamaq məqsədilə yaradılıb.
NUH.az